Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Vüqar Əhmədli ifadə verib. O bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun sözlərinə görə, dostu Nazirliyin Tikilməkdə Olan Obyektlərin idarə rəisi Natiq Əzizovu tanıyıb: "Dostum Natiq Əzizovdan xahiş etdi ki, ev tikmək istəyən şəxs var və məni məsləhət gördü. Mən də tenderlərdə iştirak etdim və qalib gəldim. Bundan sonra 2014-cü ilin payızında nazirliklə ev tikintisi aparmaq üçün müqavilə bağladıq. Pulumu vermədilər, məndə işi görməkdən imtina elədim".
Şahidin sözlərinə görə, 2015-ci ilin yanvarında nazirlikdən 140 min manatlıq iş veriblər: "Fevral ayında devalvasiya oldu. İş görə bilmədik. Ümumilikdə müqavilədə görüləcək işlərin məbləği 1 milyon 100 min manat idi. Həmin puldan 460 min manat almışam".
Şahid deyib ki, adına 4 şirkət olub və ümumilikdə 20 fərdi ev tikmıli imiş. Onun sözlərinə görə, sonradan gördüyü işləri yoxlayıblar və 175 min manatlıq çatışmamazlıq aşkar edilib. O deyib ki, həmin ziyanı dövlət büdcəsinə ödəyib.
Digər şahid Elman Səfərov deyib ki, "Təmir-Tikinti" MMC-nin rəhbəridir. O deyib ki, Natiq Əzizovun həmyerlisi olub. Şahid bildirib ki, Natiq Əziziovla eyni kənddən olublar, həm də dost olublar.
Elman Səfərovun sözlərinə görə, həmişə tikinti işləri ilə məşğul olub: "Mənim şirkətin vasitəsi ilə 2 fərdi ev tikilib. Həmin evlərin tikintisi ilə bağlı Natiq Əzizova 12 min manat vermişəm"
Şahid bildirib ki, digər həmyerliləri ilə birlikdə 6 şirkət təsis ediblər. Onun sözlərinə görə, bu şirkətlərə də tenderdə qalib gəldikdən sonra Zaqatala rayonunda 11 ev tikiblər. Bildirib ki, 11 evin tikintisinə görə Natiq Əzizova ümumilikdə 66 min manat veriblər.
Prosesdə ifadə verən Lənkəran sakini Balaverdi Ağayev deyib ki, xalası oğlu Farağat Miriyevin vasitəsi ilə adına şirkət açılıb. Tərəflərin suallarını cavablandıran şahid bildirib ki, heç nədən xəbəri olmayıb. Bu zaman hakim şahidin danışmadığın görüb və ona suallar verib.
Hakim:
- Siz tenderin nə olduğunu bilirsən?
Şahid cavab verə bilmir.
Hakim:
- Bəs işləri həkim görüb?
Şahid:
- Xalam oğlu görüb.
Hakim:
- MMC rəhbəri kimi nə qədər əməkhaqqı alıbsan?
Şahid:
- Pul istəməmişəm, maaş almamışam.
Hakim:
- Marağınız nədən ibarət olub, adına olan müəssisəyə pul köçürülüb, həmin pul çıxarılıb, sizin marağınız nədən ibarət olub?
Şahid yenə də hakimin sualına cavab verə bilməyib. Şahid deyib ki, Yaşar Hüseynov və Tağı Talıbov onun həmkəndliləri olub. Deyib ki, onların da işini Farağat görüb.
Digər şahid Tağı Talıbov deyib ki, Lənkəranda su idarəsində mühəndis işləyir. Deyib ki, bu işlərlə heç bir əlaqəsi yoxdur. Hakim isə deyib ki, əvvəlcə ifadə ver, görək hansı işlərdən söhbət gedir. Bu zaman şahid deyib ki, adına Farağatın vasitəsi ilə şirkət açılıb və həmin şirkəti də Farağat işlədib: "Mənə dedi ki, heç bir problem olmayacaq. Neçə ev tikilib, bundan da xəbərim yoxdur. Farağatın da işləri harada gördüyünü bilmirəm. Adıma açılan şirkətə "Ərizə-5" adı verilib. Bu adında mənası armud deməkdir".
