Son günlər ölkədə ən çox istifadə edilən mobil operator şirkətləri danışıq tariflərinin qiymətlərində bəzi dəyişikliklər ediblər.
Bu səbəbdən hazırda ölkəmizdə mövcud olan mobil operator şirkətlərinin rəsmi saytlarında danışıq tariflərini araşdırdıq. Azərbaycanda mobil operatorların sayı çox olmasa da, 3 operatorun – “Azercell”, “Bakcell” və “Nar”ın təklif etdiyi tariflər insanlarda bəzən qarışıqlıq yaradır. Bu boşluğu aradan qaldırmaq və oxuculara müqayisə etmək imkanı yaratmaq məqsədi ilə mobil operatorların təklif etdiyi tarif planlarını və onların qiymətlərini oxucuları üçün bir araya yığdıq.
AZİNFORM.AZ-ın araşdırmasına görə, 5 milyondan çox abunəçisi olan “Azercell Telekom” MMC şirkəti istifadəçilərə bir neçə xidmət təklif edir. Bu operatora qoşulan şəxslər standart tarif paketində şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 6 qəpik ödəməlidirlər. Şəbəkəxarici qiymətlər də müvafiq olaraq eynidir.
Lakin şirkət eyni zamanda istifadəçilərə fərqli danışıq paketləri təklif edir və bunlara qoşulan istifadəçilər əlavə bonuslar qazanırlar. Məsələn, “Sərbəst” tarifə qoşulan istifadəçi 10 manat ödədiyi təqdirdə 350 dəqiqə ölkədaxili danışıq haqqı qazanır, 15 manat məbləğində 500, 25 manata 850, 50 manata 2500, 75 manata isə 4000 dəqiqə danışıq imkanı əldə edir. Bu danışıq dəqiqələri ilə bağlı xidmətdən istifadə edən abunent qiymətlərə uyğun olaraq internet və mesajlajlaşma əldə edə bilir.
Eyni zamanda “Gəncol” tariflərində 2 manat ödənişlə tarifdaxili 75 dəqiqə, 6 manatlıq məbləğ daxilində 300 dəqiqə, 9 manat üçünsə 600 dəqiqə danışıq əldə etmək olur.
“Sadə” tarifdə 6 manat ödənişlə istifadəçilər 500 dəqiqə şəbəkədaxili danışıq imkanından yaralana bilir.
Belə ki, müharibə veteranlarına özəl xidmət təklif edən şirkət 1 dəqiqədə şəbəkədaxili zənglər üçün 3, şəbəkəxarici zənglər üçün isə 4 qəpik tələb edir.
Bölgələrdə yaşayan vətəndaşlara xidmət göstərən şirkətin danışıq tariflərində təşkil etdiyi kampaniyalar var. Belə ki, bu paketdən gündəlik istifadə edənlər hər gün 60 qəpik ödəməklə 500 dəqiqə bölgədaxili danışıq əldə edə bilir.
Son olaraq kredit xidmətilərinə gəlincə, 1 manat məbləğində kredit əldə etmək üçün 1,20 AZN, 2 manat üçün 2,40 AZN, 3 manat üçün 3,60 AZN kredit borcu ödəməlisiniz.
“Nar” mobil operatorunda isə tarifdən asılı olaraq zəngin danışıq qiyməti dəyişir. Hər tarifdə qiymət fərqlidir. “Limitsiz” internet paketlərində 33 qəpik qarşılığında istifadəçilərə 400 dəqiqə danışıq verilir. Şəbəkədaxili və şəbəkəxarici zənglərin hər bir dəqiqəsi 7 qəpik təşkil edir.
Şirkətin istifadəçilərə təqdim etdiyi “Unikal” tariflərdə isə ölkədaxili bütün istiqamətlərə 1 dəqiqə müddətində 4 qəpiklə danışmaq imkanı yaranır.
Bölgələrdə yaşayanlar üçün isə “Yerlim” tarifi var. Bu tarifdə isə 50 qəpik ödəməklə 50 dəqiqəlik danışıq əldə etmək olar. Belə ki, bölgələrdən bütün nar abunəçilərinə edilən zənglərin 1 dəqiqəsi 2 qəpik təşkil edir. Bölgələrdən digər operatorların abunəçilərinə zəngin dəqiqəsi 4 qəpik təşkil edir.
“Danışır Bakı” tarifi Bakıda yaşayanlar üçündür. Hər ay 3 manat şirkətə ödəyən abunəçi Azərbaycanın müxtəlif bölgələri ilə 3 qəpiyə danışır.
“Full 9”, “Full 14”, “Full 19” tariflərində müvafiq olaraq 9, 14, 19 manatlıq ödəniş qarşılğında 300, 450, 500 ölkədaxili zənglər üçün danışıq təqdim edilir.
Eyni zamanda “Cavannar” xidməti ölkədaxili zənglər üçün 9 manat məbləğində 500 dəqiqəlik danışıq xidməti təklif edir. Burada ölkədaxili zəngin dəqiqəsi 5 qəpikdir.
