Əli Məsimli: “Sovet dönəmində ”uşaqpulu" verilirdi və buna heç də tez-tez deyildiyi kimi, 30 milyardlar xərclənmirdi"
Azərbaycanın işğaldan azad etdiyi bölgəsində - Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən nəhəng layihələr özümüzü qürurlandırır, dostları sevindirir, düşmənlərimizin isə gözünü çıxarır. İşğal dövründə Qarabağ taxılının hesabına toxluq dövrünü yaşayan Ermənistanda bu gün aqoniya yaşanır.
AZİNFORM.AZ xəbər verir ki, Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli “Yeni Müsavat”a zəfərdən sonrakı iqtisadi potensialımız və digər mövzularla bağlı geniş müsahibə verib.
- Əli bəy, Şərqi Zəngəzur və Qarabağda artıq istehsal sahələri ilə bağlı addımlar atılır, böyük layihələr həyata keçirilir. Necə bilirsiniz, yaxın gələcəkdə bu ərazilərin Azərbaycanın qeyri-neft sektorundakı payı nə qədər ola bilər? Sizi ən çox hansı sahələrin inkişafı düşündürür və maraqlandırır?
- Ermənistanın öz havadarlarının köməyi ilə xarabazara, hər qarışı minalanmış döyüş meydanına çevirdiyi əraziləri Azərbaycan tikinti meydanına, əməkdaşlıq arenasına çevirməyə başlayıb. İşğaldan azad edilmiş torpaqlarımızda həyatın dirçəlməsi, qaçqınların tez bir zamanda öz yurdlarına qaytarılması üçün dövlət bütün imkanlarını səfərbər edib. Qısa müddət ərzində xeyli iş görülüb. Yollar, elektrik xətləri, su kəmərləri, dəmir yolları çəkilir, Füzuli Beynəlxalq Hava Limanı tikilib və yeniləri də tikilir. “Yaşıl enerji” zonasının yaradılması üçün bərpa olunan enerji mənbələrindən istifadəyə özəl investisiyaların cəlb edilməsi istiqamətində işlər gedir. İstehsal sahələri yaradılmağa başlayıb. Amma görüləsi işlər də hələ çoxdur. İlkin hesablamalara görə, işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 15 faizindən çoxunu itirmiş və ölkəyə on milyard dollarlarla ölçülən böyük ziyan dəyib. Qarabağ müharibəsinə qədər Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədəri işğal edilmiş və normal təsərrüfat fəaliyyətinin aparılması mümkün olmayan işğal zonalarına yaxın ərazilərdə istehsal olunub.
Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpasına və yenidən qurulmasına, müasir infrastrukturların yaradılmasına geniş dövlət dəstəyi ilə yanaşı yerli və xarici investorları və beynəlxalq qurumları da cəlb etməklə, bir tərəfdən Qarabağı regional innovasiya mərkəzinə və dəyər zəncirinin mühüm həlqəsinə çevirmək olar. “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyalarının tətbiqi bu sahələrdə sosial innovasiyaların və kiçik biznesin inkişafına şərait yaradacaq, eyni zamanda Qarabağ bölgəsinin texnoloji innovasiyalar və startaplar mərkəzi kimi cəlbediciliyini artıracaq. Digər tərəfdən Qarabağ torpaqları əksər yerdə çox münbitliyi ilə fərqlənən torpaqlardır. Ona görə də bu faktı xüsusi diqqətdə saxlamaq və belə keyfiyyətli torpaqlar olan sahələri kütləvi surətdə sənaye şəhərcikləri və sairin altına vermək düzgün olmaz. Belə münbit torpaqlardan öz təyinatına görə maksimum səmərəli istifadə etmək və hər il dünyaya 100 milyard dollarlıqdan artıq aqrar sahə məhsulu sata bilən Hollandiya modeli kimi dünyaya nümunə səviyyəsində olmasa da, hər halda, regiona nümunə ola biləcək səviyyədə yüksək nəticələr əldə etmək lazımdır.
- Qarabağ bölgəsi turizm, kənd təsərrüfatı, faydalı qazıntılar, minerallar və digər sərvətlər baxımından qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaq, bu, hər birimizi qürurlandırır. Daha yüksək nəticələrin əldə olunması üçün təcrübəli iqtisadçı olaraq nə təklif edirsiniz?
