Tanınmış telejurnalst, ANS qurucusu və rəhbəri Vahid Mustafayev Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən yayılan Ramazan təqvimindəki yanlışlıqlarla bağlı özünün facebok səhifəsində yazı paylaşıb. Anspress.com saytında da dərc olunan həmin yazını olduğu kimi diqqətinizə çatdırırıq:
İftara 15 dəqiqə qalmışdı. Kabinetimdə iş masamı yığışdırırdım, lakin fikrim həmişə orucluqda olduğu kimi toparladığım sənədlərin mahiyyətində yox, evdə, hazırlanan iftar süfrəsində, üstəgəl məni gözləyən üç nəfər oruc tutan ailə üzvündə idi. Limonlu mərci şorbası, hisli düyü aşı və desertə hələ Novruz bayramından qalan paxlava. Deyirlər, Allah Ramazan ayında İftar süfrəsinə tələsənləri sevir.
Elə otağımdan çıxırdım ki, işıqları söndürəndə telefonuma zəng gəldi. Sizdən yaxşı olmasın, təzəlikcə ibadət yoluna qədəm basmış bir yoldaşım idi zəng edən. Elə ağzıdolusu “orucaçdı” ilə məni təbrik etməyə başlamışdı ki, xəyali yağlı kabab ətri bürüdü mənim gün ərzində kifayət qədər acımış nəfəs ambiansımı. Heç nə anlamadım, bu nə qoxudur? Haradan gəlir?
– Qardaş, deyəsən, yemək yeyirsən?
– Hə, qardaş, yerin məlum, qonşu “Moon Watch Sheep” restoranından bir tava cəmi iki dəfə ana südü əmmiş quzunun ətindən kabab almışıq… Bütün günü yemək yeməyən, oruc tutana Allah ruzisini əsirgəmir.
Bir əlimdə telefon digərini qaldırıb biləyimdəki VMF saatına baxdım. Məqrib Azanına hələ 10 dəqiqə qalmışdı.
– Qardaş, axı Məğrib azanı səslənməyib hələ, orucunu, elə bil, bir 10 dəqiqə tez açmısan…
Arada yaranan pauzadan anladım ki, məni dinləyərkən yoldaşım antrikotun növbəti tikəsini dişinə çəkdiyindən indi qızarılmış piylə əhatə olunan loxmanı çeynəməklə məşğuldur.
– Qardaş, biz kənddən gəlməmişik, bütün mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi cədvəli əsasında həyata keçiririk. Bilirsən ki, mən əsgər adamam. Ağa deyir, “Gün batdı”, deməli, gün batdı. İndi sənə həmin cədvəli yollayaram whatsappla. Bax, sən də vaxtında orucunu aç, geciksən, Allaha acıq gedər.
Bir neçə dəqiqədən sonra yoldaşım haqqında danışdığı cədvəli mənə yolladı. Bu, doğrudan da Qafqaz Müsəlmanları İdarəsinin mart ayı üçün namaz vaxtlarını elan edən rəsmi cədvəl idi. Əvvəlcə “Cədvəl”i görəndə, sözün düzü, sifətimdə bir balaca sarkastik təbəssüm yarandı. Burada ilahi Sübh, Zöhr, İmsak, Məğrib və İşa namazlarının vaxtlarından əlavə kimsə, ola bilsin, xüsusən Ramazan ayı üçün, bir necə bəşəri əlavələr etmişdi. İnsan həmişə ucalaraq Allahın dərgahına düşmək niyyəti ilə yaşayır, lakin bu “Cədvəl”dən görünür ki, kimsə bu yolu “dvijeniye” etməklə daha da qısaltmaq istəyir…
“Cədvəl”ə niyəsə Sübh namazının vaxtı deyil, “İmsak vaxtı” kolonu başçılıq edir. Bu nə “İmsak vaxtıdır”, və niyə bu “vaxt” Sübh namazından 5 dəqiqə əvvəl baş verməlidir? Yavaş-yavaş təbəssümüm səviyyəsini dəyişərək düşüncə formasına qədəm basmağa başlayanda, tənbəllik etməyib idarəyə zəng etdim. Adını çəkmək istəmədiyim, amma çox hörmət etdiyim bir axund mənə bu “İmsak vaxtı” ilə əlaqədar belə söylədi:
– Hacı, bu ehtiyat kolonudur, ora yerlədirmişik ki, millət çaşmasın…
– Hacı, sən nə danışırsan, nə “ehtiyat vaxtı”? “İmsak” – oruc tutan müsəlmanların Sübh namazı əvvəli qəlyanaltısı adlanır. Hər bir müsəlman onu istədiyi vaxt edə də bilər, etməyə də… Bu müstəhəb əməldir və tam şəkildə oruc tutanın özünə buraxılır. Əsas qayda və qanun – bunu Sübh namazından əvvəl etmək lazımdır!
Bir də ki, niyə 5 dəqiqə vaxt qoymusunuz, axı kim 5 dəqiqəyə yemək yeyə bilər, yoxsa bu yeməyi dayandırmaq üçün nəzərdə tutulan vaxtdır? Onda niyə “Cədvəl”də adını “İmsak qurtaran vaxt” yox, məhz “İmsak vaxtı” qoymusunuz? Şəxsən mən İmsakımı, vaxt olur, Sübh azanından 1 dəqiqə əvvəl bitirə də bilərəm – kim mənə nə deyə bilər və ya Allahın hansı qanununu mən pozuram?
