“İRƏVANIN BU PROSESİ LƏNGİTMƏYƏ CƏHD ETMƏSİ SAVAŞ SƏBƏBİDİR...” - “Rusiya tərəfinin Bakının iradəsini qəbul etməsi normal haldır”
23-08-2022, 13:11

Oqtay Qasımov: “Mehri üzərindən Naxçıvana dəhliz açılmalıdır və açılacaq”

“Tədricən Azərbaycan rus sülhməramlıların nəzarət etdiyi ərazilərdə öz nəzarətini həyata keçirməlidir”

Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Qarabağda real vəziyyətə uyğun olaraq yeni şərtlər yaranıb. Rus sülhməramlılar əvvəllər olduğu kimi qanunazidd addımlar atmaqdan ehtiyat edir, ermənilərsə Laçın rayon mərkəzi daxil olmaqla, böyük bir ərazini təhvil verməyə hazırlaşır. Buna baxmayaraq, ermənilərin təxribatları da davam edir.

“AzPolitika.info” Qarabağdakı mövcud durmu analitik Oqtay Qasımovla müzakirə edib:

- “Qisas” əməliyyatından sonra Qarabağda yaranan vəziyyəti necə qiymətləndirmək olar?
- Hazırda Azərbaycan tərəfindən qoyulan tələblər əsasında Laçın rayonunun, eləcə də Zabux və Sus kəndlərinin ermənilər tərəfindən boşaldılması davam edir. Həm Ermənistanda, həm də Xankəndindəki “böyük tələblər”lə çıxış edən revanşist qüvvələr Azərbaycanın tələblərinə əməl edəcək və bu əraziləri boşaldacaqlar.
Əlbəttə, müəyyən problemlər də olacaq. Azərbaycan tərəfi Ermənistana xəbərdarlıq edib, o cümlədən Xankəndindəki separatçı rejimin nümayəndələri də bu ərazidə yaşayan ermənilərə xəbərdarlıq etmişdi ki, əraziləri tərk edərkən yanğınlar törətməsinlər. Amma görünür, buna nail olmaq çətindi, çünki bu toplum xəstə düşüncəyə malikdir. Bu baxımdan belə problemlər yaşanacaq. Biz bunu Kəlbəcərdə görmüşük.
Bəli, Azərbaycan o zaman xoş məram nümayiş etdirdi. Ancaq Kəlbəcərdə dağıntılar törədənlərə, evləri yandıranlara, mina basdıranlara, ekoloji fəlakətə yol açanlara qarşı cinayət işləri açılmalı idi. İmkan olduqca həmin şəxslər Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verməli idilər. Düşünürəm ki, bu proses aparılacaq, artıq Baş Prokurorluq Laçın və Xocalıda törədilən meşə yanğınlarına dair cinayət işi başlayıb. Sözsüz ki, bu cinayətləri törədən ermənilər məsuliyyətdən boyun qaçıra bilməzlər. Bu məsələ də bir formada öz həllini tapmalıdır.

- Görünən odur ki, ermənilər Laçını və məlum kəndləri boşaldaraq Azərbaycana təhvil verəcəklər. Bundan sonra nə olacaq?
- Sözsüz ki, bunun davamı 10 noyabrda imzalanan üçtərəfli razılaşmanın tələblərinin yerinə yetirilməsi istiqamətində olacaq. Bundan sonra Azərbaycan tələb edir ki, razılaşmanın dördüncü bəndinin tələbləri yerinə yetirilsin. Söhbət Qarabağ ərazisində olan hərbi birləşmələrin Azərbaycan ərazisini tərk etməsindən gedir. Bu, həm Ermənistan ordusuna aiddir, həm də erməni ordusuna bağlı olan və guya separatçı rejimin nəzarətindəki silahlı dəstələrə aiddir. Onların hamısı ərazidən çıxarılmalı, çıxmaq istəməyənlərin məsələsi isə hərbi əməliyyatlar vasitəsilə həllini tapmalıdır. Düşünürəm ki, biz gələn aydan bunu görəcəyik. Ermənistan tərəfi elan edib ki, sentyabrın 15-nə qədər separatçı rejimi qoruyan hərbi birləşmələrin çıxarılması prosesini həyata keçirəcək. Aydındır ki, orada ağır texnika və silahlar var. Bunların hamısı Azərbaycan ərazisindən çıxarılmalıdır. Tədricən Azərbaycan Qarabağda rus sülhməramlıların nəzarət etdiyi ərazilərdə öz nəzarətini həyata keçirməlidir.

