Ermənilərin 12-13 sentyabr təxribatından və bunun ardınca Ermənistanın “təcavüz” iddialarından sonra xaricdəki erməni radikallar Azərbaycanın səfirliklərinə hücumlar edirlər. Belə hal ABŞ, London, Livan, Fransa və digər ölkələrdə təkrarlanıb.
2020-ci ilin Tovuz hadisələrindən sonra da ermənilər xaricdə səfirliklərimizə və soydaşlarımıza qəfil hücumlar edir, döyürdülər. Nəticədə azərbaycanlılar quduzlaşan ermənilərə adekvat reaksiyalar verməyə başladılar, bir sıra ölkələrdə - Rusiyada, Belçikada, Moldovada böyük qarşıdurmalar oldu. Ermənilərin xaricdəki təxribatları nəticəsində yenə həmin durum təkrarlana, böyük toqquşmalar baş verə bilərmi? Bunun qarşısını almaq üçün hansı işləri görmək olar?
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları ilə bağlı açıqlama yayıb: “Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.
Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir".
AZİNFORM.AZ xəbər verir ki, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Vyana konvensiyasında diplomatik korpusların imtiyazları, toxunulmazlıqları müəyyən olunub: “Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik məsələsini önə çıxarır. Bu halda da səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır. Bunlar məsələnin nəzəri tərəfləridir. Lakin biz görürük ki, Ermənistanla münasibətlərdə Vyana konvensiyası keçərli deyil. 1960-cı illərdən etibarən Daşnaksütyun Partiyası, həmçinin ASALA tərəfindən onlarla türk diplomatı şəhid edilib. 2020-ci ildə də bənzər hücumlar olub. Bu gün də eyni təcrübəni tətbiq etməyə davam edirlər. Bu, beynəlxalq cinayətdir, beynəlxalq diplomatiya hüququnun pozulmasıdır. Digər dövlətlərin Azərbaycana qarşı yol verdiyi kobud səhvdir. Bu, diplomatik notalarla nəticələnə biləcək durum yaradır. Son hadisələr göstərir ki, Azərbaycan diplomatlarının həyatı mühafizə edilmir”.
Ə.Əlibəyli hesab edir ki, proseslər daha da genişlənə bilər: “ABŞ-da konsulluqlarımıza qarşı fəaliyyət genişlənəcək. Hətta güclü lobbilərin olduğu Cənubi Amerika ölkələrində - Argentina, Venesuelada, o cümlədən İranda da bənzər hadisələrin olacağı gözlənilir. Brüsseldə, Lüksemburqda, Almaniyada, eləcə də Polşada hücumların olacağı gözləniləndir. Təəssüf ki, erməni radikalların hücumlarına hüquqi qiymət verilməyib. Hücumlar ermənilərin guya məruz qaldıqları haqsızlıqları bəyan etmə forması kimi seçilib. Əslində məqsəd azərbaycanlıları təhrik etmə məqsədi daşıyır. Bununla da təxribatlar yaratmağa çalışırlar. Azərbaycan yalnız diplomatik nota verə bilər. Eyni zamanda beynəlxalq səviyyəli media təmsilçiləri erməni təşkilatları ilə birgə işləyirlər. Onlar da bu proseslərə təkan verirlər. Həmçinin Ukraynanın Azərbaycana dəstək olduğunu görmədik. Bu, böyük problemlər yarada bilər ki, Azərbaycana qarşı təşkilatlanma mümkündür”.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına bir neçə radikal erməni qrup üzvünün zorla daxil olmağa cəhd etmələrini əks etdirən videogörüntülər yayılıb.
Qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək və müharibəyə təhrikçilik məqsədilə “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə zidd olaraq 18 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Fransadakı səfirliyinin inzibati binasına zorla daxil olmağa cəhd etmələrinə, əllərindəki silah qismində istifadə etdikləri əşyalarla inzibati binaya və ətraf əraziyə maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı baş prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.2, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Fransanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
Fransada fəaliyyət göstərən “Paris Azərbaycan Evi” ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq təşkilatlara müraciət edib. Bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb. Nəzərə çatdırılıb ki, paytaxt Parisdə yaşayan Azərbaycan icması beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə görə dərin narahatlıq hissi keçirir. Çünki Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə Ermənistanın hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz önündədir.
“Paris Azərbaycan Evi” beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.