Ginekoloq Əfsanə Məsimova: "Qadınlarda hormonal pozğunluq çox geniş yayılıb"
12-08-2022, 21:57

Son bir neçə illərdir ki, tibbin yüksək səviyyədə və sürətlə inkişaf etməsinə baxmayaraq qadınlar arasında geniş yayılan bir çox ginekoloji xəstəliklər mövcuddur. İnsanların gündəlik həyat tərzi, qidalanması, müxtəlif təbii proseslər buna səbəb olur. İqlim böhranı, virusların geniş yayıldığı bir dövrdə insanlar, xüsusən də ana olmağa hazırlaşan qadınlar öz sağlamlıqlarına daha çox fikir verməlidirlər.

Mövzu ilə əlaqədar AZİNFORM.AZ saytının tanınmış həkim, cərrah, mama-ginekoloq Əfsanə Məsimova ilə müsahibəsini sizə təqdim edirik: 

- Azərbaycanda geniş yayılmış qadın xəstəlikləri hansılardır?

- Azərbaycanda geniş yayılmış ginekoloji xəstəlik hormonal pozğunluqdur. Hormonal pozğunluq çox geniş bir anlayışdır. Hormonal pozğunluq dedikdə, qadınlar tərəfindən menstruasiya pozğunluğu, tüklənmə və sonsuzluq, hamiləlik ilə əlaqədar hormonlar başa düşülür. Bundan əlavə ginekoloji iltihabı proseslər, infeksiyalar, hiperplaziya, poliplər və  kistalar geniş yayılmış ginekoloji xəstəliklərdən hesab olunur. 

- Qadın heç bir ağrı hiss etmirsə hansı əlamətlərdən bilməlidir ki, ginekoloqa müraciət etmək lazımdır?

- Qadının həyat amillərinə təsir edən hər hansı bir narahatçilığı varsa o patoloji faktor onu narahat edirsə dərhal həkimə müraciət etməlidir. Belə hallara bunlar daxildir: Adət pozğunluğu, uşaqlıq yolundan gələn kəskin iyli və rəngli ifrazatlar, qarın və bel nahiyəsində narahatedici ağrılar və.s.

- Yeri gəlmişkən qadınlar hansı vaxt aralığında ginekoloq qəbulunda olmalıdırlar?

- Ginekoloji baxış ildə bir neçə dəfə keçirilməlidir. Bu bütün qadınlar üçün çox vacibdir. Çünki gələcəyin anası olacaq qadınlarımız öz orqanizmlərinə xüsusi diqqətlə yanaşmalıdırlar.

- Gündəlik həyatımızda baş verən hadisələr, ümumiyyətlə həyatımızda olan hansı amillər qadın orqanizminə daha çox mənfi təsir göstərir?

- Bu  haqda geniş danışmaq olar. Çünki bu çox geniş mövzudur. Amma qısa olaraq deyə bilərəm ki, qadınlara gündəlik həyat tərzində pis təsir edən ekzogen və endogen faktorlar ola bilər.

- Ailə qurmayan qadınlar arasında geniş yayılmış ginekoloji xəstəliklər hansılardır?

- Ailə qurmayan xanımlarda xüsusən dediyim kimi hormonal pozğunluqlar, adət pozğunluqları, adətin olmaması, anotomik defektlər olduqda adət zamanı kəskin ağrılar, qaşıntı, infeksiyalar olur. Ana olmağa hazırlaşan xanımlarda isə sonuzluqdan əziyyət çəkənlər daha çoxdur. Poliplər, kistalar, hiperplaziya, miomalar olan xəstələrə sıx-sıx rast gəlmək olur.

- Ginekoloji xəstəliklərdən qorunmaq üçün konkret olaraq qəbul edilməli olan xüsusi vitamin kompleksləri varmı?

- Əlbəttə ki, rutin bir dərman pereparatı yoxdur. Hər orqanizmə eyni qaydada yanaşmaq olmaz. Hamiləlikdən öncə və hamiləlik dövründə çox yaxşı olar ki, hər bir qadın ginekoloji müayinələrə getsin. Yalnız onu deyə bilərəm ki,  Fol turşusu və E vitamini hamiləlik dövründə qəbul edilməsi zəruri olan dərman pereparatlarıdır.

- Ginekoloji xəstəliklərin müalicəsi zamanı xalq təbabətinə müraciət edirsiz?

- Yüngül ginekoloji xəstəliklərdə bəlkə də istifadə etmək olar. Amma bu o demək deyil ki, bu müalicə üsuludur. Öncə xəstəliyin etialogiyasını, patogenizini aşkarlamaq üçün etiapatogenetik müalicə lazımdır. Bunun üçün mütleq ginekoloji konsultasiya olmalıdır. Sırf xalq təbabətindən istifadə etməsəm də bitki tərkibli dərmanlarla müalicələr edirəm və çox da gözəl nəticələr alınır.

- Xanımlar ginekoloqa müraciət etdikdə həkimin hansı kriteriyalarına fikir verməlidirlər?

- Düzgün yanaşma çox önəmlidir. Müalicənin ilk günlərindən xəstə üçün heç bir effekt yoxdursa o, dərhal həkimini dəyişməlidir. Xəstəni narahat edən səbəbi aşkarlamaq lazımdır. Bunun üçün kliniki labarator diaqnostik üsullardan istifadə olunmalıdır. Həkimin kliniki biliyi yüksək səviyyədə olmalıdır.  Düzgün diaqnostika aparılarsa müalicə takstikası düzgün olacaq. Savadla bərabər burda həkimin vicdanı və qayğıkeşliyi çox önəmlidir. Xəstə öz həkiminə inanmalıdır. Vəziyyətə psixoloji aspektdən yanaşmaq lazımdır. Xəstə həkimini görəndə rahatlıq tapmalıdır. Əgər ginekoloqun savadı, vicdanı, yüksək mədəniyyəti və qayğıkeşliyi varsa heç bir xəstə onu tərk etmir.

AFAK.M

AZİNFORM.AZ

 






up