Ermənistan 44 günlük müharibədən sonra Azərbaycanla əlaqələri qaydaya salmağa hazır olduğunu elan etsə də, reallıqda əldə olunan razılaşmaları həyata keçirməmək üçün əlindən gələni edir. Ermənilər Laçının və ətraf kəndlərin Azərbaycana təhvil verilməsi günləri yaxınlaşdıqca daha da azğınlaşır və hər yolla vəziyyəti gərginləşriməyə çalışırlar. “AzPolitika.info” bu mövzunu sabiq dövlət müşaviri, professor Qabil Hüseynli ilə müzakirə edib.
AZİNFORM.AZ həmin müsahibəni təqdim edir:
- Qabil müəllim, hazırda Ermənistan və Azərbaycan arasında mövcud olan hərbi-siyasi durumu və sülh danışıqlarını necə qiymətləndirirsiniz?
- Ermənistan dizini yerə qoyaraq kapitulyasiyanı qəbul etdikdən sonra xeyli üzüyola kimi görünür, konstruktiv addımlar atmaq istəyini ifadə edirdi. Paşinyan Qarabağ məsələsinin Azərbaycan Konstitusiyası çərçivəsində həlli haqqında parlamentdə açıq fikirlər səsləndirdi. Sərhədlərin delimitasiyası məsələsində də müsbət proses hiss edilirdi. Brüsseldə baş tutan son danışıqlar kifayət qədər konstruktiv olmaqla yanaşı problemin həllinə ümidlər yaradırdı. Ancaq təəssüflər olsun ki, Brüssel görüşündən sona Rusiya Paşinyanı Moskvaya dəvət edərək, onunla söhbətlər apardı, ona müəyyən əmrlər və tövsiyyələr verdi. Paşinyan da Moskvadan qayıtdıqdan sonra sözündən qaçır, yeni və ziddiyyətli müddəalar səsləndirir.
Ümumiləşdirilmiş şəkildə desək, Rusiya Paşinyana açıq söyləyib ki, Qarabağ haqqında müstəqil qərar verə bilməzsən. Bu məsələ Rusiyanın iradəsindən asılıdır və sən təkbaşına istədiyin addımı ata bilməzsən. Beləcə proseslər təbii axarından çıxarılır. Ona görə də, danışıqlar prosesi yerində sayır.
Kapitulyasiyanın üzərindən keçən hər gün sanki kimlərsə tərəfindən edilən tövsiyyə, dəstək və göstərişlər sayəsində Ermənistan qamətini bir az düzəldib, ordu quruculuğundan danışır, ordunu müqavilə əsasında formalaşdıracağını, hətta hərbçilərini Qarabağa göndərəcəyini və s. deyir. Əlbəttə, bu, çox təhlükəli tendensiyadır. Əvəzində Azərbaycanda komando döyüş bazalarının yaradılmasına başlanıldı. Komando bazalarından biri Kəlbəcər, digəri Xocavənddə yaradıldı. Paşinyan da vəziyyətdən istifadə edərək dünyaya bəyan edir ki, Azərbaycan müharibəyə hazırlaşır. Üstəlik Qarabağdakı separatçılara get-gəllər çoxaldı. Həm Rusiyadan, həm də Fransadan. Beləliklə, bir növ Qarabağdakı qondarma rejimin reabilitasiya olunması və güclənməsinə şərait yaradılır. Ancaq kimin, hansı mərkəzin nə istəməsindən asılı olmayaraq, Azərbaycan öz haqqını müdafiə edəcək.
- Hadisələr göstərir ki, Ermənistan həm ölmüş Minsk Qrupunu diriltmək, həm də Zəngəzur dəhlizi məsələsində müqavimət göstərməkdə davam edir. Sizcə, bu müqavimət nə vaxta qədər davam edə bilər?
