Ermənistana səfər edən İngiltərə vətəndaşı dünən tviterdə Qərbi Zəngəzurun Qarakilsə (Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 1940-cı ildəki fərmanı ilə adı dəyişdirilərək Sisyan qoyulub) rayonunun Urud (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci ildəki fərmanı ilə adı dəyişdirilərək Vorotan adlandırılıb) kəndindən fotolar paylaşıb. Şəkillərdən aydın görünür ki, kəndin qəbiristanlığı dağıdılıb, məzar daşları aşırılıb və sındırılıb. Təəssüflər olsun ki, erməni vandalizmi ilə üzləşən yalnız qədim yaşayış məntəqəmiz Urud, o cümlədən onun qəbiristanlığı deyil. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri - Qarabağ və Şərqi Zəngəzurun 2020-ci ildə azad olunmasından sonra ermənilərin işğal dövründə bu torpaqlarda məscid, məzarlıq, ziyarətgah, həmçinin, digər tarixi və mədəni abidələrimizə qarşı törətdiyi vəhşiliklərin miqyasından bir daha başa düşdük ki, onlar xarakterlərinə xas analoji davranışı nəzarətlərində saxladıqları bütün yerlərdə nümayiş etdiriblər. Amma təəssüflər olsun ki, bu məsələdə də yeni riyakar, ikili yanaşma ilə qarşılaşırıq. Dünyanın harasındansa Qarabağa köçüb gələn bir erməninin daxmasından kərpic düşəndə bəşəri cinayətin baş verdiyini dünyaya car çəkən "beynəlxalq insan hüquqları və mədəniyyət" qoruyucuları nədənsə hələ də ermənilərin Cənubi Qafqazda zəbt etdiyi on minlərlə kv. km ərazidə türk və müsəlman abidələrinə qarşı törətdiyi mədəni soyqırımla bağlı dərin sükut içindədirlər.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 20 may 2022-ci ildə bu mövzu ilə bağlı UNESCO-ya - Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna bir daha çağırış edib: "Biz istərdik, UNESCO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər".
Haqqında bəhs etdiyim tvitdə diqqəti çəkən məsələlərdən biri də toponimika ilə bağlıdır. Bloger nədənsə (tarix bilgisinin məhdud olması da istisna deyil) haqqında bəhs etdiyim tvitində Vağudi və Urud deyil, Vaghatin və Vorotan adlarından istifadə edir. İlk olaraq bir həqiqəti vurğulamaq lazımdır ki, adına Ermənistan deyilən bu kvazi dövlətin quzeyindəki Şörəyel mahalından cənubundakı Zəngəzura - Mehri rayonuna qədər olan hər qarışı qədim türk tarixinin soraqçısıdır. Qarakilsənin kəndləri isə bu sırada xüsusi ilə fərqlənirlər. Çox qədim tarixə ekskursiya etmədən, sadəcə Çar Rusiyasının Araz çayından quzeydəki Azərbaycan torpaqlarını işğal etdiyi zamandan sonrakı dövrdə Zəngəzurun kəndlərində yaşayan əhalinin siyahısına qısa nəzər salsaq aydın olar ki, ermənilərin bu torpaqlarda məskunlaşdırılma tarixi o qədər də uzaq keçmişə aid deyil.
Fədakar və zəhmətkeş tədqiqatçı, alim Nazir Əhmədlinin 2021-ci ildə Zəngəzur mahalı ilə bağlı nəşr etdiyi kitablar bu mənada qiymətli məxəzdir. Onun istər AMEA Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan " Zəngəzur mahalının Kameral təsviri, 1832-1833-cü illər", istərsə də AMEA Milli Tarix Muzeyi Elmi Şurasının qərarı ilə nəşr olunan "Zəngəzur qəzasının Kameral təsviri, 1874-cü il" nəşrləri azərbaycanlıların XIX əsrdə Cənubi Qafqazdakı etnik coğrafiyasının sərhədlərinin müəyyənləşdirilməsi və yaşadıqları ərazidə dominant saya malik olması ilə bağlı dəyərli tarixi faktlarla zəngindir. Kameral təsvirlərdə Zəngəzur qəzasının bütün kəndlərində yaşayan əhalinin sayı, sosial kateqoriya mənsubiyyəti, ödənilən verginin növü və miqdarı, həmçinin, kişilərin yaşı, sayı və milliyəti dəqiq ifadə olunub. Bu sənədlərin önəmi həm də ondadır ki, kameral təsvirləri rus imperiyasının slavyan mənşəli məmurları, özü də 1828-ci ildən etibarən ermənilərin Araz çayından quzeydəki torpaqlarımıza kütləvi sayda köçürülməsindən sonra tərtib edib. Kameral təsvirlər bir daha təsdiq edir ki, nə Vağudidə, nə də Urudda 1874-cü ildə bir nəfər də olsun erməni millətindən olan şəxs yaşamayıb.
Çar Rusiyasının Zəngəzur qəzasının rəisi Arutyunov soyadlı məmurunun tərtib etdiyi 1874-cü il tarixli kameral təsvirdə göstərilir ki, həmin tarixdə Urud kəndində 125 kişi və 97 qadın olmaqla 27 ailə yaşayır. Sənəddə qeyd olunur ki, bu şəxslərin hamısı milliyətcə tatar, yəni türkdür.
