Dünən özünü yandıran “Mauqli” ləqəbli müharibə veteranı Elvin Cəfərov bu gün müalicə aldığı 5 nömrəli xəstəxanada dünyasını dəyişib.
Müharibədən sonrakı dövr ərzində Elvin Cəfərov intihar edən sayca 36-cı qazidir. Qazilərlə bağlı problemlər günü-gündən daha da dərinləşir. Aidiyyəti qurumlarla bağlı şikayətlər çoxalır. Bu məsələnin həlli ilə bağlı müxtəlif fikirlər səslənsə də, hələ də qazilərin əksəriyyəti haqqını ala bilmir.
Mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yaşadıqları ərazi üzrə icra hakimiyyətlərinin qarşısında etirazlar edən qazilərin problemləri isə birmənalı həllinə qovuşmur. Məhz problemlərdən bezən qazilər isə həll yolunu qurumların qarşısında itihar etməkdə görürlər.
Getdikcə bu halın artması isə ciddi narahatlıqlar yaradır. Bəs bunun qarşısını necə alacaq? Hansı işlər görülməlidir ki, qazilər intiharı seçim olaraq görməsinlər?
AZİNFORM.AZ məlumatına görə, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev cebhe.info-ya açıqlamasında deyib ki, əslində, bütün ölkələrdə müharibədən sonra analoji hadisələr yaşanır:
“İnanın ki, qazinin özünü yandırması və həyatdan köçməsi ağır bir xəbər oldu. Stress içərisindəyəm. Gərək qazilərə münasibət tam fərdi və ciddi olsun, nə problem olur-olsun bu və digər şəkildə həll edilsin. Təəssüf edirəm ki, müharibədən qalibiyyətlə qayıdan əsgər bu şəkildə faciə ilə üzləşməli oldu. Dövlətimiz xeyli qazinin, demək olar ki, əksər şəhid ailələrinin böyük bir qisiminin problemini tam, xeylisinin də əsas problemlərini həll edib.
Söhbət problemi olan 5-6 min müharibə iştirakçısından gedir və onların problemləri kəskin şəkildə dayanır. Müharibədə 11 min yaralı olub, bax bu şəxslər arasındadır həmin dediyim 5-6 min müharibə iştirakçısı. Məhz onlar bu gün həm sosial şəbəkələrdə, həm də müxtəlif yerlərdə narazılıqlarını bildirirlər. Həm də bu şəxslərin problemləri ilə səmimi olaraq maraqlanan az adam var, daha çox maraqlananlar isə onları dövlətin üstünə qaldırmaq isyəyənlərdir. O adamların qazilərin problemini həll etmək marağı yoxdur, onlar qazilərdən öz məqsədləri üçün istifadə edirlər. Təəssüf ki, bəzi dövlət orqanları bilərəkdən, yoxsa bilməyərəkdən, onların başqa düşmən və xəyanətkar düşüncəli insanlar, siyasi və ictimai qüvvələr tərəfindən istifadə edilməsinə şərait yaradırlar.
Axı 5-6 min qazinin problemini həll etmək niyə bu qədər çətindir? Bu problemləri acı bağırsaq kimi uzada-uzada hara daşıyırıq? Axı bütün bunlar dövlətimiz üçün təhdiddir. Axı bütün bunları Ermənistan mətbuatı və ermənilərdən geri qalmayan daxili xəyanətkar düşmən qüvvələr elə özümüzə, zəfərimizə qarşı istifadə edirlər”.
Deputat əlavə edib ki, dəfələrlə Parlamentdə bir neçə təklif səsləndirib, amma əlaqədar orqanlar onları nəzərə almayıb:
“Çıxış yolu var, zənnimcə gərək aşağıdakı konkret addımlar atılsın. Parlamentdə səsləndirdiyim təklifləri bir daha deyirəm. Birincisi, qazilərin iş problemini həll etməyə, əsasən onların təhsilsizliyi, peşəsinin olmaması, yəni bilik və bacarıqlarının zəifliyi maneçilik törədir. Buna görə də onların kütləvi olaraq peşə təhsilinə cəlb edilməsi, daha savadlılarının isə iş bazarının tələblərinə uyğun mövcud ali məktəblər yanında bir-iki illik xüsusu kurslara cəlb olunması vacib idi. Başqa cür biz bu adamları işlə necə təmin edək? Hər kəs bir neçə aylıq iş verib, sonra azad edəcək, yaxud bir neçə aylıq sosial iş və s. Bunlar isə razılıq yarada və məsələni kökündən həll edə bilməz. Hətta, özünü məşğulluq belə onlara kömək edə bilmir. Çünki özünməşğulluq üçün də bir aylıq kurs kifayət deyil, sadəcə "qaloçka" üçündür.
İkincisi, icra hakimiyyətləri yanında şəhid ailələri, müharibə veteranları ilə məşğul olan şöbə yaradıldı. Bu şöbənin nə səlahiyyəti, nə də imkanları var. Statistika ilə məşğuldur. O şöbə də şikayətləri icra başçısına çatdırır. Nə mənası? Sadəcə, icra hakimiyyəti başçılarının canı eyni problemləri hər gün eyni adamlardan eşitməkdən qurtarır. Bu şikayətləri şöbə müdiri dinləyir və heç sonra onları icra başçısına da çatdırmır. Çünki eyni məsələni və eyni adamı nə qədər təkrar-təkrar məruzə etmək olar? Bax beləcə, məsələlər həll olunmadan şişə-şişə davam edir və sonra da....
