XƏYANƏT bəşəriyyətin yaşı qədər yaşlıdır
16-07-2022, 06:06

XƏYANƏT bəşəriyyətin yaşı qədər yaşlıdır.

Xəyanət bəşəriyyətin yaşı qədər bəlkə də müdrikdir. Çoxşaxəlidir. Xəyanət bir insanın bir canlıya, təbiətə, inanclarına, hisslərinə vura biləcəyi ən böyük zərbədir. Xəyanət olmasaydı, Adəm cənnətdən qovulmazdı. Xəyanət olmasaydı, torpağa Qabillə Habilin qanı tökülməzdi. Xəyanət olmasaydı, insan təbiətin insana verdiyi bol nemətli bəşəriyyəti bu gün oksigensiz buraxmazdı. Xəyanət həmişə olub və görünən o  ki, həmişə də olacaqdır. Xəyanət çoxşaxəli, deyərdim ki, müxtəlif  şaxəlidir. İnsanın doğmalarından aldığı xəyanət təbii ki, daha çox can yandırandır. Bəzən doqquz ay bətnində saxladığı bir körpəni zibil qutusuna  atacaq qədər xəyanətkar qadın olur, ana olur… Bəzən göz bəbəyi tək böyüdüb saxladığı anasına naxələf çıxan övlad olur. Səngərdə vətənə xilaf çıxan, əsgər, dövlətinə üz çevirən məmur… Hər cür xəyanət var…  Ancaq ən çox, ən dərin, insan taleyində ən ağır travmalar yaradan sevdiyin insanın, özününküləşdirdiyin, bir bədəndə iki can bildiyin bir insanın sənə xəyanətidir. Sevdiyin insanın xəyanəti, bax, bu, əsl fəlakətdir. Qadın xəyanəti, kişi xəyanəti.

Uzun illər ən böyük əsərlərə mövzu olmuş, böyük müharibələr, böyük tarixlər yazmış bəzən  kiçik bir xəyanət. Troya müharibəsi kimi… Şekspirin yaradıcılığının əsasıdır Dezedomonnanın dəsmalı. Bu da bir xəyanətdir. Elə bir xəyanətdir ki, biz sadəcə onu oxuyuruq. Əgər onu yaşamamışıqsa, onu duya bilmirik. Günümüzdə isə daha çox içimizə girib bu hal. Hətta cəmiyyətin əsas aparıcılarından biri olub.  Zorla evləndikdən sonra yenidən sevdiyi üçün hər şeyi atan azərbaycanlı oğlanlara rast gəlirik bəzən. Bu xəyanətdirmi, yoxsa  məcburiyyət, ehtiyacdımı?

Bu günkü Azərbaycan ailələrində qadın və kişinin bir-birinə olan xəyanəti televizorda veriliş mövzusudur. Gündəlik həyatımıza o qədər girib ki, bəzən onu  adiləşdiririk. Namus, qeyrət, kişilik, mərdlik, abır, həya, ismət, Azərbaycan xalqına məxsus olan bu ülvi hisslər hanı? Biz onları haçan itirdik? Hansı ildə qoyub gəlmişik?.. Bax, bu, sual altındadır. Bir insanı sevib bütün hisslərini verərək həyatını birləşdirdiyi bir insana  xəyanətə gətirib çıxarma səbəbi nədən irəli gəlir? Nədir?.. Biz xəyanətkar insanlardan danışmayaq, onlar onsuz da xəyanətkardır. Evlilikdə də, həyatda  da,  işdə, yoldaşlıqda, dostluqda, övlad kimi də, ana-ata kimi də, vətəndaş kimi də. Biz onlardan danışmayaq, biz cəmiyyətin yaxşı bir insanı xəyanətkara çevirməsindən danışaq. Biz Cavidin “İblis” inin insan ürəyinə necə girməsindən danışaq. O məhşur sualı vemək istəyirik. Kimdir İblis? Gözümüz qarşısına bir  Azərbaycan ailəsini gətirək. Adət-ənənə ilə evlənmiş, elçilik getmiş, üzük taxılmış, yaylıq örtülmüş bir  gəlin və evlənmək istəyib ata olmaq həvəsi ilə üzü gülən bir Azərbaycan oğlundan danışaq. Elə bəlkə toydan başlayaq. Tələblərdən, gəlinə alınan zinət əşyalarından, qohumlar-dostlar nə deyər, daha yaxşı olsun, bu olsun, o olsun… Məncə burdan başlayır xəyanət.