- Ermənistan bu günə qədər problemin həlli istiqamətində heç bir əməli fəaliyyət göstərməyən və artıq ölmüş qurumu canlandırmağa cəhd edir. Burada onun ABŞ və Fransadan böyük dəstək alması da aranı qarışdıran məqamdır. Sergey Lavrovun sonuncu Bakı səfəri zamanı verdiyi ən önəmli bəyanatlardan biri Minsk Qrupu ilə bağlı oldu. Rusiya rəsmisi açıq dedi ki, artıq Minsk Qrupu mövcud deyil. Məncə bu, dünya ictimai rəyi üçün əhəmiyyətli mesaj idi. Azərbaycan Prezidenti isə həm Minsk Qrupu, həm də qondarma rejim haqqında müxtəlif səviyyələrdə deyilən fikirləri rədd etdi. Açıq bildirdi ki, həm Minsk Qrupu məsələsi, həm də “status” artıq tarixdə, keçmişdə qalmış məsələlərdir və bu gün onlar haqqında danışmaq normal məntiqə uyğun gəlməməklə yanaşı bölgədə sülh yaratmaq istəyən qüvvələrin maraqlarına cavab verməyəcək. Xüsusilə də Azərbaycanın. Azərbaycan 44 günlük müharibədəki qələbəsindən sonra bu müharibəni təftiş edənlərə öz mövqeyini çatdırıb. Belə cəhdlər yeni dünya düzəninə də qarşı çıxmaqdır. Belə çağırışları Azərbaycan qətiyyətlə rədd edib.
Əlbəttə, hazırda Ermənistan tərəfindən müəyyən müsbət fikirlərə rast gəlinir, amma təəssüflər olsun ki, bu səslər bilavasitə dövlət təmsilçiləri tərəfindən səsləndirilmir. Məsələn, Ermənistanın sabiq səhiyyə naziri, hazırda iqtidar partiyasından deputat olan Tomosyan deyir ki, biz qonşularla sülh şəraitində yaşamağı öyrənməliyik. Ermənistan və erməni xalqı əslində ona sırınan saxta stereotiplədən xilas olmağı öyrənməli, qonşularla dinc və yanaşı yaşamaq vərdişlərini tətbiq etməlidir. Mən hesab edirəm ki, onların başqa çıxışı yoxdur. Əks təqdirdə düşdükləri vəziyyətdən çıxa bilməyəcəklər.
- Deyirsiniz ki, təhlükəli tendensiyalar müşahidə edirsiniz. Sizcə, proseslər daha çox hansı istiqamətdə cərəyan edə bilər?
- Əvvəla, Azərbaycan həm xarici siyasət, həm də ordu quruculuğu sahəsində kifayət qədər uğurlar qazanıb. Bölgənin güclü dövləti olmaqla yanaşı diqtəedici imkanlara malikdir. Beynəlxalq münasibətlər sistemində aktiv oyunçuya çevrilib və iradəsini təkcə bölgə miqyasında deyil, dünyada tətbiq edə bilir. Belə bir şəraitdə həm beynəlxalq hüquqa zidd, həm də Azərbaycanın xeyrinə olmayan ikili standartlardan çıxış etmək əslində bölgədə yeni fəlakətin yaranmasına gətirər və udazan tərəf yenə Ermənistan olardı. Diqqət edin, Ermənistan Zəngəzur dəhlizinin açılmasını uzada-uzada ona gətirib çıxardı ki, Azərbaycan İran ərazisindən Naxçıvana və oradan da Türkiyəyə qədər uzanacaq dəmir yolu məsələsini gündəmə gətirdi. İran tərəfi də buna razılıq verdi. Beləliklə, ermənilər öz siyasətləri ilə Ermənistanın dalanda qalmasına şərait yaradıblar. Amma dünyanın harasına gedirlərsə, utanmadan blokadada olduqlarını elan edirlər.
Ermənistan sülh müqaviləsi imzalamasa hər zaman Azərbaycan Ordusunun təhdidi altında yaşamalı olacaq. Günlərin birində gözlərini açıb görəcəklər ki, Qarabağın ermənilərin yaşayan dağlıq hissəsində anti-terror əməliyyatı keçirilir. Bu məsələdə Rusiyanın razılığı ola da bilər, olmaya da. Burada Azərbaycan müstəqil şəkildə hərəkət edəcək və məsələni başa çatdıracaq. Qısası, Azərbaycanın ərazi bütövlüyü heç cür şübhə altına alınmamalıdır.
