Azərbaycan Respublikasının İrandakı Səfirliyinə silahlı hücum günün səs-küy doğuran hadisəsi kimi müzakirələrə səbəb olub.
AZİNFORM.AZ modern-ə istinadla xəbər verir ki, Tehranda baş verən bugünkü olay Azərbaycan Respublikasının xaricdəki səfirliklərilə bağlı ilk belə hadisə deyil. Bundan əvvəl də xaricdəki bəzi diplomatik missiyalarımızın binalarına basqınlar olub.
Xatırladaq ki, təkcə ötən il dörd belə hadisə qeydə alınıb. Həmin olayları xronoloji ardıcıllıqla təqdim edirik:
4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Həmin vaxt səfirliyimizin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.
Britaniya mətbuatı səfirliyə hücum edən şəxslərin “Mehdinin nökərləri” Birliyinin üzvləri olduğunu yazıb.
Şiə təriqətinə mənsub, Londonda mənzillənən “Mehdinin nökərləri” Birliyinin üzvləri Azərbaycan hökumətinin bəzi şiə müsəlmanları “təqib etdiyini" iddia ediblər...
Azərbaycan Xarici İşlər Nazirliyi London səfirliyindəki “vandalizm aktı” kimi qiymətləndirib.
Nazirlik Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkilinə Londondakı səfirliyə hücumla bağlı “qəri etiraz” bildirib və belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən “zəmanət tələb edib”.
16 sentyabr 2022-ci il tarixində Livanda yaşayan ermənilər Azərbaycanın Beyrutdakı Səfirliyinin binasının qarşısına toplanaraq aksiya keçiriblər. Daha sonra onlar səfirlik binasına hücum etməyə cəhd ediblər.
Təhlükəsizlik qüvvələri ilə ermənilər arasında qarşıdurma yaranıb. Ermənilər təhlükəsizlik qüvvələrinə hücum edib. Daha sonra onlar səfirlik binasının yerləşdiyi ərazidən uzaqlaşdırılıblar.
18 sentyabr 2022-ci il tyarixində Fransada yaşayan ermənilər Azərbaycanın Parisdəki Səfirliyinə hücum ediblər.
Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası səfirə təqdim edilib.
Parisdə Azərbaycan səfirliyinə hücum edən radikal erməni qrupunun üzvü Loris Tufanyana qarşı iki fakt üzrə cinayət işi açılıb. Bu şəxs səfirliyin binasına güc yolu ilə girməyə cəhddə və səfirliyin əməkdaşının həyatını riskə atmaqda ittiham olunur. Lakin oktyabrın 19-da Tufanyan sərbəst buraxılıb və ona məhkəməyə çağırışla bağlı bildiriş təqdim olunub.
2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı Səfirliyinin xidməti avtomobili atəşə tutulub. Hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəliyi ABŞ-ın müvafiq strukturlarını məlumatlandırıb və kamera görüntülərini təqdim edib. Bununla əlaqədar oktyabrın 12-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi Bakı diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi tələbi ilə çıxış edib.
Qeyd edək ki, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına görə, xarici ölkənin diplomatik nümayəndəliyi və diplomatlarının təhlükəsizliyi onların yerləşdiyi dövlət tərərfindən təmin edilməlidir.