2022-ci ildə onları itirdik - SİYAHI
6-12-2022, 15:04

Geridə qoyduğumuz 2022-ci il xoş hadisələrlə yanaşı, həm də itkilərlə yadda qalıb.

AZİNFORM.AZ 2022-ci ildə vəfat edən məşhurların siyahısını təqdim edir:

Bu ilin ilk itkisi Əməkdar artist, aktyor Novruz Qartal oldu. “Gülüş sanatoriyası”, “Qəzəlxan”, "Şirbalanın məhəbbəti” və s. ekran işlərində rol alan sənətçi 8 yanvarda 74 yaşında xərçəng xəstəliyindən vəfat etdi.

2022-ci ilin 5 fevralında isə Xalq artisti Əlibaba Məmmədov dünyadan köçdü. 100-dən artıq mahnı və təsniflər yaradan sənətkar 92 yaşında əbədiyyətə qovuşdu.

Azərbaycan yazıçısı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, Xalq yazıçısı Rüstəm İbrahimbəyov isə bu ilin 11 martında uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat edib. 16 martda nəşi Bakıya gətirilən sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibov da bu ilin 27 martında vəfat etdi. Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırıldı.

Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, ssenari müəllifi, aktyor Vaqif Əsədov 2022-ci ilin 19 mayında 75 yaşında dünyasını dəyişdi.

Tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Sevda İbrahimova 83 yaşında uzun sürən xəstəlikdən sonra 17 iyulda vəfat etdi.

“Bəxt üzüyü” filimndə canlandırdığı Sevda rolu ilə yaddaşlarda iz buraxan müğənni, aktrisa Firəngiz Rəhimbəyli də bu ilin 16 avqustunda aramızdan ayrıldı. 62 yaşında ölkədən kənarda - ABŞ-də gözlərini həyata yuman aktrisanın ölüm səbəbi isə ürək tutması olub.

Vətəndən kənarda dünyasını dəyişən sənətkarlarımızdan biri də bəstəkar, Əməkdar artist Ruhəngiz Qasımova oldu. Ömrünün 82-ci ilində oktyabrın 9-da Honkonqda vəfat edən əməkdar artist Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırıldı.

Sözsüz ki, 2022-ci ildə ölümü ilə sevənlərini üzən və ən çox müzakirə olunanlardan biri müğənni və bəstəkar Rəhim Rəhimli oldu. Sevilən sənətçi sentyabrın 30-da 45 yaşında ürəktutmasından vəfat etdi. Ekstravaqant tərzi ilə daima diqqət çəkən, şoxsaylı klipləri və mahnıları ilə tanınan müğənni isə Bülbülə qəbiristanlığında dəfn olundu.

2022-ci ildə vəfat edən sənətçilərlə yanaşı bəzi rəsmi şəxslər də vardı.

Belə ki, bu ilin aprelində maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti-zadə uzun sürən xəstəlikdən sonra vəfat etdi.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini, general-leytenant Nazim Xeyrulla oğlu Məmmədov da bu ilin avqustunda uzun müddət mübarizə apardığı xəstəliyə qalib gələ bilmədi.

Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsinin rəisi Elçin Mirzəxanov da bu ilin 22 sentyabrında dünyasını dəyişdi.






up