Daha sonra ifadə verən şahid Yaşar Hüseynov bildirib ki, Farağat ona şirkət açmağı təklif edib, o da imtina etməyib. Onun sözlərinə görə, adına təsis olunan şirkətin adı "Kəbələ" adlandırılıb, "Kəblə" quş növüdür. Bildirib ki, şirkəti Farağat işlədib: "Farağat qohumum olduğu üçün sözündən çıxmadım. Tikinti ilə heç bir əlaqəm olmayıb. Şirkətin adını Farağat seçib. İki fərdi ev tikilsə də, bundan xəbərim olmayıb. Hazırda.şirkətin adına 6036 manat ziyan var. Həmin ziyanı da Farağat ödəyəcək".
Nazirliyin Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin audit sektorunda baş məsləhətçi vəzifəsində işləmiş Elxan Səlimov şahid qismində ifadə verib. O bildirib ki, hər gün müəssələrdə yoxlamalar apararaq rüşvət alıb və rəhbəri olan Fuad Əlizadəyə verib: "2014-cu ildə Bakı şəhəri üzrə müəssisələrdə yoxlamalar apararaq hüquqi şəxslərin işçilərə verilən əmək haqqı məbləğinin düzgünlüyü, onlarla bağlanan müqavilələrin qanunvericiliyin tələblərinə uyğunluğu zamanı bir sıra nöqsanlar aşkar edirdik və onlardan şirinlik alırdıq. Yığılan pulları isə 2005-2014-ci illərdə audit şöbəsinin rəhbəri olan, 2014-2018-ci illərdə isə Dövlət Əmək Müfəttişliyinin rəisi işləmiş Fuad Əlizadəyə verirdik. Hər dəfə yoxlamaya 2 nəfər gedirdik. Hər ay Fuad Əlizadəyə ümumilikdə 5 min manat verirdik. O da biz pul verirdi".
Şahid qismində ifadə verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial müdafiə fondunun Hacıqabul şöbəsinin keçmiş müdiri Xalis Həsənov bildirib ki 2014-cü ildən 2021-cilədək o şöbənin rəisi işləyib: "İdarəmizdə qrafik üzrə yoxlamalar aparılırdı. Müəyyən nöqsanlar aşkarlandı. Nöqsanların şişirdilməməsi üçün əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət şöbəsinin rəis müavini Nizami Xanlarovla görüşdüm. 12 min manat pulu ona otağında təqdim etdim".
Qeyd edək ki, Nizami Xanlarov xalq artisti Zeynəb Xanlarovanın yaxın qohumudur. Bəzi şahidlər ifadələrində Nizami Xanlarova rüşvət verdiklərini iddia edirlər.
Digər şahid Telman Səfərov deyib ki, nazirliyin Tikilməkdə Olan Obyektlərin idarəsində Texniki nəzarətçi vəzifəsində işləyib. Onun sözlərinə görə, Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin təmirində müəyyən saxtakarlıqlar ediblər: "Fəaliyyət göstərdiyim müddətdə Natiq Əzizova hər evə görə 5, 9, 15 min manat rüşvət verirdim. Evlərin təmirində iştirak edirdim. Məsələn 50 min manata rəsmiləşdirilən mənzili 30 min manata təhvil vermişəm. Evlərdə istifadə ediləcək materiallarda da yeyintilər olub. Mən Gəncədə, Mingəçevirdə olan evlərin təmirinə nəzarət etmişəm. Ayrılan vəsaitin yalnız 10 faizini təmirə sərf olunurdu. Qardaşım Elman Səfərovun tikinti işləri ilə bağlı 8 min 425 manat yeyintiyə yol verməsindən xəbərim var".
Növbəti proses noyabrın 14-də davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. /demokrat.az/