Ekspert piyadaların kütləvi cərimələnməsini istəyir - AÇIQLAMA
3-11-2023, 10:42

“İllər öncə bizim sürücülərimiz kəmərdən istifadə etmirdilər, çünki cərimələr tətbiq olunmurdu, yol polisi buna göz yumurdu. O zaman ki, kütləvi cərimələr tətbiq olunmağa başlandı, demək olar ki, sükan arxasında təhlükəsizlik kəməri taxmayan qalmadı. Bu, eyni ilə piyadalara da tətbiq olunmalıdır”.

AZİNFORM.AZ xəbər verir ki, bunu bakıvaxtı.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.

Ekspert piyadaların məsuliyyətsizliyindən gileylənib. Onun sözlərinə görə, piyada keçidlərində və zolaqlarından piyadaların istifadəsində çox ciddi problemlər yaşanır: “Dəfələrlə şahid olmuşuq ki, dövlətin kifayət qədər vəsait xərcləyib ərsəyə gətirdiyi piyada keçidlərindən piyadalar istifadə etmir və elə prospektin ortası ilə yolu keçirlər”.

İlqar Hüseynli çıxış yolunu reydlərin sayının artırılmasında görür.

İlqar Hüseynli: Reydlər kütləviləşməlidir ki, Azərbaycan piyadası da yolu keçərkən diqqətli olsun

Müsahibimiz bildirib ki, bir neçə il öncə ərazi polis orqanlarının reydləri həyata keçirilirdi. Reydlər zamanı həm piyadalara izah olunurdu ki, haradan keçmək lazımdır, həm də qaydaları pozan piyadalara qarşı cərimə sanksiyaları tətbiq olunurdu.

“Bu reydlər davam etdirilməlidir. Piyadalara hüquqları izah olunmalıdır. Bu, kütləviləşməlidir ki, Azərbaycan piyadası da yolu keçərkən diqqətli olsun”, - deyə İlqar Hüseynli vurğulayıb.


AZİNFORM.AZ





up