- Təbii ki, Qarabağ iqtisadiyyatı qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib və bu işi daha geniş miqyaslarda davam etdirmək fürsətindən maksimum dərəcədə yararlanmaq lazımdır. Bu əsasda orada çoxsahəli qeyri-neft sektoru yaratmaq və orta perspektivdə Azərbaycanın iqtisadi potensialını azı 15 faiz artırmaq, güclü aqrar-sənaye kompleksi hesabına isə ərzaq təhlükəsizliyimizə ondan da yüksək faizlə töhfə verməklə, gücümüzə çox sanballı bir güc qatmaq olar. Əgər nəzərə alsaq ki, işğaldan azad edilən torpaqlar vaxtilə Azərbaycanın kənd təsərrüfatı istehsalının 30 faizindən çoxunu verirdi, torpaqlarımızın işğaldan azad edilməsi ərzaq təhlükəsizliyimizin möhkəmləndirilməsində xüsusi çəkiyə malik olacaq. Artıq bu istiqamətdə məqsədəyönlü işlər başlayıb. Qarabağda ekoloji təmiz məhsul istehsalını da əhəmiyyətli dərəcədə genişləndirməklə turizm üçün rəqabətqabiliyyətli üstünlük əldə etmək olar.
Qeyri-neft sektorunun inkişafında turizmin rolu böyükdür. Qarabağın turizm potensialından istifadə olunması əsas prioritetlərdən biridir. Ona görə də turizm azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələrindən biri olacaq. Qarabağın turizm potensialının nümayiş etdirilməsi Azərbaycanın imicinə müsbət xal gətirəcək. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, siyasi-təbliğati tərəfi də var. Dünya turizm təcrübəsində bu, çox böyük təsir gücünə malikdir.
- Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir, amma nəticə yoxdur hələ ki... Hərçənd postsovet məkanındakı vəziyyət dəhlizin əhəmiyyətini getdikcə artırır, elə deyilmi?
- Bəli, xüsusilə də Rusiya-Ukrayna müharibəsi, loqistika sahəsində yaranan yeni problemlər böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinin aktuallığını gündən-günə daha da artırır. Regionumuzda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhlizdən faydalanma işini də sürətləndirəcək.
- Azərbaycan vətəndaşlarının sosial-iqtisadi vəziyyəti ilə bağlı xeyli təklifləriniz oldu. Uşaqpulundan tutmuş, ünvanlı sosial yardımların verilməsindəki bəzi bürokratik əngəllərə, məsələn, vətəndaşın adına olan torpağa qədər. Hökumətin təkliflərlə bağlı əsaslandırmaları ilə razı qaldınız?
- Sovet dönəmində “uşaqpulu” verilirdi və buna heç də tez-tez deyildiyi kimi, 30 milyardlar xərclənmirdi. Bu, aztəminatlı ailələrə uşaqları sağlam böyütmək üçün vacib maddı yardım rolunu oynayırdı. Uşaqpulu ləğv edilib ünvanlı sosial yardımla (ÜSY) əvəz olundu. ÜSY almaq üçün əsas şərt ehtiyac meyarı olsa da, adına kiçik torpaq sahəsi olanlar, həyətində ötən əsrin 80-90-cı illərinin yararsız avtomobili yatanlar, imkansızlıqdan pay torpağından istifadə edə bilməyənlər, əkdiyi torpaqdan ailə üzvlərinə görə adambaşına ayda 15-20 manat, yəni ehtiyac meyarından 10-13 dəfə az gəliri olanlar kənarda qaldılar. Bu üsulla aztəminatlı təbəqəyə birbaşa sosial dəstəyin dairəsi xeyli dərəcədə məhdudlaşdırıldı. Əgər “uşaqpulu” verilsəydi, koronavirus pandemiyası zamanı milyonlarla əhali 190 manatlıq müavinətə möhtac vəziyyətə düşməzdi. Aztəminatlı ailəri “uşaqpulu” formasında yardım ediləndə ÜSY-da olduğu qədər neqativlərə yer yoxdur. Məsələn, xeyli müddət ÜST veriləndə, ailəyə çatmalı olan məbləğin yarısı onlara çatmırdı və sair. Belə faktların qarşısında hökumətin təkliflərimizlə bağlı əsaslandırmalarını yetərli hesab etmək olmaz.
