“Yaddaşımızdakı xəcalətləri unutmamaq üçün “Xəcalət” tamaşası repertuarda qalmalıdır”
20-08-2022, 16:51
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Bu günlərdə bir sıra tamaşalarda və filmlərdə oynadığı unudulmaz rolları ilə, o cümlədən xalqımız üçün hər zaman aktual Qarabağ ağrılarını özündə əks etdirən “Xəcalət” tamaşasının unudulmaz Vətəni kimi tamaşaçıların ürəyində və yaddaşında özünə yer edən xalq artisti Nurəddin Mehdixanlı ilə söhbətləşdik. Həmsöhbətimiz böyük zəfərimizin fonunda keçmişə və sözügedən mövzunun aktuallığına, eləcə bir çox vacib məqamlara, milli-mənəvi nüanslara sənət rakursundan  nəzər saldı... 
                                                               ***
Öncə ondan başlamaq istəyirəm ki, Vətən obrazı mənim üçün Azərbaycan deməkdir. Çünki onun timsalında bir millətin taleyi, ağrıları, faciələri göstərilib və görünür ki, “Xəcalət”in müəllifi Hüseynbala Mirələmov o obrazın adını təsadüfən Vətən qoymayıb.  Pyesdə faciələr Vətənin timsalında yaşanır. Orada baş verən hadisələr həm də mənim özümün bu hadisələrin içərisində olmağımla, öz yaşantılarımla bağlı idi.  Çünki mən o zaman Birinci Qarabağ savaşının içində olan adamlardan biriyəm. Həmin hadisələrlə bağlı olaraq bir çox insanları da şəxsən tanıyıram ki, sadəcə sözləri ilə deyil, fəaliyyətləri ilə ölkəsinə, torpağına, vətəninə yardım göstərib. 

“Xəcalət”in tamaşaçılar tərəfindən sevilməsi, bizim insanlarımıza təsir eləməsi ondan irəli gəlirdi ki, onu yazan müəllifin özü də o hadisələrin içərisində olub və bütün o ağrı-acını hiss edib, yaşayıb. 

Bildiyim qədər o illərdə Hüseynbala Mirələmov Azərbaycan Dövlət Yanacaq Komitəsində  sədrin birinci müavini vəzifəsində işləyib. Həmin vaxt yanacağın göndərilməsi üçün başqa işçiləri də yollaya bilərdilər. Bildiyiniz kimi, o zaman yanacağa ciddi ehtiyac var idi. Mən şəxsən  bunun şahidiyəm ki, Hüseynbala müəllim yanacaqla doldurulmuş maşınlarda özü də sürücünün yanında otururdu və Azərbaycanın mühasirədə olan, problemlər yaşayan kəndlərinə yanacaq daşınmasında birbaşa iştirak edirdi. Təsəvvür edin, o vaxt bir dənə uzaqdan atılan güllə kifayət edirdi ki, həmin o yanacaq maşınları atom bombası kimi  partlasın və orada olan insanlarla bərabər yox olsun. Yəni bu təhlükəni, bu riski gözə alaraq orda olan insanın yazacağı mətn məhz belə olmalı idi. Çünki müəllif bütün o müsibətləri öz gözləri ilə görmüşdü. “Xəcalət” tamaşasının bu qədər ağrılı və doğruçu olmasının səbəbi budur. Yəni öz fantaziyan yaxud  da kiminsə danışdıqları əsasında qələmə alınan əsərlə şəxsən yaşayıb yazdığın əsər eyni effektdə ola bilməz. Yaşanaraq yazılan əsərdə bütün sətirlərə müəllifin ruhu hopur.

