Geridə qoyduğumuz ildə kimləri itirdik - VİDEO
31-12-2022, 20:55

Arxada qoyduğumuz hər il həm də itkilərlə yadda qalır. 2022-ci ildə də itirdiklərimiz az olmayıb. Bu il Azərbaycan mədəniyyət və incəsənətində özünəməxsus iz qoyan bir çox məşhur simanı bizdən alıb. 

AZİNFORM.AZ 2022-ci ildə vəfat edən məşhurları təqdim edir.

Yeni il başlar-başlamaz incəsənət aləminə ağır itki üz verdi. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru, "Qəzəlxan", "Gülüş sanatoriyası", "Şirbalannın məhəbbəti" kimi filmlərdə unudulmaz obrazlar yaradan, Əməkdar artist Novruz Qartal 8 yanvar 2022-ci ildə 74 yaşında xərçəng xəstəliyindən vəfat etdi. Mərhum aktyor Gəncədə "İmamzadə" ziyarətgahında dəfn edilib.

Tanınmış qoboy ifaçısı, Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli Kamil Cəlilov fevralın 22-də, ömrünün 84-cü ilində vəfat edib. Xalq artisti Kamil Cəlilov fevralın 23-də Bakıda, II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan muğam sənətinin canlı əfsanəsi,100-dən artıq mahnı və təsniflərin müəllifi, Xalq artisti Əlibaba Məmmədov fevralın 25-də, 92 yaşında vəfat edib. Mərhum sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdi. 13 martda sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmişdi. 16 martda isə nəşi Bakıya gətirilmişdi. Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunub.

Xalq artisti, teatr rejissoru və aktyor Vaqif Əsədov 5 apreldə, 75 yaşı olarkən vəfat edib.

Xalq artisti, bəstəkar-professor Sevda İbrahimova 17 iyulda, 83 yaşında vəfat edib. O, məşhur tarzən, Xalq artisti Qurban Primovun nəvəsi, yazıçı Mirzə İbrahimov və pianoçu Sara Primovanın qızıdır.

"Bəxt üzüyü" filminin "Sevda"sı, məşhur müğənni və aktrisa Firəngiz Rəhimbəyova 62 yaşında dünyasını dəyişib. O, 16 avqustda uzun illərdir yaşadığı Los-Ancelesdə ürəktutmasından vəfat edib.

Əməkdar rəssam Asif Azərelli 4 sentyabrda 76 yaşı olarkən, uzun sürən xəstəlikdən vəfat edib. O, ən çox qəbul edilən "Dədə Qorqud" obrazının yardıcısı kimi tanınır.

Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyev sentyabrın 5-i ABŞ-ın Nyu Cersi ştatında dünyasını dəyişib. O, uzun sürən xəstəlik səbəbilə 77 yaşında vəfat edib.

Xalq artisti Vaqif Abutalıbov 16 sentyabrda, 73 yaşında vəfat edib. O, 16 yaşından truba ifaçısı kimi müxtəlif musiqi birliklərində çalışıb. Sənətçi yaradıcılığa Tofiq Əhmədovun rəhbərlik etdiyi musiqi ansamblından başlayıb, sonra fəaliyyətini "Qaya" vokal-instrumental ansamblı ilə davam etdirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa Fərqanə Quliyeva 22 sentyabrda 65 yaşı olarkən vəfat edib. Onun uzun sürən xəstəlikdən dünyasını dəsyişdiyi bildirilir.

Tanınmış bəstəkar, müğənni Rəhim Rəhimli isə sentyabrın 30-u vəfat edib. Sirrozdan əziyyət çəkən Rəhimlinin dünyasını dəyişməsinə səbəb isə ürək çatışmazlığı olub.

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 9 oktyabrda Honkonqda həyatını itirib. 83 yaşlı sənətçinin qızı anasının ölüm səbəbindən danışarkən, onun ürəyində və böyrəklərində problem olduğunu bidirib. 50-dən artıq musiqinin bəstəkarı olan R.Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn edilib.

Əməkdar artist Dədə Süleyman 23 oktyabrda, 83 yaşı olarkən vəfat edib. Xanəndə uzun müddətdir, şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov dekabrın 15-də vəfat edib. Tanınmış bəstəkar 81 yaşında dünyasını dəyişib.

"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Xalq artisti Fikrət Verdiyev dekabrın 22-də vəfat edib. Xalq artisti Gəncədə vəfat edib. Sənətkarla Təzə Pir məscidində vida mərasimi keçirildikdən sonra "Qurd qapısı" qəbiristanlığına aparılıb və ailə məzarlığında dəfn olunub.






up