Buna görə də ayrıca bir səlahiyyətli dövlət qurumun yaradılmasına ehtiyac var, yaxud da səlahiyyətli bir qurumun yanında ayrıca bir şöbənin, yaxud agentliyin olması vacibdir. Zamanı ilə qaçqın və köçkünlərin problemlərini həll etmək üçün əl arasında deyildiyi kimi "Qaçqınkom" yaradıldı. Onlar da bildi ki, hara üz tutmaq lazımdır. Yüz mindən çox müharibə iştirakçısı var, onlar böyük qüvvədir. Gərək onlarla bağlı da analoji bir qurum olsun və problemlər vahid mərkəzdən idarə edilsin və çözüm tapılsın”.
Razi Nurullayev qeyd edib ki, mütləq şəkildə vahid bir qurumun yaradılmasına ehtiyac var:
“Əlavə olaraq, Qarabağ veteranları ilə bağlı respublika təşkilatı var. Bu təşkilatın maddi-texniki bazasını gücləndirmək və ciddi vəsaitlə təmin etmək lazımdır ki, onlar müharibə veteranları və iştirakçıları ilə məşğul olsunlar.
Hər bir rayonda onlar ən yüksək səviyyədə bina, maddi-texniki baza, vəsait və resurslarla məşğul olmalıdır ki, hər kəs bilsin ki, onun ilk üz tutacağı yer haradır. Əks halda, hərə bir yalançı təşkilat yaradıb, onları dövlətin üzərinə qaldıracaq. Bütün bu adamlar, təşkilatlar, yalançı “psevdoqəhrəmanlar” müxtəlif yer və ölkələrdən, xarici ölkə agentlərindən təlimatlandırılır. Qarabağ veteranları ilə bağlı respublika təşkilatını təxirə salınmadan dirçəltmək lazımdır.
Üçüncüsü, müharibədən keçib gəlmiş hər bir şəxsin ciddi psixoloji yardıma ehtiyacı var. Təəssüf ki, müharibə iştirakçılarına lazımi qaydada psixoloji yardım göstərilmədi. Əslində, hər bir narahat iştirakçı, ümumilikdə hamısı müəyyən klinika, xəstəxanalara, sosial işçilərə təhkim olunmalı idi”.
Deputat vurğulayıb ki, yenə də gec deyil:
“Sonda isə bir təhlükəni qeyd etmək istəyirəm. Bu ölkəyə qənim kəsilən, vətəni, torpağı qəpik-quruşa satmağa hazır olan yalançı bloqerlər, əlində telefon və çəkiliş kamerası gəzdirib, amma iki cümləni ard-arda qoşa bilməyən reket jurnalistlər ölkəni təhlükəyə sürükləyir. Qarşısı alınmayacaqsa, bilin ki, dövlət gedəcək.
Hoqqabazlıq, yalançılıq və “psevdovətənpərvərlik” çağırışları ilə məşğul olan, amma ölkəni bəlli məbləğə satmağa hazır olan "müxalifət" adı altında gizlənən bir qrup millişuraçı, əlikərimçi, gültəkinçi qanunun imkan verdiyi tərzdə hiyləgərliklə açıq-açığına dövlət çevrilişinə çağırış edir.
Qarşısı alınmayacaq, bilin ki, dövləti batıracaqlar. Azərbaycanı başqa ölkələrin köləsinə çevirəcəklər. Qarabağı da alıb Ermənistana verəcəklər. Bu isə onların heç vecinə deyil. Onlar nəinki indiki hakimiyyətdən, həm də Azərbaycan xalqından qisas almaq istəyirlər. Bütün uğursuzluqlarını belə ört-basdır edəcəklər. Ayılmaq və hərəkət etmək vaxtı deyilmi? Yoxsa hələ də “xarici ölkələr nə deyər”, “beynəlxlaq təşkilatlar nə hazırlayıb yayar” qorxusu ilə demokratiya adı altında “gizlənpaç” oynayacağıq?
Məgər görmürük ki, bu ölkədə yeni separatizm ocaqları, etnik münaqişələr və xalq qarşıdurması yaratmaq üçün məngənədə sıxılırıq? Məgər bu satqınlığa, xəyanətə hazır olan “radikal müxalifət” adı altında fəaliyyət göstərənlərin niyyətini görmürük?
Görmürsünüz ki, onlar da ölkəmizdə yeni separatizm, etnik münaqişələr, dini ayrımçılıq yaradan xarici düşmən qüvvələrin ölkəmizdə fəaliyyət göstərən gizli xəyanətkar əlləridir? Məndən demək, əlimdən gələn mübarizəni də aparır və aparacağam. Amma hər kəsin dövlətimizin qorunması üçün əlini daşın altına qoyması lazım. Kim qoymursa, xəyanəykarlığın iştirakçısıdır. İstər adi insan, istər vəzifəli şəxs olsun. Güzəşt olmamalıdır!”
AZİNFORM.AZ