Azərbaycanda 1, 3, 5 və 10 qəpik kimi xırda pulların dövriyyəsində müəyyən problemlər müşahidə olunur. Bu qəpiklərdən istifadə, demək olar ki, mümkünsüz olub.
AZİNFORM.AZ xəbər verir ki, mağazalarda bir çox insan onlara 1, 3 və 5 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Bir sözlə, vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.
Məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib ki, denominasiya tədbirləri çərçivəsində tədavülə 1 yanvar 2006-cı ildən etibarən 6 nominalda metal pul nişanları buraxılıb:
"Metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4.4%, xırda nominallı metal pul nişanları isə 10.3% artmışdır. Cari ilin 11 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4.5%, xırda nominallı metal pul nişanları isə 9.6% artıb.
Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır".
Həmçinin qeyd edilib ki, beynəlxalq təcrübədən irəli gələrək 1 manatlıq kağız pul nişanlarının metal pulla əvəz olunmasının iqtisadi və sosial qiymətləndirilməsini həyata keçirilmiş və hazırda 1 manatlıq kağız pul nişanının metal pulla əvəz edilməsi də nəzərdə tutulmur.