Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana ilə aralarındakı münasibətdən danışıb. Verilişlərin birində qonaq olan müğənni nəvələrinin onunla yaşadığını deyib. O bildirib ki, Canana 3 övladını onlara verib və aparmır:
"Onu uşaqlarından ayıran olmayıb. Özü gətirib. Öz xoşu ilə verib bizə. İstədiyi vaxt gəlir aparır və gətirir. Haqqı, hüququdur. Nə vaxt istəsə, gəlib uşaqları apara bilər. Amma aparmır".
AZİNFORM.AZ xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Aynur Həmidova (Canana) bu iddiaların tamamilə yanlış olduğunu bildirib:
"Bu açıqlamanı görüb əsəb keçirdim. Əlbəttə ki, bu yanlışdır, niyə uşaqlarımı özümlə aparmaq istəməyim? Mən uşaqlarımdan ötrü bu qədər zülm çəkirəm ki, onlardan ayrı qalmışam. Bu haqsızlıqdır! Mən qalmışam küçələrdə, işimi "vurub", uşaqlarımı əlimdən alıb, indi də çıxıb efirdə nə gəldi danışır. Mətanət İsgəndərli çox haqsız danışır. Mən niyə uşaqlarımı atmalıyam?"
O, bildirib ki, müğənni nəvələrinin haqqı olan evi onlara vermək istəmir:
"Uşaqlarımın haqqı olan evi vermir ki, getsin kirayə qalsın. Bilir ki, ana uşaqları götürüb kirayələrdə onları əziyyətə salmayacaq. Yaşamağa evləri, onlara baxmağa imkan olduğu üçün mən 3 uşaq dünyaya gətirmişəm. Mən heç boşanmağı belə fikirləşməmişəm. Yenə də boş-boş danışırlar..."
Qeyd edək ki, Canana və M.İsgəndərlinin oğlu Kərim qalmaqallı şəkildə ayrılıblar. Üç uşağın qəyumluğu anaya verilsə də, onlar M.İsgəndərli ilə qalır.