Bir gün əvvəl bir sıra erməni KİV-ləri Qarabağın “Təhlükəsizlik Şurasının katibi” general Vitali Balasanyanın Azərbaycan nümayəndələri ilə birlikdə Laçına və Zabux kəndinə getdiyi, oradakı sakinlərin evlərini göstərdiyi barədə məlumat yayıb.
AZİNFORM.AZ xəbər verir ki, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, köçürülən ermənilər onların evlərinə ziyan vurmayacaqlar. Xatırladaq ki, bundan əvvəl ermənilərin işğaldan azad edilmiş Kəlbəcər rayonundan köçürülməsi zamanı işğal etdikləri rayonda qeyri-qanuni məskunlaşan erməni sakinlər azərbaycanlıların yaşamaması üçün evlərini yandırıblar.
Bu gün Ermənistan tərəfi Vitali Balasanyanın Rusiya sülhməramlıları və Azərbaycan nümayəndələri ilə birlikdə Laçına və Zabux kəndinə səfərini rəsmən tanıyıb. Məlumatda bildirilir ki, səfər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın icrası çərçivəsində həyata keçirilib. Vitali Balasanyan Ermənistanı Qarabağla birləşdirəcək yeni marşrutun tikintisi ilə də tanış olub .
Qeyd edək ki, Vitali Balasanyan Ermənistan hakimiyyətini Azərbaycanla danışıqlara görə xəyanətdə ittiham edən ən odioz erməni generallarından biridir. Balasanyan işğal altında olan Əsgərandandır. O, ən fəal Qarabağ separatçılarından biri olub və şəxsən Qarabağda azərbaycanlıların etnik təmizlənməsinə rəhbərlik edib. Bu səhra komandiri Ağdam və Füzulinin işğalında mühüm rol oynayıb. O, erməni birləşmələrindən birinə komandanlıq edərək azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə fərqlənirdi.