Paşinyan Qarabağda yeni oyun qurur: Hədəfi nədir?
15-07-2022, 14:07

Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın təqdimatı ilə prezidentin Edvard Asryanı Baş Qərargah rəisi təyin etməsi erməni ekspertləri və mediasının özündə də təftiş edilməkdədir.

AZİNFORM.AZ xəbər verir ki, təyinatın ən maraqlı cəhətlərindən biri Asryanın Qarabağda doğulması, Xocavənd rayonunun Azıx kəndindən olmasıdır. Asryanın demək olar ki, bütün həyatı Qarabağın işğal edilməsi ilə bağlı olub və Qarabağ klanının “öndəgələn” zabitlərindən biri sayılır.

Asryan Ermənistanın vaxtilə işğal altında saxladığı Qarabağda qanunsuz yerləşdirilən bir sıra hərbi hissələrə, o cümlədən cəbhədə döyüş növbətçiliyində olan birləşmələrə komandanlıq edib. Onun 2021-ci ilin martında Baş Qərargah rəisinin müavini təyin edilməsinin özü belə təəccüblə qarşılanmışdı.

O, Qarabağ klanının ordudakı dayaqlarından biri olduğunu da bu və ya digər formada vaxtaşırı olaraq göstərib.

“Asryan – 44 günlük müharibədən sonra, 2021-ci ilin fevralında Nikol Paşinyanın istefasını tələb edən 41 hərbçi içərisində yer alan generallardan biri idi. O, “Baş nazir Nikol Paşinyan və Ermənistan hakimiyyəti bu kritik və taleyüklü situasiyada adekvat qərar qəbul etmək iqtidarına malik deyil” deyən şəxs olub”, - Ermənistanın “Hraparak” qəzeti yazır.

2021-ci ilin 27 sentyabrında Asryan Baş Qərargah rəisinin müavini və Baş Qərargahın Baş Operativ İdarəsinin rəisi vəzifəsindən azad edilir. Onun haqda konkret qərarın verilməsinin səbəbi isə Paşinyanın istefasını tələb etməsi deyildi. Belə ki, istefa tələbindən sonra Baş Qərargah rəisi Qasparyanı vəzifədən çıxarmağa nail olan Paşinyan digər general və zabitləri öz tərəfinə çəkə bilmişdi. “Ağıllanan” zabitlər arasında Asryan da var idi. O, fevral tələbindən sonra açıqlamalarında hakimiyyəti müdafiəyə keçmişdi və Azərbaycanla bağlı ritorikasını da dəyişdirmişdi.

Onun vəzifədən sentyabrda gözlənilmədən uzaqlaşmasının səbəbi Qarabağ klanına mənsub sabiq müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanla görüşü olmuşdu. Bu görüşdə Asryan sabiq rəhbərinə xüsusi hörmətini nümayiş etdirmiş, ona “cənab general” deyə müraciət etmişdi. Bu isə onun hələ də keçmiş klanla əlaqələrinin güclü olduğu və qarabağlı Ohanyanın təsiri altında qaldığını təsdiqləyirdi.

Qəribədir ki, bütün vəzifələrini itirəndən bir müddət sonra geri qaytarılan və yenidən Baş Qərargah rəisinin müavini olan Asryan ötən gün Baş Qərargah rəisi vəzifəsinə yiyələnir. Bu isə olduqca ciddi məqam olmaqla bərabər, Azərbaycan üçün də bir siqnal sayılmalıdır.

1. 2018-ci ildə Ermənistanda başlayan məxməri inqilabın uğurla başa çatmasının səbəblərindən biri və birincisi Ermənistan ermənilərinin Qarabağ ermənilərinə nifrətidir. Ermənistanda Qarabağ ermənilərini ona görə sevmirlər ki, Azərbaycanda doğulub, daha sonra milli ədavət salaraq, torpaqlarımızı işğal edən bu erməni dəstəsi daha sonra Ermənistanda hakimiyyəti ələ keçirdi və 20 ildən artıq bir müddətdə bütün vəzifələrdə Qarabağdan olan ermənilər yerləşdirildilər. Ermənistanda rüşvət, korrupsiya, zorakılıq qarabağlı ermənilərin adı ilə bağlıdır. Köçəryan-Sərkisyan-Ohanyan klanı və onların ətrafında birləşənlər illərlə Ermənistanı müharibə təhdidi ilə qorxudaraq, çapıb-talamaqla məşğul olublar.

2. Ən dəhşətli nümanə 2008-ci il seçkilərinə aiddir. Həmin zaman seçkilərin saxtalaşdırılmasına etiraz edən ermənilər Qarabağ klanına qarşı böyük aksiyalar keçirmişdilər. Qarabağ klanı isə ermənilərə atəş açmaq barədə qərar vermişdi və rəsmi məlumata görə, 1 mart tarixində 11 erməni qətlə yetirilmişdi. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəm 30-dan çoxdur. Bunun bütün məsuliyyəti Köçəryan-Sərkisyan rejimində olsa da, onlardan heç biri məsuliyyətə cəlb edilmədi.