 “Xəcalət” tamaşası 2006-cı ildə Azərbaycan rejissura sənətinin sözün əsl mənasında böyük rejissoru Bəhram Osmanovun quruluşunda  cəmi altı nəfərlik ifaçı heyətlə səhnə ömrünə başlayıb. Elə həmin ildən Akademik Milli Dram Teatrının repertuarına daxil olub və 13 il fasiləsiz olaraq teatrın repertuarında öz yerini qoruyub, dünyanı gəzib, nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. O tamaşada Akademik Milli Dram Teatrının ən öndə gedən aktyorları rol almışdı. Dünya ədəbiyyatı tarixində öz imzası, mövqeyi, ədəbi möhürü olan, türk dünyasının böyük yazıçısı Çingiz Aytmatov Azərbaycana gələndə “Xəcalət”ə baxmışdı. Tamaşadan sonra səhnəyə çıxan yazıçının aktyorlarımızı təbrik edərkən dediyi cümlələr indiyə kimi yadımdadır: “Mən dünyanın bir çox ölkələrini gəzmişəm, bir çox böyük teatrlarda tamaşalara baxmışam, amma mən heç vaxt bu şəkildə təsirlənməmişdim. Altı nəfər aktyor bir millətin faciəsini elə yaşadı ki, mən elə bilirdim ki, o hadisələr, Qarabağ faciəsi bu dəqiqə mənim gözümün qarşısında baş verir...”
Yəni bu, sıradan bir adamın adi sözləri deyildi, görkəmli ədəbiyyat xadiminin Azərbaycan ədəbiyyatı və teatrı haqqında fikirləri idi.


“Xəcalət” 13 il bu millətə hansı xəcaləti yaşadığımızı və yaşadığımız xəcalətdən xilas olmağın yollarını göstərdi. “Xəcalət” bizə başa salırdı ki, nə qədər ki, biz erməni işğalında olan torpaqlarımızı azad etməmişik, dədə - babalarımızın məzarına sahib çıxmamışıq, heç birimizin ölməyə ixtiyarı yoxdur. 

Təsəvvür edin, o tamaşa neçə yüz dəfə oynanılıb, hər dəfə sonda bu sözlər deyilib, zaldakılar  göz yaşları içərisində həm ağlayıb, həm də alqışlayıb. “Xəcalət” bizə bir ola bilməməyimizin, bir-birimizin yanında yox, qarşısında olduğumuz üçün yaşadığımız xəcaləti göstərirdi. Orada iki nəfərin - Vətənlə Muradın timsalında mübarizə təqdim olunur. Vətən yaralarından qan sızan, təslim olmaq istəməyən, bir gün arzusuna yetmək uğrunda savaşan bir Vətənin - Azərbaycanın obrazıdır. Bir də var Murad - həyatında ağlagəlməz arzularını reallaşdıran, hər şeyə sahib olan və muradına yetmiş, vətən, dost, qardaş, torpaq, dədə-baba məzarından qarnına görə imtina eləmiş bir tərəf... Savaş  da bu tərəflər arasındadır. O tamaşada Vətən mənəvi qələbə çalır və biz həmişə tamaşanın sonunda bu sözü deyirdik: gün o gün olsun ki, bizim torpaqlarımız azad olunsun, Şuşada qələbə bayrağımız dalğalansın və biz bu böyük xəcalətdən xilas olub artıq qələbələrimizə həsr olunan tamaşalarda oynayaq. O tarixi gün nəhayət, gəldi çatdı, arzularımız çin oldu. Mənə elə gəlir ki, “Xəcalət” tamaşası Azərbaycanın teatr tarixində  bəlkə də kimsənin əldə edə bilməyəcəyi bir uğuru yaşamış bütöv bir yaradıcı komandanın - bir dramaturqun, bir rejissorun, ifaçı aktyor heyətinin, bir teatrın əslində bütün dünyaya çağırışı və harayı idi. İllər boyu tamaşa zalına dəfələrlə yüzlərlə əsgərimiz, gənclərimiz  gəlib “Xəcalət”ə baxıblar. Şuşanın qayalarına dırmaşıb torpağımızı işğaldan azad edən  Azərbaycan igidləri həmin tamaşa zallarında yetişiblər.   

Bu gün Vətən böyük mənada yox, amma müəyyən mənada arzularına yetib. Yaraları qaysaqlayıb, amma tam sağalmayıb. Çünki Vətənin bütün yaralarının sağalması üçün hələ bizim gedəcəyimiz yollar, görəcəyimiz işlər var. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının dediyi kimi: “Bizim yeni və daha böyük hədəflərimiz var və nəyi nə zaman necə edəcəyimi mən bilirəm!" 

