İkibuynuzlu uşaqlıq inkişaf qüsuru olub, orqanın cisminin ikiləşməsi, lakin, boşluğunun tam bölünməməsilə xarakterizə olunur.
Bu barədə tanınmış həkim, cərrah, mama-ginekoloq Əfsanə Məsimova, AZİNFORM.AZ saytına məlumat verərkən bunları qeyd edib:
"İkibuynuzlu uşaqlıq kifayət qədər yayılmış anadangəlmə patologiyadır. Patologiyanın mərhələsindən asılı olaraq uşaqlığın böşluğunu bölən çəpər qısa və ya çox uzun ola bilər ki, bu halda uşaqlıq və hətta uşaqlığın boynu tam iki hissəyə bölünmüş olur. Bəzi hallarda uşaqlığın yuxarı hissəsi bir qədər içəri əyilmiş olur ki, bu halda uşaqlıq "yəhər"ə oxşamağa başlayır. Bu formada olan uşaqlığı həkimlər "yəhərvari uşaqlıq" adlandırırlar.
Bir çox hallarda ikibuynuzlu uşaqlığı olan qadınlarda hamiləlik 1-ci üçaylığında pozulur. Lakin bəzən hamiləlik saxlanılsa da, təbii doğuş mümkünsüz olur. Bu zaman qeysəriyyə əməliyyatı daha aktualdır.
İkibuynuzlu uşaqlığı olan qadında bir neçə dəfə uşaqsalma baş verərsə uyğun görüldüyü halda cərrahiyyə müalicəsi təyin oluna bilər. Cərrahiyyə əməliyyatı zamanı uşaqlığın normal forması bərpa olunur. Belə əməliyyatdan sonra qadında hamiləliyin sona qədər çatdırılması ehtimalı yüksəlir.
Əksər hallarda patologiya normal mayalanmaya mane törətmir. Lakin, hamiləlik 70% halda fəsadlarla keçir. İki buynuzlu uşaqlıq diaqnozlu qadınların hamiləlik dövründə düşük riski çoxdur. Bu patologiya çox zaman sonsuzluğun müalicəsi ilə bağlı həkimə müraciət etdikdə aşkar olunur. USM və ya histeroskopiya, histerosalpinqoqrafiya zamanı uşaqlığın ikibuynuzlu olduğu müəyyən edilir.
İkibuynuzlu uşaqlığı olan hamilə qadın daim ginekoloqun nəzarətində olmalı, özünü (ağır fiziki yükləmələr, stress və.s. ) qorumalıdır. Belə pozulmaların əksəriyyəti ikibuynuzlu uşaqlığın ağır formalarında (uşaqlıq çəpərlə iki hissəyə bölünüb) baş verir. Daha yüngül formalarında isə (çəpər çox qısa olduqda, yəhərvari uşaqlıq zamanı ) pozulmalar inkişaf etməyə də bilər. Lakin hər iki halda hamilə qadın ginekoloqun nəzarətində olmalıdır. Bizə müraciət edən hamilə qadınları daim nəzarətdə saxlayaraq uğurlu hamiləlik keçirmələrinə kömək edirik.