Yenə Arutyunovun 1874-cü ildə tərtib etdiyi kameral təsvirdə göstərilir ki, 3 Vağudi kəndində ümumilikdə 105 ailədə 383 kişi və 270 qadın yaşayır. Onların da hamısı tatar, yəni türkdür.
Eyni zamanda Milli Məclisin deputatı Musa Urudun "Urud", “Zəngəzur”, “Zəngəzur toponimləri" və "Uruda iki səfər" kitabları da regionun avtoxon əhalisinin qədim tarixi, zəngin mədəniyyəti, coğrafiyası, əsrarəngiz təbiəti, həmçinin, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı faktoloji materiallarla zəngindir.
Məlumat üçün bildirirəm ki, ermənilər Qarakilsə rayonun Vağudi kəndinə 1918-ci ildə azərbaycanlıların soyqırımından sonra köçürülüb. Həmin tarixdən 1988-ci ilə qədər bu kənddə türk və ermənilər birgə yaşayıb. Urud kəndində isə 1988-ci ilədək yalnız türk əhali yaşayırdı.
Bu gün isə artıq 34 ildir ki, nəinki adıçəkilən kəndlərdə, Qarakilsə rayonunda, Qərbi Zəngəzurda, bütövlükdə qədim Oğuz yurdu olan Qərbi Azərbaycanın heç bir inzibati vahidində bir nəfər də olsun türk, müsəlman yaşamır.
Bu məzarlarda uyuyanların hər birinin əcdadı yüzillər boyu bu torpaqlarda - doğma yurdlarında yaşayıblar. Elə onların özləri də doğulduqları və yaşadıqları, həmçinin, ətraf kəndlərin ictimai, mədəni həyatının aparıcı şəxsləri olublar. Yerli türk əhalinin sonuncu nümayəndələrinin 1988-ci ildə Zəngəzurdan deportasiya olunmasından sonra isə bu torpaqlarda yalnız yadellilər - ermənilər qalıb. Özlərinə saxta tarix uyduran, vaxtı ilə onlara rəhbərlik və sahiblik edən, onlarla çörəklərini bölüşən türk əhalinin hətta məzarlarına da dözümsüzlük nümayiş etdirən və nəhayət Vətən müharibəsindən sonra 30 illik avantüralarının, xəyallarının puç olduğu, kənar geosiyasi güclər üçün hər zaman alət sayılan nankor ermənilər...
Kəndin mərkəzində, kluba bitişik olan evimizin divarları, həyətimizin hər köşəsi, bulağımızın arxasındakı meyvə bağımız, babamın ll dünya müharibəsinə getməmişdən öncə əkdiyi qoşa armud ağacı, yay almasının rəngi, təndirxanamız, darvazamız, "Öküz bulağı"nın dupduru suyu, anamın çalışdığı kənd xəstəxanası, zavodun və kənd sovetinin binası...gözlərimin önündən getmir. Hələ də elə bilirəm ki, yenidən torpağımıza ayaq bassam 1988-ci ilin soyuq dekabr günündə yük maşını həyətimizdən çıxanadək sürdüyüm velosipedimi buraxdığım yerdə görəcəm... Uşaqlığımı həmin yerdə yenidən yaşamağa başlayacağam...
Xatirələr hər gün içimi göynədir...Hər gün...
Yalnız 5 yaşlı uşağın göz yaddaşındakı təsvirlərə deyil, həm də genetik yaddaşıma söykənərək inanıram ki, biz o torpaqlara yenidən dönəcəyik! İçimizdəki doğma yurda tükənməz sevgi hissi məşələ dönərək yolumuzu işıqlandıracaq...
Son bir neçə əsrin tarixi istiqamətini dəyişən şanlı Vətən müharibəsindən sonra daha çox inanıram ki, yaxın gələcəkdə əzəli yurdlarımıza qayıdacaq və həsrətlə, nisgillə, ömrünün ən gözəl çağlarını keçirdikləri doğma torpaqları bir daha görməyərək həyatdan köçən ata-anamın, babalarımın, nənələrimin, çoxsaylı yaxınlarımın və minlərlə soydaşımızın ruhuna dualar oxuyacağıq. Onda məzarlığı ziyarət etməyə də gedəcəyik, son 34 ilədək hər qarışından azərbaycanlıların hənirtisi gələn, hər yerində izimiz olan yurd yerlərimizə də baş çəkəcəyik.
Qərbi Zəngəzura böyük qayıdışdan sonra yalnız Qarakilsənin azərbaycanlıların 1988-ci ilədək yaşadığı Qızılcıq, Ərəfsə, Comərdli, Sofulu, Vağadi, Urud, Ağdü, Dəstəyurd, Şəki, Şıxlar, Murxuz kəndlərindəki məzarlıqlardakı həmvətənlərimizin deyil, bütün əcdadlarımızın ruhu şad olacaq. /bakupost.az/
Allah qərib ellərdə uyuyan bütün azərbaycanlılara rəhmət eləsin!
AZİNFORM.AZ