Savaş bitməyib, mübarizə davam edir. Azərbaycanda yaranmış yeni reallığı əks etdirən əsərlər yazılmalıdır. Azərbaycanı böyük xəcalətdən xilas etmək üçün canlarını, qanlarını qurban edən oğullarımızı daim xatırlayıb onları yadda saxlayacaq əsərlər, pyeslər, dramlar qələmə alınmalı, tamaşalar səhnələşdirilməlidir...

                                                               ***
Dövlət Akademik Milli Dram Teatrının tarixi əslində milli Azərbaycan teatrının tarixidir. Ulu öndər Heydər Əliyev hələ  1974-cü ildə - Azərbaycan teatrının 100 illik yubileyi qeyd olunanda  dərin məzmunlu məruzəsində qeyd etmişdi: “Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəni yüksəltmək üçün nə qədər çalışırlar.  Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm".  Ulu Öndər daha sonralar “Aydın” tamaşasının premyerasında iştirak edəndə də yenidən bu fikirləri dilə gətirmişdi.  
Ancaq özlərini “böyük ziyalı” adlandıran bəzi adamlar arabir aşağılayıcı tərzdə bizə eşitdirirdilər ki, Azərbaycan teatrının aktyor kollektivini Biləcəridən o tərəfdə heç kim tanımır. Yəni, özünüz fikir verin, bu, Ulu Öndərin Azərbaycan teatrına verdiyi dəyər, o birisi də özünü “böyük ziyalı” sayanların Azərbaycan teatrını “qiymətləndirməsi”... 
Azərbaycan teatrı keçmiş SSRİ-nin zamanında yalnız böyük Adil İskəndərovun rəhbərliyi altında Moskva dekadalarında qastrol səfərlərində olub və o zamandan akademik statusunu alıb, SSRİ  məkanında bu sıradan bir hadisə deyildi. Ancaq SSRİ-dən kənarda  səfərdə olmayıb. Akademik Milli Dram Teatrı ilk dəfə olaraq beynəlxalq festivallarda Azərbaycan müstəqil olduqdan sonra iştirak edib.  
2011-ci ildə Ukraynanın Yalta şəhərində keçirilən “TEATR. ÇEXOV. YALTA" IV Beynəlxalq teatr sənəti festivalına İspaniya, Portuqaliya, Fransa, İtaliya İsrail, Rusiya kimi ölkələrlə yanaşı Azərbaycan da dəvət edilmişdi. Dünyanın və Avropanın 17 ölkəsindən 51 böyük teatrın iştirak etdiyi festivalda Akademik Milli Dram Teatrı  “Xəcalət” tamaşasını təqdim etdi.  Tamaşanı oynadığımız zaman tamaşaçı zalı və tamaşadan sonra baş verənlər indiyədək gözümün önündədir. Tamaşa zamanı alqışlar və tamaşadan sonra gəlib ağlaya-ağlaya bizi qucaqlayan insanlar... Və biz heç bir- birimizin dilini də bilmirdik. Biri italyanca, biri fransızca, biri ingiliscə danışır, bizə öz təşəkkürlərini bildirirdilər. Bu, həm də Azərbaycanın başına gətirilən müsibətlərin sənətin dili ilə dünyaya çatdırılması idi. Orada bir fransız dedi ki, biz yarım saat tamaşaya tərcümə ilə baxdıq, yarım saatdan sonra bizim tərcüməyə ehtiyacımız yox idi, biz hər şeyi başa düşürdük, anlayırdıq və hər şeyi sizinlə bərabər yaşayırdıq. Festivalın mətbuat  əlaqələndiricisi Anna Xoroşko adlı bir teatrşünas jurnalist tamaşa haqqında yazmışdı: “Jüri tam haqlı olaraq Azərbaycan Akademik Milli Dram Teatrının rejissor Bəhram Osmanovun quruluş verdiyi “Xəcalət” tamaşasını “böyük aktyorluq ustalığına görə” nominasiyasında mükafata layiq gördü. Hüseynbala Mirələmovun Qarabağ qaçqınları haqqında parlaq siyasi pyesi əsasında səhnələşdirilən tamaşadan sonra  zal yekdilliklə ayağa qalxdı. Və demək olar ki, hamı göz yaşlarını silirdi. Aktyorluq sənətinin unudulmaz nümunəsinə görə Azərbaycan sənətçilərinə baş əyirəm. Biz növbəti festivalda da bu aktyorları və teatrı  görmək istərdik”. 

