"Hər gün 15 kişiylə yatırdım" - “Mama Roza” Kəmalənin CİNAYƏT DOSYESİ
17-04-2022, 20:42

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Kəmalə Əliyevanın (şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Cinayət materiallarında qeyd olunur ki, K.Əliyeva Nigar və Aynuru (şərti) Türkiyənin  Konya şəhərinə apararaq orada cinsi istismara məruz qoyub. Belə ki, o Nigar və Aynuru tanışı Aydınla birgə kirayə yaşadığı evə yerləşdirib və gün ərzində pul qarşılığında müxtəlif kişilərlə görüşdürüb.

Kəmalə Əliyeva özünü ittihamlar üzrə təqsirli bilməyib. O bildirib ki, 2014-cü ilin sonlarından Türkiyəyə ticarətlə məşğul olmaq üçün gedib-gəlib:

“Türkiyədə alverlə məşğul olmaqla bərabər maddi ehtiyaclarıma görə, orada tanış olduğum kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmuşam. Bir dəfə Türkiyədən gələn zaman bir qadınla tanış oldum. O, mənə Konya şəhərində Adəm adlı şəxsin nömrəsini verdi. Adəmlə danışandan sonra onunla görüşdük. O, mənə Azərbaycandan iki-üç qadın gətirməyi tapşırdı. Mən də Bakıya geri qayıdandan sonra tanışım Nigarla görüşdüm. Nigarın maddi imkanı çox aşağı idi. Bu səbəbdən onun mənimlə razılaşacağını bilirdim. Nigarla danışandan sonra mənim təklifimlə razılaşdı. Biz birlikdə Türkiyəyə yola düşdük. Konyaya çatanda Adəm bizi qarşıladı. O, mənə gətirdiyim qıza görə pul vermədi. Adəmlə qeyri-rəsmi ər-arvad münasibəti ilə yaşayırdıq. Nigar isə pul qarşılığında müştərilərlə görüşürdü. Bir neçə müddətdən sonra Nigarla və Adəm arasında mübahisə düşdü. Adəm mənə Nigarı yola salmağımı tapşırdı. Mən Nigarla danışdım və onu Ankaraya yola saldım, ondan sonra Azərbaycan gedib. Mən də qısa bir müddət sonra Azərbaycana qayıtdım, lakin Nigarla ondan sonra münasibətim olmayıb, onu görməmişəm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Bakıda olan zaman tanışı Aynur onunla birlikdə Türkiyəyə getmək istəyib:

“Mən ona vəziyyəti başa salmışdım. Aynur hər şeylə razı idi. Adəmə bu barədə məlumat verdim. Adəmlə Aynur sosial şəbəkə vasitəsi ilə danışdılar. Orada mənə məlum oldu ki, Aynur əvvəllər İstanbulda fahişəliklə məşğul olub, hətta Adəmlə tanışdılar. Adəm Aynurun gəlməsinə razılıq verdikdən sonra birlikdə Türkiyəyə yola düşdük. Konyaya çatan zaman Adəm bizi qarşıladı. Kirayə mənzilə yerləşdirildik. Bundan sonra Aynur müştərilərlə görüşüb intim xidmət göstərdi. Bir neçə ay sonra Aynur evdəki vəziyyəti ilə bağlı Azərbaycan qayıtmaq istədi. Adəm də onu yola saldı. Mən isə Adəmin yanında qaldım. Adəmlə ər-arvad kimi yaşayırdı, uzun müddət xəstə oldu, onun yanında qaldım”.

Kəmalə Əliyeva ifadəsinin sonunda heç kimi cinsi istismara məruz qoymadığını və ittihamları qəbul etmədiyini deyib: “Mənimlə gedənlər əvvəldən işin nədən ibarət olduğunu bilirdilər. Onları heç kim məcburi fahişəliyə məcbur etməyib”.

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Nigar bildirib ki,  Bakı şəhərində müxtəlif çay evlərində xidmətçi kimi işləyib:

“Gün ərzində 10-15 manat alıb ailəmi saxlamışam. Çay evində çalışan zaman Kəmalə adlı qadınla tanış olmuşam. Onunla münasibətimiz yaranıb. Sonradan o bizim evimizə gedib-gəlməyə başladı. Evimə gələndən sonra maddi vəziyyətimin ağır olduğunu görürdü. Söhbət zamanı əgər istəsəm Türkiyəyə apara biləcəyini dedi. Vəd etdi ki, Türkiyədə yaxşı tanışları var, birlikdə gedib orada gözəllik salonlarının birində işləyə bilərik. Mən ona heç zaman xarici ölkədə olmadığımı və orada baş çıxara bilməyəcəyimi dedim. O, isə narahat olmamağımı tapşırdı, dedi ki, onun yanında olacaq. Sonra pasport almağıma görə pul verdi, avtobusa biletimi aldı. Biz onunla birlikdə avtobusla Türkiyəyə yola düşdük. Türkiyənin Konya şəhərinə gəldik”.

Zərərçəkən qeyd edib ki, Kəmalə burada onlar üçün kirayə ev tutub:

“Bir neçə gün dincəldikdən sonra Kəmalədən iş barəsində soruşdum. O isə mənə işin pul müqabilində kişi müştərilərlə görüşməkdən ibarət olduğunu açıqladı. Ona təəccüblə baxdım, ilk öncə zarafat etdiyini zənn etdim. Amma gördüm ki, Kəmalə ciddidir. Etirazımı bildirdim.

