"Biz bölündüyümüz yerdə birləşəcəyik"
28-06-2022, 00:39

AZİNFORM.AZ hazırda İsveçdə yaşayan ozan Araz Elsəslə müsahibəni təqdim edir.

– Araz bəy, necəsiniz? İşləriniz necə gedir?

– Çox sağ olun, yaxşıyam. Ümid edirəm, sizlər də yaxşısınız. İşlər də, Təbrizdə deyildiyi kimi, “keçinmə” və ya Bakıda deyildiyi kimi: “babat”, yavaş-yavaş irəliləməkdədir.

– Yaradıcılığınızda nə var-nə yox?

– Yaradıcılığımla bağlı deyim ki, yaxın günlərdə yeni-yeni mahnılar eşidəcəksiniz. Yeni kliplər çəkilmiş, bitmək üzrədir. Konsertlərə gəlincə... COVİD-dən bu yana heç bir konsertimiz olmayıb. Son zamanlarda konsert istəkləri vardı. Hələlik təxirə salmışıq. Çox böyük ehtimalla üzümüzə gələn payızda konsertlərə başlayacağıq.

– Bilmək olar, İsveçdə nə işlə məşğul olursunuz?

– Gündüzləri düşüncələrimdə, gecələri xəyallarımda yurdumu dolaşıram. Yurd üçün burnumun ucu göynəyir. Özəlliklə, yurdun güneyi üçün. Ən böyük arzum da yurda qovuşmaqdır.

– Siz öz yurdundan didərgin düşən və başqa bir ölkədə yaşamağa məcbur qalan sənətçilər karvanına qoşulmusunuz. Mühacirət də bir alın yazısıdır. Neçə-neçə sənətkarların yolu mühacirətdən keçib. Mühacirət həyatınız necə keçir?

– Mən Arazam, Araz, axıram. Axışım indi məni gəlib çıxardıb qürbətin bu bucağına. Gün o gün olsun, bu axış məni yenidən yurda qovuşdursun. Və bir gün o gözəl yurda qovuşacağıma bütün varlığımla inanıram.

– Doğuldunuz Sulduz şəhəri, İran... Bu yerin cazibəsi sizin sənət dünyanızda nələri dəyişdi?

– Bildiyiniz kimi, Sulduz qarapapaq türklərinin yaşadığı yerdir. Bəlkə də, saza bağlılığım Sulduzla, sulduzlularla, qarapapaq türkləri ilə bağlıdır. Gürcüstan, Türkiyə və başqa yerlərdə qarapapaq türkləri yaşayır və onlar harda yaşayırlarsa, orda saz, söz yaşayır. Ola bilsin, mənim saza vurğunluğumda burdan gəlir. Sulduz qoçaq, igid şəhərdir, çox sevimli, canayaxın, isti, qonaqsevər, sənətsevər insanları var. Təbii ki, Sulduzdan danışanda yadıma, xüsusən, Sulduzun toyları düşür. Sulduzun toylarında keçmiş ustadlarımızın oxuduqları mahnılar, toyların necə keçirilməsi, toylarda insanların keçirdiyi şənliklər, yallılar, qarapapaq havaları məni çox təsirləndirmişdi. Keçən dəfə dostlarımdan biri ilə danışırdıq. Ona da dedim, yaxında Sulduzla bağlı bir mahnım da çıxacaq. Sırf Sulduzun yerləri – bağları, bağçaları, meyvələri, dağları və təbii ki, insanları ilə bağlı bir mahnıdır. Ümid edirəm, sulduzluların bu mahnıdan xoşu gələcək. Sulduz qarapapaq türklərinin yenilməz bir qalasıdır və yenilməz qalası olaraq da qalacaqdır.

– Bir vaxtlar Araz Elsəs daha məşhur idi. Ya da mənə belə gəlir. Hər halda yeni nəsil sizi o qədər də tanımır. Bunun səbəbini nədə görürsünüz? Siz zamanı aşa bilmədinizmi?