                                                        ***

Yaltadakı uğurlu çıxışımızdan sonra artıq “Xəcalət”in xoş sorağı hər yerə yayılmışdı. Cox keçmədən teatrımız bu tamaşa ilə martın 9-dan 17-dək Serbiyanın paytaxtı Belqradda keçirilən “Slaviya 2012” XI Beynəlxalq Teatr Festivalına dəvət olundu. Həmin festivala 265 tamaşa göndərilmişdi, jüri onların içərisindən 9 tamaşanı seçmişdi. Həmin  9 tamaşadan biri də bizim “Xəcalət” tamaşası idi. Genişlənə bilən 450 nəfərlik tamaşa zalında anşlaq idi. Həmin ərəfələrdə hansısa siyasi tədbirdə iştirak etmək üçün Belqradda olan Avropa Birliyinin nümayəndə heyəti də tamaşaya baxmağa gəlmişdi. Onları oraya o zaman Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov gətirmişdi. Tamaşanın birinci hissəsi bitər-bitməz zaldan bir nəfər səhnəyə çıxıb məni qucaqlayıb hönkür-hönkür ağladı. Zal ayağa qalxıb dayanmadan əl çalırdı. Məni qucaqlayıb ağlayan Eldar Həsənov idi. Tamaşa bitəndən sonra oradakı insanları, tamaşaçıları görmək lazım idi, hər şeyi sözlə təsvir etmək olmur. Tamaşadan sonra böyük bir ziyafət verildi, hamı öz fikirlərini söyləyir, hər çıxışlarından sonra aktyorlarımıza tərəf dönüb baş əyirdi. “Xəcalət” həmin festivalın “ən yaxşı tamaşa” nominasiyasında beynəlxalq mükafata layiq görüldü. Bu, həm də beynəlxalq səviyyədə Azərbaycan ədəbiyyatına və teatrına verilən yüksək qiymət idi...
                                                                    ***
Bir neçə ay sonra teatrımız  “Xəcalət” tamaşası ilə Moldovada keçirilən “Yevgeni İonesko” (BİTEİ-2012) beynəlxalq teatr festivalına dəvət edildi. Həmin festivalda ölkəmizlə yanaşı İtaliya, Böyük Britaniya, İspaniya, Yapo
niya, Çexiya, Rusiya, Türkiyə, Almaniya, Koreya, Rumıniya, Moldova, Gürcüstan, Ukrayna və digər ölkələrdən 25 teatr kollektivi iştirak edirdi.  

“Xəcalət” oynanılanda amfiteatr formasında olan zal anşlaq idi. Tamaşa bitdikdən sonra insanlar dəqiqələrcə əl çalır, alqışlayır, getmirdilər. Dəfələrlə pərdəni bağlayırdılar, insanlar getmirdi, sonra bir də açırdılar. Axırda teatrın direktoru aktyorların yorulduğunu dedikdən sonra tamaşaçılar yavaş-yavaş zalı tərk etməyə başladılar. Moldovadakı səfirliyimizin tamaşanın uğuru şərəfinə verdiyi ziyafətdə bir sənətçimiz, belə deyək, teatrşünasımız dedi: “Nə var  bu tamaşada? İngilis ağlayır, alman ağlayır, fransız ağlayır... Niyə özlərini öldürürlər, tamaşa qurtarmışdı, zaldan çıxmırdılar?..” Mərhum Ələsgər Məmmədoğlu cavab verdi ki, o tamaşada ürək var, millətin dərdi var! Bu haqlı cavabın qarşısında  həmin sənətşünasımız tez sözünü dəyişməli olmuşdu... 
O festivalda “Xəcalət” “Qızılgözlü mələk” mükafatına layiq görüldü. 