 Ehtiyacdan doğan münasibət korlanmağından başlayır xəyanət… Sınaqlardan keçə bilmir məhəbbətlər. Çünki ən böyük məhəbbətin sınağını belə çətin qoysan,  keçə bilməz. Artıq dağlarda Qoç Koroğlu deyib yaşayan nigarlar, Həcər nə olursa olsun, uşaqsız da olsa,  mənimdir, deyən nəbilər yoxdur. Niyə yoxdur, bilmirəm.  Bəlkə də var. Axı, biz bir xalqı xəyanətlə qınaya bilmərik. Bu qədər qaziyə  sevə-sevə qulluq etdiyi qadınlar, o qədər sevdiyinin bir ömür vəfasında qalan kişilərimiz də var ki. Ancaq bu günkü mövzumuz xəyanətdir, xəyanətkarlardır. Həyat qurbanları  bəlkə də. Toydan sonra nağaranın sədaları altında sevgilərini puç edənlərdir. Toy məhəbbətin zirvəsi-kulminasiya nöqtəsidir. Bu zirvəni qorumaq isə hər insanın nəsibində deyildir. Toy oldu, bitdi, gəlin evə gəldi. Bəlkə  işləyən, bəlkə işsiz, bəlkə də işləsə belə, hər an bağlana biləcək bir iş yerinin qurbanı olan gənc ailə başçısı öz ata-anası, bacı-qardaşı ilə birgə həyat yoldaşını xoşbəxt etməyə çalışır. Bax, bu, əsl cəhənnəm körpüsüdür və o körpüdən elə keçməlidir ki, nə şiş yansın, nə  kabab.  Bəzən bəyimizin ata-anasının, qohum-qardaşın, ətrafın gəlinə ünvanladığı kiçik bir zarafatla dediyi  sözlərlə qulaqları qızışan gənc ailə bir-birinin xətrinə dəyib, könül sındırırlar. İncik gəlin neçə ay əvvəl ona gətirilən üzüyün ölçüsü haqqında anasının dediyi sözləri xatırlayıb ona haqq verməyə başlayır. Dolduruluşa gəlmiş gənclər  özəksiz bir ailənin təməlini qoyur. Hələ ötən aylarda işdən evə sevinclə gələn təzə bəyin  evə sarı ayaqları sürünməyə başlayır. Yollara həyacanla baxan gözlər sönür. Qırılır o məhəbbət, işlənmiş boşqab kimi sürtünür həyatın keşməkeşli yollarında…

Ehtiyac, evsizlik, işsizlik, bəzən bunlar da yox, evi də, işi də ola-ola, ətrafın “öyüd-nəsihəti” və bir-birilərinə olan laqeyidlik, soyuqluqla yox edirlər aralarındakı sevgini, ehtiras və istəyi, qırılır onları birləşdirən bağlar və onlar yalnız kağız üzərində birdirlər. Qəlbən, ruhən bir-birilərindən çoxdan ayrı düşmüş gənclərin xəyalları da ayrı-ayrı limanlarda dəmir atıb lövbər salmış olur. Yox edirlər aralarındakı o körpünü, həyacanı, ilıqlığı, toxunuş həsrətini.     Yoldaşı ilə söhbətdən almadığı zövqü mətbəxdə xaluqələr yaradaraq alan xanımın evə qazanc gətirən başı papaqlısının ruhuna, qəlbinə, yuxularına, hətta qucağına başqa biri çoxdan liman alır.

Azərbaycanda həmişə belə bir fikirlər işlədilir: “Ailə cəmiyyətin dirəyi, ailə kiçik cəmiyyətdir. Qadın hər zaman yerini bilməli, kişi, kişi olduğunu göstərməlidir”. Ancaq bəzən bu sözlər sadəcə sözdə qalır.Cəmiyyət bir yalquzaq kimi yox edir sevgini. Həm də belə də bir sözümüz var ki, uşaq olanda düzələr… Sual doğur içimdə, neçə uşaq?.. Neçə uşaq bir insanın bir insana həyacanlı toxunuşunu geri qaytara bilər?..

Birinin birinini sevməsi, bütün həyatatını onun uğrunda verməsi qəlb, könül işidir, bir də tanrının insana bəxş etdiyi ən ülvi hisslər. Ən  böyük və hamıya eyni bərabərliklə payladığı bir nemət, bir hiss var-sevmək, sevilmək hissi. Yuxarıda qeyd olunan, olunmayan səbəblərdən yox etdiyimiz sevgini yenidən axtarırıq. Qaytarmaq istəyirik, ancaq bu dəfə münasibətlərdən korşalmış ailə içində yox, başqa könüllərdə.

Azərbaycan üçün ailə münaqişəsi, ailədə soyuqluq, aldatmaq, aldadılmaq mövzusunun bu qədər  aktual olmasının bir neçə səbəbi ola bilər. İlk növbədə iş saatının çox olmasına baxmayaraq, insanların maddi rifahının aşağı olması, yorğunluq, monoton, rutin həyat tərzi,  sosial şəbəkələrinin qeyri-etik rolu, yorğunluq, psixoloji depressiyalar, evdəki söz-söhbətlərin uzanması insanların ailədən uzaqlaşmasına gətirib çıxarır. Bəzən də bütün bunların olmadığı, sadəcə insanların daha maraqlı və daha fərqli bir münasibət aqxtarmasına səbəb olur. Belə ki, bəzən ailəsində heç  bir münasibət yaşamayan insanların  da ailədən kənar bir münaibəti olduğunun şahidi oluruq. Bəlkə televizorda, dövri-mətbuat və yayımlara belə mövzuların aktuallaşmaşı da bir səbəbdir, təhriqdir. Qaş düzəldilən yerdə göz çıxarmaqdır. Bəzən də biz evə yığışmayan, evdən uzaqlaşan övladlarımızı evləndirərək ailəyə, evə bağlamaq istəyirik. Bu da ailəiçi münaqişə və ailədən kənarda münasibətə gətirib çıxarır. Bəzən ehtiyac deyil də, maddi gücün verdiyi cılız təkəbbürdən doğur ailədən kənar münasibətlərin yaranması.

Bəzi insanlar da ruhun müəyyən qəlibə salına bilməyəcək qədər  azad olduğuna inanır. Bəlkə də elədir, bəlkə də xəyanət yoxdur, insan ruhu azaddır…





up