Əlbəttə, razılaşmadakı yeddinci maddəyə görə, azərbaycanlı qaçqınlar bu ərazilərə qaytarılmalıdır. Bununla əlaqədar Laçın rayonu, habelə Zabux və Sus kəndlərinin əhalisi ilə “Qaçqınkom”da görüş keçirilib. Bundan əlavə, erməni silahlı birləşmələrinin çıxarılmasından sonra Azərbaycan tərəfi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıların doğma yerlərinə qaytarılmasını gündəmə gətirməlidir. Eyni zamanda, kommunikasiyaların açılması əsas məsələdir. Ermənistan Mehri ərazisindən keçən xətlə bağlı konkret qərarını verməlidir. Bu istiqamətdə marşurut üzrə koordinatların təyin edilməsi davam edir. Artıq bu proses yekunlaşmalıdır, onu uzatmağa heç bir əsas yoxdur. Çünki bunun zərəri sonda Ermənistana dəyəcək.

- Bu proseslərdə rus sülhməramlıların iştitrakını necə qiymətləndirmək olar?
- Sülhməramlılar hazırda əvvəlki dövrlərdə rastlaşdığımız missiyadan kənar fəaliyyətə daha az baş vururlar. Mən son bir ayın fəaliyyətini qiymətləndirirəm. Biz həm Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatını, həm də Xankəndində rus sülhməramlıların erməni əhalisi ilə görüşündə masanın üzərinə Azərbaycan dövlət bayrağının qoyulmasını gördük. Əslində, belə də olmalıdır. Yəni ərazinin Azərbaycana məxsus olduğu bir daha ermənilərə nümayiş etdirildi. Eyni zamanda, Rusiya tərəfinin Azərbaycanın haqlı tələblərini qəbul edərək artıq iki ilin tamamına az qalmış Laçın dəhlizinə alternativ yolun hazırlanmasından sonra yeni dislokasiya yerinə keçməklə bağlı Bakının iradəsini qəbul etməsi normal haldır.
Azərbaycan Prezidenti yeni yolun tikilişi zamanı azərbaycanlı inşaatçılarla erməni əhalisinin kontaktlarına toxunarkən bildirdi ki, bir müddət sülhməramlı qüvvələr arada dayanıb, amma sonradan sülhməramlılar bir neçə ay görünməyiblər, nəticədə ərazidə yaşayan ermənilər azərbaycanlı inşaatçılarla təmasda olublar və normal əlaqələr olub. Məncə, bu, sətiraltı formada o deməkdir ki, rus sülhməramlı kontingenti olmasa da, iki icma birgə yaşayışı təmin edə bilər. Bu, əslində gələcəkdə məhz belə olacağına dair mesajdır. Burada məsələ daha çox Ermənistan tərəfindən asılıdır, çünki İrəvanın əsas problemi müstəqil qərar verə bilməməsidir. Ermənistan müstəqil qərar vermək imkanında olsaydı, məsələlər daha rahat və tez şəkildə həll oluna bilərdi.
- Prezident bir daha qeyd etdi ki, Qarabağdakı ermənilərə hər hansı status verilə bilməz, onlar Azərbaycan dövlətinin vətəndaşı kimi qanunla onlara verilən hüquqdan istifadə edə bilərlər. Sizcə, prosesin hansısa mərhələsində mədəni muxtariyyət və digər məsələlər ortaya gələ bilərmi?
- Mümkün deyil. Əvvəla, nəzərə almaq lazımdır ki, Qarabağda yaşayan ermənilərə verilən muxtariyyət beynəlxalq hüquq əsasında olmayıb. Hətta bu, SSRİ mərkəzi hökumətinin qərarı ilə də olmayıb. Bu, yalnız Azərbaycan SSRİ-nin o dövrdəki İcraiyyə Komitəsinin qərarı ilə olub. Yəni, daxili qərardır. Bu, yanlış qərar olsa da, 1991-ci ildə düzəldilib. Azərbaycan hökuməti bu muxtariyyəti ləğv edib. Digər tərəfdən, 1991-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı olub. Sənəd Azərbaycanda yaşayan milli azlıqların hüquqları və himayə edilməsi ilə bağlıdır. Bu sənəd Azərbaycanda