Yəni, deməyim odur ki, özümüzdən olanlar belə Azərbaycan teatrının parlaq uğuruna “burda nə var ki?” deyib şaşırırdılar. Çünki bunu heç vaxt görməmişdilər, belə uğurla qarşılaşmamışdılar. Festivaldan sonra tədbirin rumıniyalı moderatorunun çıxışı yadımdadır: “Biz əsl, canlı teatrı görmək istəyirik və o teatrın uğrunda mübarizə aparırıq. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrı o canlı teatrı bu gün bizə nümayiş etdirdi. Biz bu teatrı yaşadıb qorumalıyıq”. Bu, milli teatrımızın fəaliyyətinə xarici bir teatrşünasın verdiyi yüksək dəyərdir.
2011-2012-ci illər ərzində “Xəcalət” üç beynəlxalq mükafata layiq görülmüşdü, lakin internetdə gedən qısa rəsmi məlumatlar istisna olmaqla  mətbuat da, sənət aləmi də bu barədə susdu. Amma bir məsələni anlamırdılar ki, bu, təkcə Hüseynbala Mirələmovun əsəri, Bəhram Osmanovun tamaşası, Nurəddin Mehdixanlı və digər aktyorların oyunu deyildi, bu, bir millətin faciəsini dünyaya nümayiş etdirən sənət nümunəsi və Azərbaycan teatrının uğuru idi, dünya bunu qəbul edirdi, haqqında müsbət fikirlər söyləyirdi, nümunə göstərirdi, ali mükafatları təqdim edirdi, Azərbaycan sənət mühiti isə israrla susurdu... Mənə elə gəlir ki, biz mənəviyyatımızda olan çatışmazlıqları aradan qaldırmağı, qısqanclıq, paxıllıq xəcalətindən də xilas olmağı bacarmalıyıq...
Bir də elələri var ki, illərlə teatra getmirlər, özlərindən də, millətinin taleyindən və tarixindən də xəbərsizdirlər, amma bilmədən danışırlar. Belələrinə isə ümumiyyətlə, deyəcək sözüm, veriləcək açıqlamam yoxdur...