O zaman həbs edilən 1500-dən çox aksiyaçı içərisində (qeyri-rəsmi mənbələr isə ən azı 3500 nəfərin həbs edildiyi və zorakılığa məruz qaldığını açıqlamışdı) Ter-Petrosyanın kadrı, jurnalist Nikol Paşinyan da vardı və Nikol Paşinyan həbs olunmuş, bir il türmədə yatmışdı.

Ermənistan ermənilərinə Qarabağ klanının etdiyi zülmləri, qətliamları və zorakılığı Paşinyan birbaşa öz üzərində yaşamış adamdır və ona görə də 2018-ci il inqilabından sonra Paşinyan Qarabağ klanına qarşı olduqca sərt mövqe tutdu, hətta Köçəryanı həbs etdirməyə nail oldu, Sərkisyanı da məsuliyyətə cəlb etməyə çalışdı.

Paşinyanın bu addımlarının arxasında isə xalq dayanırdı, çünki Ermənistan xalqı qarabağlılara nifrət edir ki, bunun da səbəblərini qısa olaraq göstərdik.

Ona görə də sual olunur: nə baş verdi ki, Nikol Paşinyan Ohanyanın əsas kadrlarından birinə ordunu etibar etdi? Qarabağ klanının ordunu məhv etdiyini deyən Paşinyanı fikrini dəyişməyə nə məcbur etdi?

Qarabağla bağlı hansı plan hazırlanır?

Bütün bu suallar Nikol Paşinyan hakimiyyətinin Qarabağla bağlı qanlı bir plan hazırladığı haqda ehtimallara yol açır:

1. İyun ayının axırlarında Ermənistan Baş Qərargah rəisinin müavini Saak Saakyan hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyini elan etdi.

Bu, açıq-aşkar 10 noyabr 2020-ci il bəyanatının maddələrinin pozulmasının rəsmi etirafı olmaqla bərabər, Bakıya əlcək atmağa bənzəyirdi. 10 noyabr 2020-ci il bəyanatına əsasən, rus sülhməramlılarının yerləşdirilməsi ilə eyni vaxtda erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalı idi. İndiyə qədər rus sülhməramlılarının “böyür-başında” dayanmasına şərait yaradılan qanunsuz silahlıların guya “Qarabağdakı ermənilər” olduğu bildirilir, onların da guya öz təhlükəsizliyi üçün bunu etdiklərinə don geyindirilməsinə çalışılırdı.

Saakyan isə rəsmən bəyan etdi ki, Azərbaycanın Qarabağ bölgəsində, rus sülhməramlılarının məsuliyyət zonasında Ermənistanın hərbi birlikləri var və o birlikləri Ermənistandan çağırışçılar göndərilir, indi isə onlar peşəkar hərbçilərlə əvəzlənəcək.

2. Ermənistan Qarabağ münaqişəsinin həll olunmadığını iddia etməklə, ATƏT-in Minsk Qrupunu diriltməyə çalışır və bu zaman Rusiyanın maraqlarını nəzərə də almır.

3. Aydan-aya Qarabağa göndərilən vəsaitlərin həcmi artırılır. Əgər 2021-ci ildə Qarabağ separatçılarına 240 milyon dollar civarında “büdcəyə transfer” göndərilmişdisə, 2022-ci ildə bu həcm 288 milyon dollara qaldırılıb. Bu məbləğə erməni diasporundan göndərilən yardımları da əlavə etdikdə, Qarabağdakı separatçılar yalnız dotasiya formasında 350 milyon dollar civarında vəsait əldə etmiş olacaqlar.

Bu vəsaitin guya Qarabağa rus sülhməramlılarının qaytarıb gətirdiyi ermənilərin kommunal xərclərinin ödənilməsinə, təmir-bərpaya və məskunlaşmaya sərf olunacağı iddiası yalandır. Çünki Qarabağda cəmi 27 min erməni var, yeni məskunlaşma üçün baş separatçı Araik Arutyunyanın tikdiyi 100 ev isə “fanelka”dandır və cüzi xərc tələb edir.

Nəzərə alsaq ki, bütövlükdə 350 min əhalinin yaşadığı Naxçıvanın büdcəsi 320 milyon dollar civarındadır, onda Qarabağ separatçılarına gələn 350 milyon dolların böyük məbləğ olduğunu müəyyən etmək olar. Bu vəsaitin əhəmiyyətli hissəsinin hərbi xərclərə yönəldildiyi, silah-sursatın alınmasına xərcləndiyini ehtimal etmək daha məntiqlidir.

4. Asryanın Ermənistanda Baş Qərargah rəisi təyin edilməsi ərəfəsində sərhəddə demək olar ki, hər gün atəşkəs pozulur və s.

Xatırladaq ki, bir neçə gün öncə erməni siyasətçi Tevos Arşakyan Qarabağ klanının Qarabağda hücuma keçməyə hazırlaşdığı haqda sensasion bəyanatla çıxış etmişdi. Belə çıxır ki, Qarabağ klanı doğrudan da Qarabağda nəyəsə hazırlaşır və bu işdə Paşinyan da onlarla birləşib.

Əks halda Paşinyanın düşmən kimi qəbul etdiyi Qarabağ klanının sadiq generalına ordunu həvalə etməsinin izahı yoxdur.    /axar.az/





up