yaşayan etnik qrupların və milli azlıqların hüquqları və himayə edilməsini nəzərdə tutur. Həmin fərmana əsasən Azərbaycanda yaşayan etnik qruplara və milli azlıqlara kifayət qədər təminat verilib. Azərbaycan çoxmillətli ölkədir, burada yaşayan xalqlar çox rahat şəkildə bu hüquqlardan gen-bol istifadə edərək yaşayırlar. Üstəlik bu milli azlıqlar içərisində ermənilər heç də ən çoxsaylı deyillər. Ötən ilin martında Qarabağdakı terrorçu rejimin rəhbəri Araik Arutyunyan müsahibəsində orada guya 45 min erməninin olduğunu bildirsə də, sonra bu rəqəmi 30 minə endirdi. Bu baxımdan Azərbaycanda təxminən 55-60 minə yaxın ermənin olduğu ortaya çıxır ki, bu da ölkəmizdəki digər milli azlıqlardan azdır. Yəni onlara hansısa bir formada siyasi və ya inzibati muxtariyyət vermək mümkün deyil. Odur ki, ermənilərin hüquq və təhlükəsizlik məsələləri müzakirə obyekti ola bilər. Burada da Azərbaycan vətəndaşlarına verilən hüquq və təhlükəsizlik onlara da veriləcək. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlarsa, bu hüquqlardan istifadə etmək imkanı qazana biləcəklər.
- Belə fikirlər var ki, Paşinyan Azərbaycandan Naxçıvana keçid məqsədilə üç təklif irəli sürür. Bunlar Kəlbəcərdə Zod, Qubadlıda Eyvazlı və Sədərəkdə Arazdöyən keçidləridir. Nədən Mehri üzərindən Naxçıvana keçidin təşkili Paşinyanın gündəliyinə daxil edilmir?
- Paşinyanın bir çox açıqlamaları kimi, burda da ziddiyyətli məqamlar çoxdur. Hətta məlum çıxışı zamanı Paşinyan bildirdi ki, əgər azərbaycanlılar Naxçıvana getmək istəyirlərsə Qazax-İcevan yolundan istifadə edə bilərlər. Əlbəttə, bu, absurd yanaşmadır. Zəngəzurda 42 kilometr məsafəni qoyub, 300 kilometr məsafə gedilməlidirmi? Bunlar cəfəng fikirlərdir. 10 noyabr razılaşmasına görə, bu dəhliz Mehri üzərindən olmalıdır və olacaq. Bunun alternativi yoxdur. İrəvan prosesi baltalamağa və ləngitməyə cəhd etsə də, bu, olacaq. Çünki öhdəliklərdən qaçmaq sülh prosesinə zərbə vurmaqla yanaşı, savaş səbəbidir. Məncə, indiki şərtləri nəzərə alsaq Paşinyanın buna getmək imkanı yoxdur. Üstəlik, nəzərə alınmalıdır ki, Paşinyanın bir çox açıqlamaları daxili auditoriyaya hesablanıb. Təxminən iki ay əvvəl üçtərəfli komissiyanın fəaliyyətində iştirak edən Rusiya Nazirlər Kabinetinin nümayəndəsi bildirdi ki, Mehridə 42 kilometrlik ərazinin son 6 kilometrinin koordinatlarının dəqiqləşdirilməsi prosesi gedir. Qısası, Mehri üzərindən Naxçıvana dəhliz açılmalıdır və açılacaq. Ermənistanın burada alternativi yoxdur, üstəlik Azərbaycan da heç bir alternativ təklifləri qəbul etmir. Bəli, gələcəkdə münasibətlər normallaşsa, sülh müqaviləsi imzalansa, sərhədlər qarşılıqlı tanındıqdan sonra, habelə iqtisadi əməkdaşlıq və əlaqələr bərpa olunarsa, sözsüz ki, Qubadlının Eyvazlı, Kəlbəcərin Zod ərazisində, eləcə də İcevanda sərhəd keçid məntəqələri qoyula bilər. Yəni, bunu bir çox ərazilərdə etmək mümkündür, amma bu, gələcəyin işidir. İndi söhbət kommunikasiyaların açılmasından gedirsə, bu, həm də Mehridən keçən avtomobil və dəmiryol xəttinin bərpasını nəzərdə tutur. Gələcəkdə bu xətt üzrə iqtisadi və qlobal xəttlərin də keçəməsi mümkündür. Odur ki, ermənilər bundan qaça bilməzlər.

AZİNFORM.AZ





up