                                                          ***
2012-ci ildə “Xəcalət” tamaşasını Tbilisiyə dəvət etmişdilər. Buna qədər də gürcü tamaşaçılar “Xəcalət”ə baxmışdılar. Tbilisinin Marcanaşvili teatrında salon dolu idi, tamaşaya Gürcüstanın elit sənət, ədəbiyyat və siyasət adamları da gəlmişdilər.  Bizdə belədir ki, bizim tamaşaçılar tamaşaya çox emosional yanaşır, ürəyinə toxunan yerdə aktyorları alqışlayıb əl çalır. Amma gürcülər bir az başqadır. Baxmayaraq ki, salon dolu idi, rolumu oynadığım vaxt hərdən mənə elə gəlirdi ki,  zalda heç kim yoxdu, adam üşənirdi. Amma fasilədə bir gurultu qopdu ki, bütün tamaşaçılar ayaq üstə alqışlayırdılar. Bu mənzərəni sonra mən Kutaisidə də gördüm. Ayaq üstə alqışlayanlar, ağlayanlar, “bravo” deyə qışqıranlar... Pərdələr 2-3 dəfə bağlanıb açıldı, tamaşadan sonra səhnənin arxasına tamaşaçı axını oldu. İsrafil İsrafilova dedilər ki, siz Gürcüstanı fəth elədiniz. Bir qadın məni qucaqlayıb əlimdən öpdü, dedi: “Siz bu gün neylədiniz? Bax, sənət budur, teatr budur, buna görə çox sag olun, Azərbaycan teatrının qarşısında  baş əyirəm”. Sonra bildim ki, o xanım tanınmış sənətçidir, Gürcüstanın xalq artistidir. Bu mənəvi təzimi  teatr kultu olan gürcülər edirdi. Bildiyiniz kimi, Gürcüstanda teatr kultu var, orada teatrda olmaq elitarlıq, mədəni səviyyənin göstəricisi sayılır. Tbilisidə sonralar müəllifdən icazə alaraq “Xəcalət”i “Mən qayıdacağam” adı ilə tərcümə edib yeni quruluş verib dəfələrlə nümayiş etdirdilər. Çünki qaçqınlıq ümumbəşəri bir dərddir. Çünki yurdundan-yuvasından zorla silah gücünə qovulan, başı kəsilən, yandırılan, qohum-əqrəbası işgəncələrə məruz qalan, qadınları zorlanan, köç etməyə məcbur olan  bir xalqın faciəsi bu gün bütün dünya üçün aktuallaşıb. Bunlar, təkcə Azərbaycanda deyil, dünyanın hər yerində - İraqda, Suriyada, Liviyada... baş verib. Bu gün buna bənzər hadisələr Ukraynada da baş verir. Bir azərbaycanlı dramaturqun qələmə aldığı əsər bütün dünyanın üzləşdiyi problemdən bəhs edir, ona görə “Xəcalət” bu gün də aktualdır. 
İndi tamaşalarda güllə atılır, top, mərmi səsləri, müxtəlif effektlər və sairlə oynanılır. “Xəcalət”də isə bir güllə səsi eşidilmədən millətin faciələri inandırıcı şəkildə  təqdim edilir. Sözü bu şəkildə hərəkətə çevirib insanların ürəyinə tuşlamaq qabiliyyəti dramaturqla yanaşı həm də böyük rejissorumuz Bəhram Osmanovun və bunu yaşayaraq tamaşaçıya da yaşadan aktyorların ustalığı idi. Ona görə də düşünürəm ki,  “Xəcalət” tamaşasının əsasında gözəl bir bədii film çəkilməli və o film dünyanın bütün festivallarına göndərilməlidiir. Bu bədii filmin vasitəsilə təkcə Azərbaycan xalqının başına gətirilən müsibətləri deyil, bu bəşəri faciəni və ondan xilas olmağın yolunu dünyaya göstərmək lazımdır. Xilas olmağın yolu  isə insan olmaq, Allahın yaratdıqlarını sevmək və qorumaq, sənin olmayanı zorla özününküləşdirməyə çalışmamaqdır. Azərbaycan kifayət qədər maliyyə gücü olan dövlətdir və xalqımızın başına gətirilən müsibətləri filmə çevirməklə dünyaya çatdırmaq qüdrətindədir. Bu günümüzün qəhrəmanları haqqında yeni pyeslər yazılmalıdır. Çünki savaş bitməyib, mübarizə davam edir. Çünki bizim  insanlıqdan bixəbər, zorla gətirilib öz doğma torpaqlarımızda bizə qonşu edilən  bir üzdəniraq “qonşumuz” var. Ona görə də bizim bu gün təkcə əsgərimiz döyüşməməli, təkcə sərhədçimiz əlində silah sərhəddə dayanmamalı, təkcə xüsusi xidmət orqanlarımız işləməməlidir. Bu gün bizim ədəbiyyat adamları da, kino xadimləri də, teatrlar da bu mübarizənin ön çərgəsində olmalıdıır. Bu gün teatrlar pyeslər sifariş verməlidir. Bu gün Azərbaycanın ədəbi-mədəni mühiti qaynamalıdır. Bura artıq ikinci cəbhədir. İndi daha artıq, daha fəal şəkildə işləməliyik. Azərbaycanın dərdini, taleyini dünyaya tanıtmaq məsələsində sənət adamları Qarabağ şəhidlərinə, onların ailələrinə, Qarabağ qazilərinə borcludur. Bu, hamımızın  ödəyəcəyi müqəddəs bir borcdur. 
                                                            ***
Heç bir xalqa böyük mənada kinim - nifrətim yoxdu. Allah nə yaradıbsa sevərək yaradıb, biz də Allahın  yaratdığını sevməliyik. Amma bəzən Allahın yaratdıqları içərisindən şeytani tərəfə yönələnlər də olur. Ermənilik adı altında ortya çıxan yeni bir faşizm forması da şeytaniliyin bir təzahürüdür. Bəzən belə fikir səsləndirirlər ki, ermənilər Hindistandan dünyaya yayılan qaraçılardan törəyiblər. Bu, əvvəlcə bir versiya kimi mövcud idi, sonra mən fərqinə vardim ki, bu, elə doğrudan da belədir. Qaraçılara xas olan özünə aid olmayanı özününküləşdirməyə çalışmaq və oğurlamaq ermənilərin də əsas xüsusiyyətləridir. Ermənilər bizdən daha nələri oğurlamağa, özününküləşdirməyə cəhd etməyiblər ki? Torpağımızı, tariximizi, mətbəximizi, ədəbi nümunələrimizi oğurlamaqla məşğuldurlar. Onunku olmayan torpaqdan çıxıb gedəndə də od vurub yandırıb gedirlər. Bununla da bir daha dünyaya sübut edirlər ki, heç nə onlara aid deyil. Çünki insan ona aid olanı dağıtmaz, yandırmaz. 