Dünya şahid oldu ki, Qazaxıstan Prezidenti Tokayev Sankt-Peterburqda keçirilən iqtisadi forumda çox açıq və diplomatik formada öz müqəddaratını təyinetmə adı altında imperialist siyasət aparan Rusiya siyasətini Putinin üzünə söylədi. Üstəlik, artıq bu prinsipin köhnəldiyini və dünyada sabitləşdirici rol oynaya bilmədiyini, əksinə, xaosa aparacağını həmin forumda səsləndirdi. Dünyanın əksər ölkələri də öz müqəddaratını təyinetmə prinsipinin əleyhinədirlər. Gün kimi aydındır ki, bir millətin iki dəfə öz müqəddarıtını təyin etmə hüququnun tanınması absurddur. Qarabağda təxminən 18-20 min erməni yaşayır, amma 120 min ermənidən danışırlar. Laçın şəhərindən və Zabux kəndindən çıxarılan erməniləri də Şuşa ətrafındakı Azərbaycan kəndlərinə köçürmək istəyirlər. Bütün bunların hamısı bölgəni barıt çəlləyinə çevirmək məqsədi daşıyır, buna çalışırlar. Bunlar elə bilirlər ki, Azərbaycan bütün bu hərəkətlərə dözəcək və bunları həzm edəcək. Ciddi surətdə yanılırlar. Azərbaycan status-kvonu öz ziyanına dəyişdirmək üçün edilən cəhdlərin heç birinə imkan verməyəcək və bunun qarşısını lazım olan üsullarla alacaq. Bu məsələdə qəyyumlarının ermənilərə hərbi dəstək vermək imkanı olmayacaq. Bu baxımdan bölgədə təhlükəli proseslərin mahiyyətində Ermənistan iqtidarının qeyri-konstruktiv siyasəti dayanır. Onlar bunun ölkələrinə baha başa gələcəyini bilsələr də, eyni yolda davam edirlər. Amma bunun zərərli nəticələrini çox da uzaq olmayan bir zamanda görəcəklər.
- Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycana qaytarılması reallaşır. Bununla paralel ermənilər hər gün təxribatlar törədir, vəziyyəti gərginləşdirməyə çalışırlar. Laçın dəhlizinə alternativ yolun işə salınmasına az müddət qaldığı bir vaxtda ermənilərin bu təxribatlarında əsas məqsəd nədir?
- Əvvəla, Laçın dəhlizinə alternativ yolda Azərbaycanın nəzarətini təmin etməsi məsələsi aktuallaşacaq. Azərbaycan nəyin bahasına olursa-olsun Ermənistanın hərəkətlərinə alternativ addımlarla cavab verəcək. Bu da yeni tikilməkdə olan Laçın dəhlizinə alternativ yolun işə salınmasından sonra baş verəcək. Üstəlik də Laçından çıxarılan ermənilərin Qarabağın dağlıq hissəsinə köçürülməsi prosesi baş verərsə, bu, Azərbaycanı hərəkətə keçməyə və konkret tədbirlər görməyə məcbur edəcək. Bu baxımdan ermənilərin təxribatı, qeyri-konstruktiv hərəkətləri mümkündür ki, Ermənistan daxilində müəyyən qədər işləsin. Lakin bütün bunlar Azərbaycan tərəfindən ciddi siqnal kimi qəbul edilir və günün birində Azərbaycan bu addımların qarşısını almağa məcbur olacaq.
İkincisi, artıq sosial şəbəkələrdə görüntülər yayılıb ki, Laçında və onun kəndlərində ermənilərin məskunlaşdığı evləri digər ermənilər girərək dağıdır, yağmalayır, qarət edirlər. Laçın şəhərində bir evin sahibi evinin ermənilər tərəfindən necə qarət olunduğunu sosial şəbəkələrdə paylaşaraq bunu azərbaycanlının deyil, öz ermənilərinin etdiyini bildirir. Bəli, ermənilər Laçında da yanğınlar və qarətlər törədə bilərlər. Bunun baş verməməsi üçün rus sülhməramlılarına xəbərdarlıq olunub. Əgər rus sülhməramlıları prosesi kənardan seyr edəcəksə, bizim hadisələrin kim tərəfindən törədilməsi haqda təəssüratımızı gücləndirəcək, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yaradacaq. Ona görə də, Azərbaycan tərəfi diplomatik kanallarla Rusiya hökumətinə, hərbi kanallarla Rusiya Müafiə Nazirliyinə müraciət edərək ermənilərin bu ərazilərdən çıxarkən yanğın və qarətlərə yol verməməsi üçün xəbərdarlıq etməlidir.
AZİNFORM.AZ