“Son aylar faizlərin aşağı salınması istiqamətində görülməyə başlanan işlər real nəticəyə çatdırılmalıdır. |
- Bank faizləri mövzusu da həllini tapmayıb hələ ki...
- Tez-tez qaldırdığımız məsələlərdən biri də budur. Azərbaycanda bank kreditlərinin faiz dərəcəsinin çox yüksək olması həm iqtisadiyyat, həm də əhali üçün ciddi problemlər yaradıb və yaratmaqda davam edir. Əhalinin banklara borclu olan hissəsinin evləri, digər daşınmaz əmlakları, maşınları, zinət əşyaları və s. əllərindən çıxır. Biznes kreditlərinə tətbiq olunan yüksək faizlə pul götürüb, istehsal qurmaq və uğurlu fəaliyyət göstərmək demək olar ki, qeyri-mümkündür. Biznes strukturlarının xeyli hissəsi yüksək faizlə aldıqları kreditləri qaytara bilmədiyindən, çıxılmaz vəziyyətə düşür və sıradan çıxırlar. Bank faizlərinin yüksəkliyi həm əhali, həm də biznes aləmində ciddi narazılıq mənbəyidir. Rəsmi dairələrin bu məsələ ilə bağlı arqumentləri də zəifdir. Son aylar faizlərin aşağı salınması istiqamətində görülməyə başlanan işlər real nəticəyə çatdırılmalıdır.
Ölkədə orta aylıq nominal əmək haqqı 825 manata çatsa da, xeyli insanın maaş və pensiyaları aşağıdır. Sayı 1,7 milyon nəfər olan muzdlu işçilərin yarısı, yəni 850 min nəfərdən çoxu median əmək haqqı alır ki, bunun da məbləğı ötən il 343 manat olub, indi isə 400 manatın ətrafındadır. Ölkədə minimum aylıq əmək haqqı 300 manatdır. Pensiyaçıların 70 faizindən çoxu minimum pensiyaya (240 manata) yaxın- 300 manat ətrafında pensiya alır. Göründüyü kimi, ölkədə orta aylıq nominal əmək haqqı 825 manata çatsa da, xeyli insanın maaş və pensiyaları aşağıdır. Davamlı olaraq median əmək haqqı səviyyəsində maaşı olan şəxslər pensiya ala bilməyərək və əmək bazarına üz tutmalı olacaq. Bu kateqoriyadan olan əhalinin xeyli hissəsi regionlarda yaşayır. Deməli, onların hesabına regionlarda yoxsulların sayı daha da artmaqda davam edəcək. Ona görə də aktuallığı getdikcə daha da artan, cəmiyyətin bu günü və sabahını xeyli dərəcədə müəyyən edən əmək bazarı ilə bağlı məsələlərə diqqət artırılmalıdır. Əmək bazarındakı problemlər, iqtisadiyyat, təhsil, biznes və əmək bazarının effektiv kombinasiyasına nail olmaq istiqamətində geniş müzakirələr başlanmalı, bu sahədəki problemlərin həllinin sürətləndirilməsinə yönəlik proqram xarakterli tədbirlər kompleksi hazırlanıb, sistemli və davamlı şəkildə həyata keçirilməlidir.
- Əli bəy, pensiya yaşının aşağı salınması ilə bağlı xeyli təkliflər, çağırışlar oldu. Sizcə, bu məsələ ilə bağlı orta xətt tapmaq mümkün deyilmi?
- Mövcud sosial problemlərin çoxu işsizlikdən qaynaqlanır və bu məsələ də bizim çıxışlarımızda geniş yer tutur. Bu sahədə də hökumətin arqumentləri zəifdir. Hazırkı reallıqlar şəraitində, eləcə də ömür uzunluğu və digər göstəricilərə görə bizə daha yaxın olan MDB ölkələrində pensiya yaşının orta səviyyəsindən çıxış edərək demək olar ki, Azərbaycanda pensiya yaşının 65 yaşa çatdırılması düzgün deyil. Yaşlı insanların daha çox hissəsinin, beynəlxalq praktikada olduğu kimi, 12 il və daha çox müddət pensiya ala bilməsi üçün pensiya yaşının 60 yaşın ətrafında olması daha məqbul variantdır. Ona görə də bundan sonra qadınların pensiya yaşının qaldırılmasının davam etdirilməsi düzgün hesab etmirik. Hökumətin bu təkliflərimizlə bağlı əsaslandırmalarını da yetərli hesab etmirik...