"İçkili məclislərdə iftar açmaq haram deyil" — Elşad Miri
2-04-2023, 15:03

İslam dinində alkoqol haram sayılsa da, içki içən müsəlman az deyil.

Ramazanda çox müsəlmanlar içkidən imtina edir, haramdan uzaq durur.

Lakin son dövrlər bəzi restoranlarda iftar vaxtı həm içki, həm də iftar menyusu verildiyinin şahidi oluruq. Bu, təbii olaraq oruclu insanlarda qıcıq yaradır. Əhali bilmir hansı restorana getsin ki, tutduğu oruc batil olmasın... Bəs içkili məkanda iftar açmaq orucu pozur?

AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı yenicag.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri orucun hansı hallarda pozulması məsələsinə toxunub:

"Orucu pozan 3 amil var: yemək, içmək və ər-arvad münasibətləri. Bunlardan başqa içkili, musiqili məkanda olmaq, orada iftar açmaq orucu batil etməz. Dinimizdə belə bir qadağa və ya o cür haram yoxdur.

Elə restoranlar var ki, sahibi özünü dindar göstərmək üçün Ramazanda yalnız iftar vaxtı fəaliyyət göstərir. Bu, doğru deyil".

E.Miri qeyd edib ki, səfərdə olanları, turistləri, xəstəliyindən dolayı oruc tuta bilməyən insanları nəzərə almaq lazımdır:

"Niyə öz əqidəni və ya dünyagörüşünü məcburi şəkildə başqalarına qəbul etdirəsən ki? Bu Allahla sənin aranda olan bir məsələdir".





up