2022-ci ilin gündəmi alt-üst edən hadisələri - "Əjdaha Tahir", xanın istefası, FHN-də "hadisə"... FOTO
28-12-2022, 22:26

İlin sonuna sayılı günlər qalır. Yola salmaqda olduğumuz 2022-ci il bütün dünyada daha çox təlatümləri, böhranları, qalmaqalları ilə yaddaşlara həkk olunmaqdadır. Azərbaycan da bu hadisələrdən kənarda qalmır. İlin əvvəlindən başlayaraq gündəmi alt-üst edən istefalar, həbslər, struktur dəyişiklikləri, itkilər hələ də müzakirə olunmaqdadır.

AZİNFORM.AZ modern.az-a istinadən 2022-ci ilin gündəmə damğa vuran hadisələrini təqdim edir:

Ramiz Mehdiyevin istefası

İstefasına qədər mətbuatda və sosial mediada “Ramiz get” başlıqlı çağırışların nəticəsi olaraq “Sevgililər günü”ndə - 14 fevralda Ramiz Mehdiyev AMEA-nın prezidentiliyindən istefa verdi. Bu da öz növbəsində AMEA-da sturuktur dəyişikliyinə səbəb oldu ki, nəticədə elm sahəsi AMEA-dan ayrılaraq, Təhsil Nazirliyinə birləşdirildi. Nəticədə isə Elm və Təhsil Nazirliyi yaradıldı.

Vətənindən həbsə gedən Manaf Ağayev

Müğənni Manaf Ağayev və dostu Sənan Hüseynovun müvafiq icazələri olmadan Füzuliyə səfər etdiklərinə görə 18 fevralda cəzalandırılmaları günlərlə sosial şəbəkə istifadəçilərinin müzakirə predmeti oldu.

15 sutkalıq həbs dövründə sənət dostlarının sənətçiyə dəstək durması, hələ müğənni Təranə Qumralın “Manafı buraxın, niyə tutmusunuz? Bəlkə, onun sabah toyu var?”, deyərək ona azadlıq tələb etməsi müzakirələrin pik nöqtəsi idi.

Əjdaha Tahir

Gecənin bir yarısı sosial mediaya bomba kimi düşən videolardan biri də deputat Tahir Kərimlinin əlində əjdaha ilə çağırışı idi. Ölümlə təhdid edildiyini vurğulayan deputatın videosunu niyəsə heç kəs ciddiyə almamışdı.

Fərrux əməliyyatı

24-28 mart tarixlərində baş tutan Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyat ilin sevindirici hadisəsi kimi yadda qaldı.

Baş tutan əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxdı, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti təmin edildi.

Bir göz qırpımında satılan evlər

Səs-küylü hadisələrdən biri də MİDA-da "Güzəştli mənzil” sistemi vasitəsilə 30 mart 2022-ci ildə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi oldu. Satışa çıxarılan mənzillərin 5 saniyəyə satılması böyük narazılıq yaratdı. Hüquq-mühafizə orqanlarının işə qarışması ilə sistemə kiberhücum olduğu üzə çıxdı və satış yenidən həyata keçirildi.

Gecəyə, gündəmə partlayan klub

“Location” gecə klubunda 3 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələnən dəhşətli partlayış ilin ən çox müzakirə olunan hadisəsi kimi yadda qaldı. Hadisənin Ramazan ayında qeydə alınması müzakirələr başqa məcraya da yönəltdi. Partlayışla bağlı təqsirləndirilən Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan məhrum edildi.

Bayraktar Azərbaycanda

2022-ci ilin yaddaqalan hadisələrindən biri də mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalının start götürməsi oldu. Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da festivalda iştirak edənlər arasında idi.

Ordumuz Laçında!

Bu il avqustun 25-də Azərbaycan ordusunun tam şəkildə Laçın şəhərini nəzarətə götürməsi ilin tarixi hadisəsi oldu. 10 noyabr bəyənnaməsinə əsasən, alternativ yolun tez bir zamanda çəkilməsilə ordumuz Laçın şəhərinə daxil oldu. Prezident İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağını dalğalandırması ilin ən tarixi anlarından birinə çevrildi.

"Tərtər işi"

Yola salamqda olduğumuz il həm də, "Tərtər işi" ilə bağlı yeni həbs dalğaları, təqsirləndirilən onlarla şəxsin bəraət alması ilə də yadda qalacaq. 2017-ci ilin may-iyun ayları ərzində Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar baş verən ziddiyətli məqamlar hüquq-mühafizə orqanları tərəfindən hazırda da araşdırılmaqdadır. İndiyədək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.

18+ FHN hadisələri

2022-ci ildə ölkə gündəmində FHN küləyi əsdi. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin kabinetində çəkilən silsilə pornoqrafik videolar sosial medianı çalxalayan ilin hadisəsi kimi yadda qaldı. Hazırda həbsdə olan Z.Mirzəyevin öz rəisinin qohumu ilə evli olduğu da məlum oldu. FHN-də yayılan daha bir video isə ilin son günlərinə təsadüf edir. Nazirliyin bir qrup xanım əməkdaşlarının iş yerində “xınayaxdı” keçirməsi də ilin müzakirə yaradan hadisələrindən oldu.

Sentyabr döyüşləri

2022-ci ilin 12-14 sentyabr tarixlərində ermənilərin Azərbaycan dövlət sərhədinə genişmiqyaslı təxribatları nəticəsində baş verən döyüşlər 80 hərbçinin şəhid olması, 80 ocağın sönməsilə nəticələndi.

AYB-nin başıbəlalı qurultayı

Azərbaycan Yazıçılar Birliyinin 26 oktyabrda keçirdiyi qurultay ilə damğa vurdu desək, yanılmarıq. Yazıçı Anarın yenidən sədr seçilməsi, gənc namizədlərin səsverməyə çıxarılmaması qurultayda dava-dalaş yaratdı. Qurultay günü Anarın mətbuatı zəhərli ilan adlandırması, Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistə “ölmürsən utanmığdan?” deməsi gülüş obyektinə çevrilməklə yanaşı, böyük hiddət doğurdu.

Rəşad Dağlı dəmir barmaqlıqlar arxasında...

Meyxana sevənləri təəccübləndirən xəbər - Rəşad Dağlının qonşusunu çoxsaylı bıçaq zərbəsilə öldürməsi böyük rezonans doğurdu. Günlərlə bitməyən müzakirələrdə müxtəlif fikirlər səsləndi, Rəşad Dağlının əməlinə hətta haqq qazandırıldı. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən tanınmış meyxanaçının neçə il müddətinə azadlıqdan məhrum ediləcəyi məlum deyil.

"Vasif Talıbov erası"nın sonu

Naxçıvan xanının barəsində "vəzifədən gedir" yazıları, nəhayət ilin sonuncu ayında öz təsdiqini tapdı. Nəticədə Vasif Talıbov Ali Məclisin qapalı iclasında 27 illik postundan istefa verdi. Oğlu Seymur Talıbovun atasının yolasalma mərasimində gözlərinin dolması da 2022-nin son yaddaqalan hadisəsi kimi tarixə düşdü.

Laçın yolundan Xankəndiyə...

Hələ də davam edən ekofəalların aksiyası 2022-ci il tarixinə düşən ən əlamətdar hadisəsi kimi yadda qalacaq. 7/24 davam edən aksiyalarda minlərlə azərbaycanlılının ekologiyamıza olunan terrora qarşı mübarizəsilə yadda qalmaqdadır.






up