Bizim milli  yaddaşımız bu millətin yaranış tarixindən bu günə qədər keçdiyi yol, yaşadığı dərdlər, faciələr, qurduğu dövlətlər, tarixi, ədəbiyyatı, sənətidir. Bütün bunlara söykənərək milli kimliyi tanıyırsan. Millət o zaman millət olur ki, yaddaşına sahib çıxa bilir. Ona görə hesab edirəm ki, bizim yaddaşımızda həm də bir xəcalət olduğuna görə “Xəcalət” tamaşası repertuarda olmalıdır. Yaddaşımızdakı xəcalətləri unutmamaq üçün, millətin yaddaşının diri saxlanması naminə “Xəcalət” tamaşasının bu gün də teatrımızın repertuarında olmasını vacib hesab edirəm. Biz əgər düşünsək ki, yaddaşımızdakı xəcalətdən qurtulduq, biz yeni xəcalətlər yaşaya bilərik. Heç nə bitməyib və əbədi olaraq bu proseslər davam edəcək!

Buna görə də diri olmalı, iri olmalıyıq. İri olmağın yolu da bir olmaqdan keçir. İsmayıl Qaspıralının dediyi kimi “sözdə, fikirdə, işdə birlik” olmalıdır. Biz İkinci Qarabağ savaşında ona görə qazandıq ki, bir yumruğa çevrildik, bir olduq! Ali Baş Komandan “vur” dedi,  bütün millət orduya çevrilib vurdu və qazandı. Deməli, bizi qoruya biləcək, bizi biz eləyən ən müqəddəs şey , bizi əbədi olaraq var eləyəcək yeganə məfhum ruhda, fikirdə, əməldə birliyimiz və bütövlüyümüzdür. Cünki hələ Azərbaycanın yaraları var. Bu gün hər bir azərbaycanlının arzusu bütöv Azərbaycan görməkdir. O bütöv Azərbaycanı qurmağın bir yolu da həm də sözdən, ədəbiyyatdan, sənətdən keçir. Ona görə də mənəvi zənginliyimiz də qorumağı, təqdim etməyi düşünməliyik. Mən düşünürəm ki, Azərbaycan xalqı artıq yaddaşı diri olan bir millətə çevrilib. Biz bu sayaq da davam etməliyik.  Azərbaycan milli mədəniyyəti olmadan dünya mədəniyyəti, bizim sözümüz olmadan dünyanın söz xəzinəsi kasıb, Azərbaycan xalqı olmayan yerdə dünya çox cılız, zəif, natamam görünərdi. Biz qalib, güclü millətik, amma hələ görəcəyimiz işlər də irəlidədir. Əl-ələ, söz-sözə, çiyin –çiyinə olsaq, həll edə bilməyəcəyimiz heç bir problem yoxdur.

  





up