Kəmalə mənə burada heç kimin onları tanımadığını və nə deyirsə, onu etməli olduğumu dedi. Telefonum da yox idi ki, kiməsə zəng edib qaçım. Həmçinin Kəmalə bilet və pasporta görə, ona borclu olduğum üçün pulu qaytarmağımı tələb etdi. Artıq çıxış yolum yox idi. Kəmalə özü kişi müştərilər taparaq evə gətirirdi. Mən də məcbur olaraq cinsi münasibətdə olurdum. Gün ərzində 5-6 kişi ilə cinsi əlaqədə olmağa məcbur edilmişdim. Pulu Kəmalə özü müştərilərdən alırdı. Mənə isə bir qəpik belə vermirdi. Artıq 10 günə yaxın bu cür cinsi istismara məruz qalmışdım. Sonra yanıma gələn müştərinin mobil telefonundan istifadə edib İstanbulda yaşayan qohumlarına zəng etmək istədim. Bundan Kəmalənin xəbəri oldu və aramızda mübahisə düşdü. Mən evdən qaçmaq istəsəm də, Kəmalə buna imkan vermədi. Bir neçə ay bu cür davam elədi. Kəmalə bir gün Azərbaycana qayıtmalı olduğunu deyərək, pulsuz məni evdə qoyub getdi. Mən də evdən çıxaraq küçədə bir nəfərin telefonu ilə qohumlarıma zəng elədim. Onlar pul göndərdilər və Konyadan İstanbula gəldim. Qohumlarıma Türkiyəyə iş üçün gəldiyimi və alınmadığını bildirdim. Sonra qohumlarım bilet alaraq məni Azərbaycana göndərdilər. Kəmaləyə qarşı şikayətim və tələbim yoxdur. Onunla barışmışıq”.

Digər zərərçəkən Aynur isə deyib ki, Kəmalə ilə təxminən 2018-ci ilin mart ayında Biləcəri qəsəbəsində tanış olub, bir müddət tanışlıqdan sonra aralarında yaxın münasibət yaranıb:

“Kəmalə ara-bir kirayə yaşadığım mənzildə gəlib qalırdı. Təxminən 2019-cu ilin aprelin sonlarında Kəmalə mənim işsiz olduğunu bilib əvvəllər Türkiyədə müxtəlif yerlərdə yaşadığını, yaxşı tanışlarının olduğunu dedi. O, həmin tanışları vasitəsi ilə mənə yaxşı iş tapacağını bildirdi. Mən pulum olmadığımı dedim. O, isə pul məsələsini özü həll edəcəyini, Türkiyədən məişət əşyaları alaraq buraya gətirib satacağımızı bildirdi. Mənə konkret Türkiyədə nə işlə məşğul olacağımı demədi. Hər gün zəng edib hazırlaşmağımı, yaxın günlərdə yola çıxacağımı deyirdi. Mən də razılaşdım, çünki maddi vəziyyətim çox pis idi”.

Zərərçəkən qeyd edib ki, onlar birlikdə Türkiyənin Konya şəhərinə gediblər:

“Konyada bir nəfər kişi bizi qarşılayıb evə gətirdi. Bir neçə gün dincəldik. Sonra Kəmalə mənə burada fahişəlik edəcəyimi bildirdi. Birinci elə bildim ki, zarafat edir. Lakin o, ciddi olduğunu dedi. Qətiyyən razılaşmadım. Lakin mənə hədə-qorxu gəlməyə başladı. Qeyd elədi ki, dediklərini etmədiyim təqdirdə birlikdə yaşadığı türk sevgilisinin vasitəsi ilə məni zorlayıb videogörüntüyə çəkərək yaxınlarıma göndərəcəklər. Çox çarəsiz vəziyyətə düşdüm. Kəmalənin burada sevgilisi olduğunu bilmirdim. Adəmi cəmi bir və yaxud iki dəfə görmüşdüm. Həmin vaxt yemək və gecələmək üçün pulum da yox idi, ətraf ərazini tanımırdım. Düşdüyüm vəziyyətə görə özümü qınayırdım. Axırda məcbur olub Kəmalənin təklifi ilə razılaşdım. Kəmalə gün ərzində 15 kişi ilə məni görüşdürdü. Pulları özü alırdı, mənə pul vermirdi, bircə yemək verirdi. Artıq tükənmişdim. Nə fiziki nə mənəvi cəhətdən dözə bilmirdim, çatdırmırdım. Kəmalə onu şikayət edəcəyimi dedim. Böyük mübahisəmiz düşdü. Ona məni sərbəst buraxmayacağı təqdirdə pəncərədən qışqıraraq polis çağıracağımı bildirdim. Kəmalə dediklərimdən sonra qorxuya düşdü və məni sərbəst buraxdı. O, mənə bilet alaraq Azərbaycana yola saldı”.

Aynur bildirib ki, Bakıya qayıdandan sonra başına gələnlər barədə heç kimə danışa bilməyib, hər dəfə Kəmalənin onun başına gətirdikləri barədə fikirləşəndə stress keçirib:

“Hətta bir neçə dəfə özümə qəsd etmək istəsəm də, hər dəfə azyaşlı uşaqlarıma görə, bu fikirdən daşınmışam. Hazırda Kəmaləyə qarşı şikayətim, tələbim yoxdur”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kəmalə Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib. /lent.az/





up