– Məşhuram, ya yox. Bunun önəmi yoxdur. Mən məşhur olmaq üçün bu yola çıxmadım. Mənim tanıtmaq istədiyim içimdəki o yurd həsrəti idi. Yurdumun, millətimin ağrıları, acılarını dilə gətirmək idi mənim arzum. Yurdumun, millətimin ağrıları bitsin deyə bunu etdim, sazımla, sözümlə bir yola çıxdım. Saz mənim tüfəngim, sözlərim isə mərmilərim oldu. Və hər zaman da bunu etmişəm. Özümüz gəldi-gedərik, önəmli olan düşüncələrdir. Keçmişimə, sizin dediyiniz dönəmə qayıdanda görürəm ki, o vaxtlar bir ideal uğrunda vuruşduq, bu gün isə o ideal çiçəklənib. Bir vaxtlar qorxa-qorxa “Azərbaycan” adı çəkdiyimiz halda, bu gün milyonlarla adam “haray, haray, mən türkəm!” deyib küçələrə çıxır, haqqını savunur. Bu o deməkdir ki, tanıtmağa çalışdığımız ideyalar, düşüncələr artıq çiçəklənmiş, bar vermişdir. İnanıram ki, yaxın günlərdə Güney Azərbaycanda insanlarımız azadlıqlarına qovuşacaqlar. Güneylə Quzey birləşib bütöv bir Azərbaycan olacaq. Millətimiz digər millətlərinin içində alnı açıq, başı dik millət olacaqdır. Bu da çox çəkməyəcək. Çox az qalıb. Həmin zaman gələndə də sizin dediyiniz, “zamanı aşa bilmək”, o vaxt görünəcək. Ki aşa bildikmi, bilmədikmi?

– Siz Nazım Hikmətin “Hasret” şeirinə də mahnı bəstələmisiniz. Nazim Hikmət ideoloji olaraq solçu idi. Ancaq Nazim Hikmətin həm də başlarda bir millətçi tərəfi də vardı. Necə düşünürsünüz, bir sənətçini sırf ideologiyasına görə yarğılamaq nə dərəcədə doğrudur?

– Doğrudur, mənim Nazim Hikmətdən oxuduğum bir neçə mahnı var. Nazimi oxuduqca türk dilinin necə zəngin dil olduğunu öyrəndim. Çox gözəl türk şairlərimiz var, ancaq Nazim Hikmət başqadır. Mən həmişə ideologiyanı bir kənara qoyuram. İdeologiyası nə idi, o dönəm nə düşünürdü, bu gün olsaydı, nə düşünərdi – bunlar mənim üçün elə də önəmli bir şey deyil. Nazim Hikmətin geriyə buraxdığı şeirləri, o dil mənim üçün önəmlidir. “Dənizə dönmək istəyirəm”, “Bəylər, bu vatana nasıl kıydınız”. Xüsusən, “Bəylər, bu vatana nasıl kıydınız”ı oxuyanda elə bilirsən, bu gün üçün yazılıb. Oxuduqca, hər kəs öz payını alır. Nazim Hikmət Qara dənizin quzeyindən Qara dənizin güneyinə baxaraq yazan bir şairdir. Təbii ki, bu cür bir şair millətini, yurdunu sevəcək. Hər kəsi rahat buraxmaq lazımdır. Buraxın, insanlar yurdlarını, millətlərini, dünyanı rahatlıqla sevsinlər. Hər kəs həyata durduğu yerdən baxır. Və Nazim Hikmətin dayandığı yerdən baxdığı, sonradan qələmə aldığı şeirlərdə o yurd, millət sevgisi duyulur. Nazim Hikmətdən danışsaq, saatlarla danışaq gərək. Həqiqətən, böyük şairdir. Millətçiliyə gəlincə, millətçilik Vətənini bütöv olaraq sevməkdir. Var adını millətçi qoyanlar, ancaq bütöv olaraq sevə bilməyənlər. Bir qrupun, təşkilatın, yaxud partiyanın çərçivəsində sevə bilir. Bu cür olanlar adlarını millətçi qoyurlar. Bu isə millətçilik deyil, partiyaçı, qrupçu, yaxud da təşkilatçıdır. Mən istəyirəm deyəm ki, qrupdan, təşkilatdan, partiyadan asılı olmayaraq, hər kəs millətini bütöv olaraq sevsin. Bizim yolumuz, millətçiliyin yolu sevgidən keçir. Bu div sevginin qabağında kimlər baş əymədi? Və kimlər baş əyməyəcək? Yetər ki millətimizi bir və bütöv görək. Hacı Bektaşi Veli demiş, “Bir olalım, iri olalım, diri olalım”.

– Araz bəy, “Haray, haray mən türkəm” mahnınız çox məşhurdur. Sizi İranda yaşayan azərbaycanlıların haqq səsi adlandırırlar. Mahnılarınızın o taylı-bu taylı insanları qovuşdurmaq üçün bir körpü rolu oynadığını düşünürsünüz?

