Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşacağı gözlənilir. Bildirilir ki, dünya bazarında neftin qiymətindəki volatillik yanacaq növlərinin də qiymətinin yüksəlməsini şərtləndirir.
Bəs, bu səbəblər hansılardı?
Azərbaycanın daxili bazarında Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmadığı üçün, analoji benzin növləri ölkəyə idxal edilir. İdxal qiymətləri isə xarici bazarlardakı qiymət dinamikasından, habelə nəqliyyat xərclərindən asılı olaraq mütəmadi olaraq dəyişir.
Sttaistika Komitəsinin məlumatına görə, 2020-ci ilin fevral-may ayları arasında Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1,50 AZN/litrdən 1,10 AZN/litrə qədər azaldılıb.
Hazırda idxal qiymətlərinə təsir göstərən ən böyük faktor ötən ildən etibarən neft qiymətlərinin dünya bazarlarında kəskin artımıdır.
Dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124%, ötən 1 ildə isə 68% artıb.
2021-ci ilin sentyabr ayından etibarən Azərbaycanda Aİ-95 markalı benzin 1,60 AZN/litr-dən satılır. Hazırkı qiymət səviyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 6,7% vəya 0,10 AZN çoxdur.
Hazırda dünyada Aİ-95 markalı benzinin orta satış qiyməti 1,47$/litr təşkil edir.
Gürcüstanda Aİ-95 benzinin qiyməti 1,348$/litr, Ermənistanda 1,274$/litr, Türkiyədə 1,506$/litr, Rusiyada isə 0,962$/litr təşkil edir.
Azərbaycanda Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti dünya ortalamasından 2,5 dəfə aşağıdır.
2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neft qiymətləri təqribən 65% artsa da, Azərbaycanda analoji markalı benzinin qiyməti stabil olaraq qalıb.
Müqayisə üçün qeyd edək ki, Türkiyədə 2021-ci ilin setyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən etibarən isə 93,2% artıb.
2022-ci ilin mart ayından etibarən Rusiyada Aİ-95 markalı benzinin qiyməti 77,8%, Gürcüstanda 34,8%, Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb.
Dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-da 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 57,7% artaraq 1,33$/litrə yüksəlib. Bu, ölkənin tarixində ən yüksək qiymət səviyyəsidir.
2022-ci ilin mart ayından etibarən Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada Aİ-95 oktan benzinin satış qiyməti müvafiq olaraq 22,7% və 25,3% artıb.
Azərbaycana Aİ-95 və Aİ-98 oktan benzin Xəzəryanı və Avropa ölkələrindən idxal edilir.
Hazırda Aİ-95 və Aİ-98 markalı benzinin idxal qiymətləri pərakəndə satış qiymətlərindən daha yüksəkdir.
Əhalinin sosial müdafisəsi nəzərə alınaraq, idxal qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq uzun zamandır təchizatçılar tərəfindən qarşılanır. Ancaq dünya bazarında neft qiymətlərinin, habelə qlobal inflyasiyanın yüksəlməsi fonunda daşıma xərclərinin artması idxal maliyyətlərinin yüksəlməsinə, nəticədə təchizatçıların bu istiqamətdə yükünün artmasına səbəb olur.
Ümumilikdə ölkə üzrə yanacaq istehlakının 9%-ni Aİ-95 və Aİ-98 markalı benzin təşkil edir. Başqa sözlə, ölkədə əsasən bahalı avtomobilləri idarə edən az sayda sürücü Aİ-95 və Aİ-98 markalı benzindən istifadə edir.
Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunduğu üçün, bu növ yancaqların pərakəndə satış qiyməti daxili bazarda dövlət tərəfindən tənzimlənir.
Dünya bazarında neft qiymətlərinin kəskin artımı, habelə qlobal miqyasda inflyasiyanın yüksəlməsi fonunda emal xərclərinin artmasına baxmayaraq Azərbaycanda Aİ-92 markalı benzin və dizelin pərakəndə satış qiyməti əhalinin sosial müdafisəinin gücləndirilməsi məqsədilə 2021-ci ilin yanvar ayından etibarən stabil səviyyədə saxlanılır.
Azərbaycanda dizelin pərakəndə satış qiyməti dünya ortalamasından 3,04 dəfə aşağıdır. Hazırda dünyada dizelin orta satış qiyməti 1,43$/litr təşkil edir. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43%, Rusiyadan 102%, Gürcüstandan 236%, Türkiyədən isə 238% daha ucuzdur.
2021-ci ilin yanvar ayından etibarən Türkiyədə dizel qiymətləri 3,8 dəfə, cari ilin əvvəlindən etibarən isə 2 dəfədən çox artıb.
2022-ci ilin mart ayından etibarən Qazaxıstanda dizel qiymətləri 12,4%, Türkiyədə 57,8% Gürcüstanda 59,8%, Rusiyada isə təqribən 70% artıb.
Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidən qurulması layihəsi çərçivəsində cari ildə Avro-5 standartına cavab verən dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən isə benzin yanacağının istehsalı nəzərdə tutulur.
Modernizasiya layihəsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona yüksələcək. /lent.az/
AZİNFORM.AZ