– Hacı, düz deyirsən, amma biz bunu Sizin üçün yox, millət üçün yazmışıq ki, birdən başları yeməyə qarışıb vaxtı buraxmasınlar və Oruclarını batil etməsinlər…
– Bunu da anlamadım. Mənimlə digər müsəlmanların arasında nə fərq var? Bir də ki, harada yazılıb ki, ehtiyat vaxtı 5 dəqiqə olmalıdır, 1 və ya 10 dəqiqə yox?!
Nə isə, məsələ anlaşılmayan olaraq qalsa belə, mən respondentimin intonasiyasından anladım ki, mənimlə tam razıdır, sadəcə, Ağa deyir “İmsak vaxtı” yaz, o da yazır.
İkinci vacib, daha doğrusu, tamamilə vacib olmayan məsələ “Cədvəl”də Əsr və Məğrib namazlarının arasında Şam namazından 14 dəqiqə əvvəl “Gün batır” adlı rəqəmli kolonun yer almasıdır. Kiminsə bu cür anti-ilahi tapıntısını görəndə artıq düşüncə formasına tam yiyələnmiş süfətimin dodaqları bantik tək büzüşərək, ciddi narazılıq həddini nümayiş etdirməyə başladı.
Axı ciddi və hörmətli Qafqaz Müsəlman İdarəsinin rəsmi namaz vaxtları cədvəlinə bu ağlına gələn məsələləri kim əlavə edib? Axı ilahi, vacib və ciddi əməllər cədvəlinə bu cür qeyri-ciddi vaxtları yerləşdirməklə, sənədin aliliyini nəyə görə sıfra endirmək lazımdır?
“Gün batır” nə deməkdir? Bəyəm Məğrib azanı günün batmasına əsrlərdən bizə gələn işarə deyil? Bilməyənlər üçün – bütün yerli və xarici lüğətlərə görə “Məğrib” – günün batması və günün batan yeri olan qərb deməkdir. Bəs bu yeni kolonu bu ciddilikdə cədvələ yerləşdirən bilmir ki, minlərlə yeni namaza, oruca başlayan müsəlmanlar arasında bu məqam ciddi səhvlərə yol açacaq? Lap elə mənim təzə oruca qatılan yoldaşım kimi. Adam bilir ki, iftar gün batandan sonra açılır və respublikamızda ən ciddi və rəsmi sayılan mənbəyə müraciət edərək orada “Gün batır” kolonu altında Məğrib azanından 14 dəqiqə əvvəl olan bir əldəqayırma zamanı görüb orucunu açır.
Aclıq zarafat deyil və Allah taala Ramazan ayında qullarını məhz bu imtahana çəkməklə onların imanını yoxlayır. Lakin kiminsə, ola bilsin, sadəlöhvlüyü və ya səhlənkarlığı nəticəsində bu oruc tutan adam 14 dəqiqə əvvəl İftar açmaqla, bütün bir günü çəkdiyi əzab-əziyyəti, ibadətini və ən əsası niyyətini pozur.
Dostlar, heç kimin ixtiyarı yoxdur ki, İmsak və ya İftar vaxtını Sizə göstəriş etsin. Bu tamamilə hər bir müsəlmanın müstəqil qərarıdır. Allah taala bizə buyurub ki, Ramazan ayında oruc tutun və onun sərhədlərini Səhər Sübh azanından axşam Məğrib azanına qədər nazil edib! Bunu bilin və buna əməl edin, in şa Alah!
O ki qaldı Qafqaz Müsəlmanları İdarəsinə, onun rəhbəri olan Şeyxulislam Allahşükür Paşazadəyə mənim hörmətim var. Hələ ağır 1990-cı ilin 20 yanvarında Bakı küçələri həmvətənlərimizin meyidlərilə dolu olanda, tuğyan edən hakimiyyətsizlik zamanında Şəhid və Qurbanlarımızı yerdən qaldıran məhz bizim Şeyx oldu. Keçmiş Kirov parkını Şəhidlər Xiyabanı edən məhz o oldu və qardaş-bacılarımızı Bakının başında bir tac olaraq yerə tapşıran və bu mərasimləri tam şəkildə həyata keçirən məhz Şeyxulislam Allahşükür Paşazadə oldu. Mən bunu bilirəm və o günlər mən də orada onun yanında idim. Və mən inanmaq istəyirəm ki, in şa Allah, bu “Cədvəl”də olan bu lazımsız və müsəlmanları çaşdıran kolonlar da hörmətli Şeyxin lütfü ilə aradan qaldırılar. İn şa Allah, aprel ayının Ramazan çədvəlində artıq insanları çaşdıran bu məqamlar olmaz.
Əziz dostlar, fürsətdən istifadə edərək sizin hamınızı bir daha müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edirəm. Allah niyyətlərinizi, orucunuzu və ibadətinizi qəbul etsin! Allah günahlarınızı bağışlasın!
P.S. Məqalənin bir nüsxəsini də yeni oruc tutmağa başlayan, kabab həvəskarı olan yoldaşıma da yollayım. Allah ona da yar olsun!