– İdeyalar, düşüncələr önəmlidir. Yenə bunu təkrar edirəm. Bu mahnını oxuduğum zaman heç ağlıma gəlməzdi ki, bir gün gələcək, Güneydə, küçələrdə, meydanlarda insanların dilində oxunacaq. Bu və bunun kimi mahnılar məşhurdur. Çünki o mahnılar bayaq da dediyim kimi, gördüklərim, içimin yansımasıdır. Mənim içimdən qopub çölə çıxan duyğular, düşüncələrdir. Körpü... Mənim yazdıqlarım, oxuduqlarım, həqiqətən də, körpü rolunu oynayırsa, “ne mutlu mənə”. Həmişə düşüncələrimdə bütöv olmaq, bir olmaq var. Bütövlük əvvəlcə bizim düşüncələrimizdə yaranmalıdır. Azərbaycan bizim beynimizdə, düşüncələrimizdə bütövləşərsə, onun gerçəkləşməsi artıq an məsələsi olacaq.

– “Quşlar” mahnınızı qürbətdə pasportsuz qaldığınız və heç nəyinizin olmadığı dövrdə yazmışdınız. Həmin günləri necə xatırlayırsınız?

– “Quşlar”ı yazanda mən Norveçdə yaşayırdım. Daha doğrusu, yeni gəlmişdim Norveçə. Gölün kənarında oturub quşlara tamaşa edirdim. Oraya təzə gəlmişdim və düşünürdüm ki, mən, bəlkə, bir quş olaydım. Quş olub quşlara qoşulsam, qoşulub da yurduma qovuşsam... Bu hislərlə yazdım o mahnını. Göydə nə varsa təmizdir, yerə düşəndə çirklənir. Daha sonra atlara bir şeir yazdım. Sonra isə Baltik dənizinin sahilində olarkən, balıqlara bir şeir yazdım, “Balıq olmaq istəyirəm” deyə. Yurdum üçün çox darıxırdım. İndi də darıxıram. Nəysə (kövrəlir – A.A), gün gələr, görüşərik yurdumda.

– Araz bəy, dünyada sanki belə bir qəlib var: sənətçi heç vaxt lokal, milli təəssübkeş ola bilməz, o dünyəvi, bəşəri dəyərlərin yanında olmalıdır. Bu mənada siz Qərbdə olsanız da, milli düşüncəni daim yaşadanlardansınız. Necə düşünürsünüz bu haqda?

– Biz hər şeydən öncə bir insanıq. Bir az əvvəl dediyim kimi, doğulduğumuz, böyüdüyümüz, yaşadığımız mühit bizə təsir edir. Mən də yaşadığım yerdən təsirləndim. Gördüyüm basqılardan, haqsızlıqlardan, ədalətsizliklərdən. Və bir yola çıxdım, ədalətsizliyə yox deməyə çalışdım. Sazımla, sözümlə baş qaldırdım. Və yanıb içində cızdağı çıxan insanların bağıra bilmədikləri, söyləyə bilmədikləri sözləri dilə gətirməyə çalışdım. Mənim adımı nə qoyurlar qoysunlar, bu mənim vecimə deyil. Nə qədər ki millətimin, yurdumun dərdi var, bu dərdləri bağırmağa, dilə gətirməyə çalışacağam.

– Çoxları düşünür ki, bütöv Azərbaycan ideyası artıq utopiya kimi səslənir. Nə düşünürsünüz? Zaman keçib artıq. Siz bu ideyanın nə vaxtsa reallaşacağına inanırsınızmı?

– Bütöv Azərbaycan yaranacaqdır. Buna mənim inamım böyükdür. Məncə, bütöv Azərbaycana bu gün dünəndən daha çox yaxınıq. Sabah bu gündən də daha çox yaxın olacağıq. Bütöv Azərbaycan xəyal deyil, bütöv Azərbaycan bir gerçəkdir. Gün gələcək, bu gerçəkləşəcək. Güneyli və quzeyli olaraq bütövlük günü üçün hazırlanmalıyıq. Burda da güney azərbaycanlılar olaraq ən böyük rolu biz oynayırıq. Bu gün bizim insanlarımız, xüsusilə, milli hərəkatın gücü, yaxud motoru olan gənclərimiz təpədən-dırnağa milli silaha, öz kimliklərinə yiyələnmişlər. Onlar artıq qurtulmaq istəyirlər. “Güney Azərbaycan” termini də bundan sonra tarixə qovuşacaq. Biz bölündüyümüz yerdə birləşəcəyik. Arazda bölündük, Arazda birləşəcəyik. Bölündüyümüz yer birləşdiyimiz yer olacaqdır. Azərbaycan bütövləşəcəkdir. Bu sevgi bu gün dünənkindən daha çoxdur. Buna inanın!

