Xəbər verdiyimiz kimi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
XİN-dən verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.
Bəs səfirliyimizə hücum edənlər kimlərdir və nə istəyirlər?
Busaat.az musavat.com-a istinadən bildirir ki, səfirliyimizə hücum edənlər “The Mahdi Servants Union” (Mehdi qulluqçular birliyi) radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır.
Qrup sünni əleyhinədir, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin arvadı Aişəni təhqir edənlərə dəstək verir.