Leonel Messinın Bakıya gəlişi böyük coşğu ilə qarşlandı. Onun misilsiz futbolçu olmasını bilirik. Tanınmış bir futbolçuya verilən pul Nobel mükafatı laureatına düşən puldan təxminən 50 dəfə çoxdur.
Məsələn kimya, fizika, iqtisadiyyat, fiziologiya və tibb üzrə Nobel mükafatı laureatına təxminən 400.000 dollar vəsait düşür. Aziz Sancar Nobel mükafatına Tomas Lindal və Pol Modriçlə birgə layiq görüldü və 1.2 milyon dollar onların arasında bölündü. Sorğu keçirsinlər və sualı belə qoysunlar: “Peleni tanıyırsınız, yoxsa Karl Landşteyneri?” Məncə Landşteyneri tanıyan olmayacaq. Halbuki Landşteyner qan qruplarını kəşf etməklə milyonlarla insanın həyatını xilas edib. Pele isə top qovub...Landşteyner bəşəriyyət üçün Pele isə özü üçün çalışıb. Futbol həvəskarı olan uşaqların Messini görməsi yaxşı haldır. İspaniya yığma komandasının Avropa çempionu olması uşaq futbolunun nəticəsidir. İdmanda uşaq istedadına doğru-dürüst qiymət verilməməsi ucbatından 100-lərə istedadlı idmançı itirmişik. "Qarabağ" futbol klubunda qaradərili futbolçuların oynuna baxında biz Qurban Qurbanova pərəstiş edirik. Ancaq Sovet vaxtı biz baş məşqçinin kim olduğunu bilmirdik. Futbolçulara pərəstişkarlıq edirdik. Elm sahəsində itirdiyimiz istedadların sayı elə idmanda itirdiklərimizin sayı qədərdir. Uşaq istedadını qiymətləndirmək çox ciddi problemdir. Bizdə "hüquqşünaslıq" ixtisası dəbdə olduğu kimi Argentina və Braziliyada uşaqlar üçün əsas ixtisas futboldur. Kanadada uşaqları 5-6 yaşından hokkey oynamağa alışdırırlar və nəticəni də görürlər. Çində isə uşaqların fənn olimpiadalarına hazırlığı üçün ciddi rejimli düşərgələr fəaliyyət göstərir. Bu səbəbdən çinli uşaqlar riyaziyyat, informatika, fizika üzrə Beynəlxalq olimpiadalarda bütün dünya ölkələrinin uşaqlarından çox qızıl və gümüş medal qazanırlar. Olimpiya idman oyunlarında da çinlilər ABŞ idmançıları ilə rəqabət apara bilir. Bəli, uşaq idman və elm məktəbləri formalaşdırılmalıdır.
Biz orta təhsilmizi nəzarətdən çıxarmışıq.
1957-ci ildə SSRİ ilk sputnikini(yerin süni peyki) kosmosa göndərəndə dünya şoka düşdü. ABŞ-ın 34- cü prezidenti Duayd Eyzenhauer dərhal mətbuat konfransı keçirdi. O, mətbuat konfrasında süni peykdən danışmadı. Orta məktəblərdə riyaziyyat və təbiət elmlərinin tədrisindəki geriləmələrdən narahatçılığını bildirdi və tarixə düşən bir fikir səsləndirdi:”Orta məktəb atom bombasından güclü enerjiyə malikdir”.
Orta məktəblər həm də ayaqlaşmaq məkanıdır. Dünya ilə ayaqlaşmaq üçün orta məktəbə yenidən baxmalıyıq. Bura elə məkandır ki, Messi də yetişdirə bilər, Aziz Sancar da!
Messi və Ronaldinonun Bakıya gəlişini təşkil edənlərə baxıb düşünürəm ki, tələbələrlə görüşə dünyanın böyük riyaziyyatçıları və Nobel mükafatı laureatlarını da dəvət etmək yerinə düşərdi.
Etibar ƏLİYEV
Keçmiş deputat