Flora Kərimova xalq artistindən üzr istədi
14-05-2022, 14:14

Dünən Binəqədi Rayon Məhkəməsi müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib. Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.
Xalq artisti Flora Kərimova bununla bağlı müsahibə verib.
- Flora xanım, Afət Fərmanqızı niyə məhkəməyə gəlmir?
- Onun cəsarəti yalnız məni söyməyə çatdı. Ancaq həmin söyüşlərin arxasında durmaq cəsarəti yoxdur. Mən ilk dəfə eşidirəm ki, qadın hamilə olduğu üçün məhkəməyə gəlmir. Deyəndə də bəhanə edir ki, Bakıda hava mənə ağırdır. Mən gərək bir müddət istirahət edəm, balamın qayğısına qalam. Biz hər məhkəməyə gedirik, niyə o gəlmir? Deməli, bunun bütün mənəm-mənəmliyi, gözünü-qaşını süzdürməsi elə bura kimidir. Haqqımda demədiyi söz qalmayıb. Deyir, o vaxtlar internet olmadığından heç kəs heç nəyi bilmir. Deyirəm ki, bu vaxta kimi haqqımda nə demisənsə, gəl burada de, biz də bilək. İnsan ağzını Allah yoluna qoyanda bilməlidir ki, nə vaxt, haradasa cavab verəcək. Gedib onu vurası, döyəsi deyiləm, dövlətin qanunlarına arxalanıram. Məhkəməyə verirəm, bu da gəlmir, naz edir, saymır. Qanun, dövlət də onu saydırır, artıq haqqında axtarış elan edilib. Hələ bunun işi məhkəmədə olduğu müddət ərzində dil uzadır. Ayıb deyil, deyir, sənin şəklin qara mərmərlərdən görünsün, yarpağı tökülmüş qoca ağaca oxşayırsan və s.
- Xalq artisti Naibə Allahverdiyeva da sizin müdafiənizə qalxdı. Amma Afət Fərmanqızı tərəfindən təhqir olundu. Afət onun haqqında "Bir aktrisa var, alt dodağı yer süpürür, üst dodağı göy". Bu aktrisa öz aləmində guya mənim cavabımı verib, bir Xalq artisti ilə mənim polemikama münasibət bildirib. Əvvəla, sənin o əyri fikirlərin əyri ağzın kimi əyridir", - deyə təhqir etdi... Bununla bağlı nə deyə bilərsiniz?
- Mən Naibə xanımın qarşısında çox təqsirkaram. Çünki mənə görə ona layiq olmayan sözlər deyildi. Afət Naibə xanımın haqqında nələr dedi, mən utandım. Nədir-nədir, sənətkar olaraq mənim müdafiəmə qalxmışdı. Afətin mənim ünvanıma demədiyi söz qalmayıb. 30 yaşına çatan nəvələrim var, bilirsən, nə danışırsan! Moskvadan arayış göndərib ki, hamiləyəm. Utanmayacaqsan, sənin qulağından tutub məhkəməyə gətirsələr? Niyə bura çatdırdın işi? Bu axtarış hökmü çoxdan elan edilməliydi.
- Niyə?
- Çünki, doğrudan da, məhkəməni ələ salmışdı. Hər dəfə "söz verirəm, gələn dəfə gələcəyəm" deyə yalvarırdı. Gəlirik, gözləyirik, gəlmir, məhkəməni vecinə də almır. Vəkili bu gün mənə yaxınlaşıb ki, "Flora xanım, utanıram bunu deməyə, bəlkə barışasınız". Mən onunla necə barışım? Bir barmaq yer qoydunmu barışmağa? Mənim səninlə barışmağım haqqımda dediklərini qəbul etməkdir. Dünyada elə bir təhqir qalmayıb ki, ünvanıma səsləndirməsin, axırda övladlarıma əl atıb. Mən nə dedim? Dedim ki, Nəsimini belə oxumazlar. Sən tanınmaq üçün o boyda klassiki yaman günə qoydun. Tanına bildin? Sevilə bildin? Ancaq tanındın, özü də necə... Mənim heçmi ixtiyarım yoxdur ki, ona Nəsimini belə oxumaq olmaz deyim? Bizim mənəvi ixtiyarımız yoxdur klassiklərə toxunaq. Sən Nəsimini bu ifaya qurban verdin. Deyib ki, mən ad çəkmirəm, havaya deyirsən. Kimi hədəf götürmüsən? Mən onu sənə heç vaxt bağışlamaram. Vəkilim məsələni konkret qoydu, gəlməlidir, vəssalam. İndi durub onu 9 ay gözləməliyik? Floranın bütün portretini cızırsan - "qoca sənətkar", "4 aktava səs" və s. Nə deyəsən. Bu, çox çərçivədən çıxıb, onu kimsə yerində oturtmalıdır. Mən Naibə xanımı görə bilmirəm, amma mənim mesajımı ona çatdırın.
- Naibə xanıma nə deyək?
- Onun qarşısında dönə-dönə üzr istəyirəm. Ona zəng etməyə üzüm də yoxdur. Mənə görə təhqirli sözlər eşitdi. Sağ olun ki, mənə imkan verdiniz, onun qarşısında üzr istəyim. Mənim üzürümü ona yetirin.
- Bütün bu olanlardan sonra Afət Fərmanqızı ilə nə vaxtsa barışa bilərsiniz?
- Mən onun ölüsündən də əl çəkən deyiləm. Onun qulağından tutub sürüyə-sürüyə məhkəməyə gətirəcəklər. Bir qadını ki, axtarışa verələr və onun qaçmaq çarəsi olmaya... Ölüm bundan yaxşıdır. Qazancın da əlindən çıxdı. /qaynarinfo/
     AZİNFORM.AZ




up