Qeyd edək ki, bu paket xidmətlərində qiymətdən asılı olaraq internet xidməti də abunəçilərə təqdim edilir.
“Nar”da 50 qəpik, 1, 2, 3 manat məbləğində kredit götürmək mümkündür. Bir də krediti qaytarmaq var. Belə ki, 50 qəpik kredit götürən şəxs 60 qəpik, 1 manat kredit alan şəxs 1.20, 2 manat üçün 2.40, 3 manat məbləğində 3.60 AZN kredit haqqı ödəməlisiniz.
3 milyondan çox abunəçisi olan “Bakcell”in sadə tarif olaraq ən sərfəli tarifi “İlk” tarifidir. “İlk” tarifi çərçivəsində şəbəkədaxili zənglərin dəqiqəsi 4 qəpik, şəbəkəxarici isə 6 qəpikdir.
“Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, 21 iyun 2022-ci ildən etibarən “arxiv” kateqoriyasına aid bir sıra tariflərə aşağıda qeyd olunan dəyişikliklər ediləcək.
Tarif paketinə daxil olan “SevimliCIN” və “GÜNBOYU 0″da şəbəkədaxili 1 dəqiqənin qiyməti 6, şəbəkəxarici dəqiqənin qiyməti isə 12 qəpik təşkil edir. Dəyişikliklə “SevimliCIN” və “GÜNBOYU 0” tariflərində şəbəkədaxili zənglərin tarifikasiya müddəti 60 saniyə, şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti isə 8 qəpik olacaq.
İndi “GəlirliCIN” tarifində ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 6 qəpikdir, “CINeration” tarifində şəbəkədaxili və şəbəkəxarici zənglərin qiyməti isə 7 qəpikdir. Edilən dəyişikliklə “CINeration” tarifində ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.09 AZN, “GəlirliCIN” tarifində isə ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 8 qəpik təşkil edəcək.
“CIN 1” tariflərində Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 6 qəpikdir. Bakı və Abşeronda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 0.08 AZN, ödənilmədikdə isə şəbəkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək.
İndi regionlarda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 3 qəpik, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti isə 6 qəpikdir. Yeni dəyişikliklə isə regionlarda həftəlik abunə haqqı ödəndikdə ölkədaxili zənglərin 1 dəqiqəsi 4 qəpik, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti isə 8 qəpik təşkil edəcək.
Şirkətin təklif etdiyi xidmətlər arasındakı “DoğmaCİN” tarifində şəbəkədaxili qiymətin dəqiqəsi 2, şəbəkəxarici qiymət isə 4 qəpik təşkil edir. “Özəl tarif” paketində danışığın ilk 2 dəqiqəsi 6 qəpik təşkil edir, 2 dəqiqədən sonra pulsuz danışıq mövcuddur. Dəqiqəsi şəbəkədaxili və şəbəkəxarici qiymətləri 8 qəpik təşkil edən tarif isə “Bakcell”in təqdim etdiyi “SevinCİN” tarifidir.
Gəldik dəqiqəsi şəbəkədaxili danışığın 1 dəqiqəsi 8, şəbəxarici danışığın 12 qəpik olan qiymətinə. Bu, “QoşaCİN” tarifidir.
İstifadəçilərə “ƏlaAY” tarifi ilə 17 manata hər ay şəbəkədaxili limitsiz danışıq haqqı qazanırlar. “ƏlaGÜN” tarifi ilə isə 70 qəpiyə hər gün şəbəkədaxili limitsiz danışıq əldə etmək mümkündür.
Saatlarla danışmağı xoşlayanlar üçün “ƏlaSAAT” tarifi mövcuddur ki, burada 1 saat ünsiyyət üçün istifadəçilər 7 qəpik ödəməlidir. Azərbaycan bölgələri üçün nəzərəd tutulan “YeniDoğma” tarifinin üstünlüklərinə gəlincə, bölgələrdən “Bakcell” nömrələrinə edilən zənglər 3-cü dəqiqədən sonra pulsuz, ölkədaxili digər nömrələrə zənglərin dəqiqəsi 4 qəpik təşkil edir.
Son olaraq, “Bakcell”in “Klass” tariflərində istifadəçilər aylıq abunə haqqı ödəyərək danışıq dəqiqələri əldə edə bilərlər.
Hər 3 operator şirkəti abunəçilərə çoxlu xidmətlər təşkil edir. Eyni zamanda istifadəçilər bayram günlərində müxtəlif kampaniyalardan yararlana bilirlər. Araşdırmalarımıza görə, ən sərfəli danışıq xidmətləri “Nar”a, bölgələrlə danışıq imkanı “Azercell”ə, vətəndaşların istəklərinə uyğun müxtəlif danışıq paketlərindən yararlanmaq, eyni zamanda aylıq və günlük sərfəli danışıq imkanı yaratmaq isə “Bakcell”ə məxsusdur.
Qeyd edək ki, bu, araşdırmalarımız nəticəsinə görə, gəldiyimiz qənatədir. Hər bir oxucu yuxarıda qeyd edilən məlumatlarla özünə sərfəli olan operator şirkətini seçməkdə azaddır.
AZİNFORM.AZ