– Sizcə, sənət ideoloji olmalıdırmı? Sənətin öhdəliyində hansısa ideyanı daşımaq, onu nəsillərə ötürmək kimi bir missiya varmı?

– Məncə, sənət bütün ideologiyalardan uzaq olmalıdır. Yaxud da bütün ideologiyaları içində barındıran, bir çətir altında tutan olmalıdır.

– İndiki Azərbaycan musiqisini dinləyirsinizmi? Kimləri bəyənirsiniz?

– Açığı, çox dinləyə bilmirəm. Ara-sıra dinləyirəm. Aşıqlardan Kamandarı dinləyirəm, çox sevirəm onu. Çox gözəl oxuyur, özünəməxsusdur. Arif Məlikovun yazdığı bir mahnı var, Akif İslamzadə oxuyur o mahnını (“Gəl bizim dağlara” mahnısı nəzərdə tutulur – A.A.). Nə gözəl mahnıdır. Yaxın günlərdə onu dinlədim. Daha çox klassiklərimizə diqqət yönəldirəm. Fikrət Əmirovu çox dinləyirəm. Üzeyir Hacıbəyov, Qara Qarayevi də.

– Meyxanaya münasibətiniz necədir? Bəziləri düşünür ki, meyxana Azərbaycana xas deyil. Siz necə düşünürsünüz?

– Meyxana mənim ruhum üçün çox uzaq bir şeydir. Belə mahnıları, bu cür musiqiləri dinləyə bilmirəm.

– Bəs rep haqda nə deyə bilərsiniz? Dinləyirsinizmi?

– Eynilə, rep də. Onu da dinləyə bilmirəm. Çox sevdiyim oxumaq tərzi deyil rep. Xüsusilə, repi Qərb təfəkkürü ilə, qərblilərin ağzı ilə oxumaq xoşuma gəlmir. Ən azından rep oxuyan dostlar onu oxuyarkən Azərbaycan, türk ağzına yaxın oxumalıdırlar.

– Bizim şairlərdən kimləri oxuyursunuz? Ən çox sevdiyiniz şairlər kimlərdir?

– Ramiz Rövşən, Musa Yaqub, Əlisəmid Kür, Paşa Qəlbinur, Adil Mirseyid, Vaqif Bayatlı – bu şairləri çox sevirəm. Bir də şairlərin şəxsiyyəti də gözəl olanda, o zaman çox gözəl olur. Gözəl şairlərimizin şəxsiyyətləri də gözəldir.

– Ümumiyyətlə, ədəbiyyat nə qədər oxuyursunuz? Sevdiyiniz, tez-tez vərəqlədiyiniz xarici, yaxud yerli yazarlar varmı? Müasirləri izləyirsinizmi?

– Çalışıram, oxuyum. İndi masamda Nizami Cəfərovun türk xalqları ədəbiyyatı ilə bağlı kitabı var, onu oxuyuram.

– Şəxsi həyatınızı gizli saxlayırsınız. Demək olar, şəxsi həyatınızdan heç nə paylaşmamısınız. Bu ozan kültüründən irəli gəlir? Çünki yeni dövr ifaçıları istər-istəməz şəxsi həyatları ilə də gündəmdə qalırlar.

– Doğrudur, mən şəxsi həyatım, ailəm və uşaqlarım haqda mediada paylaşım edən biri deyiləm. Ola bilsin, hardasa bununla bağlıdır. Sosial şəbəkədə ailəmlə bağlı paylaşım etməyi sevmirəm.

– 44 günlük Vətən müharibəmizdən bir marş yazdığınızı söyləmişdiniz. Nə yerdə qaldı o marş?

– Əslində, bu marşı çoxdan yazmışdım. 44 günlük savaş zamanı mahnını yenilədim. Rok stilində yazdım özü də. Düzü, hələ fürsətim yoxdu, istəyirdim, Azərbaycana gəlib mahnını oxuyum. Qismət olsun, Azərbaycana gələndə o mahnını sizlərlə paylaşacam.

– Deyəsən, Bakıya gələcəksiniz avqustda. Planda konsert var?

– Doğrudur, Azərbaycana gəlmək istəyirəm. Çox güman, avqustun sonuna, ya da sentyabrda gələsi oldum. Sağlıq olsun! /kulis.az/

AZİNFORM.AZ





up