İllər öncə televiziyadan uzaqlaşan tanınmış aparıcı Azər Zahid "Tik-Tok" sosial şəbəkədəsində fərqlilik edərək veriliş yayımlayıb. Ötən gün "Təkərdə" realiti şousunun ilk buraxılışı təqdim olunub. Realiti şouda "Tik-Tok"un ən məşhur və qalmaqallı yayımçıları iştirak edir. Sözügedən şounu bir gündə 47 mindən çox insan izləyib. Bəziləri iddia edir ki, sosial şəbəkələr zamanla ənənəvi teleyayımları sıradan çıxaracaq. Çünki artıq insanlar televiziyalardan çox sosial şəbəkələrə maraq göstərir.
AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə yenisabah.az-a danışan tanınmış teleaparıcı Rövşanə Bektaşi bildirib ki, insanlar bir yenilik gördükdə digərindən zamanla uzaqlaşırlar: "Televiziyaya yaxud sosial şəbəkələrə baxmaq hər insanın öz seçimidir. Artıq bir inkişaf var, bir zamanlar kino çıxanda istər-istəməz digər sahələrə maraq azaldı. Teatr çıxanda ədəbiyyata marağın azalacağı deyilirdi. Televiziya kəşf olunanda teatrlara baxan olmayacağı deyilirdi. İndi internet əsridir, dünya tamamilə inkişaf edib. Bu gün dünya ovcumuzun içərisindədir. Biz bəzən həqiqətlə barışmaq, qəbullanmaq istəmirik, amma hər zaman bu ziddiyət olub, yenilik çıxanda köhnədən beşəlli yapışırıq ki, yox, mümkün deyil, biz bunu buraxa bilmərik. Amma zaman öz diktəsini edir. İsətsək də, istəməsək də zamanla yeniliyə qapı açmağa məcburuq. Bu gün artıq sosial media dediyimiz məkan qəzetlərə marağı öldürüb. Biz bir zamanlar qəzetlərdən də yapışmışdıq ki, mütləq qalmalıdır, amma bu gün qəzet sıradan çıxır. Çox az qisim insan qəzet alıb oxuyur. İnsanlar qəzet almırlar. Bu gün hətta kinoteatrlara gedənlər də azalıb, çünki hər şey əlimizin içindədir. Bu da yəqin ki, bir keçid dövrüdür. Demək olmaz ki, televiziya verilişlərinə maraq azdır, xeyir, verilişlər yetərincə baxılır, reytinqlər var. Amma ola bilər ki, zamanla sosial mediada yayımlanan internet verilişləri daha maraqlı və dinamik olsun".
Onun sözlərinə görə, artıq insanların 2-3 saatlıq verilişlərə baxmağa hövsələsi yoxddur:
"İnsanların 2-3 saat yayımlanan verilişlərə baxmağa həvəsi yoxdur. Onlar 3 saatlıq canlı yayımları izləmək istəmirlər, artıq buna vaxt da yoxdur. Söhbət orta və gənc nəsildən gedir, yaşlı nəsil nənələr oturub sosial verilişlərə baxırlarsa, bu göstərici ola bilməz, çünki kütləvi deyil. Hələ ki, bir uçurum arasında qalmışıq. Ola bilər ki, 5-10 ildən sonra sosial media bütövlükdə televiziya anlayışını arxivləşdirsin. Təbii ki, biz bunun olmasını istəməzdik, lakin gələn sel qarşısında insan aciz olur. Ona görə də bu halda biz məcburuq ki, qəbul edək. Soail media verilişlərinin hansı formada olacağını, hansı formada həyatımıza girəcəyini isə zaman göstərəcək. İndiki halda iki cəbhə var: televiziya izləyiciləri və sosial media izləyiciləri. Hələlik mübarizə gedir, sonda hansı qalib, hansı məğlub olacaq zamanla görəcəyik".
Uzun illərdir televiziya sahəsində çalışan Rövşanə Bektaşi qısa verilişlərin tərəfdarı olduğunu deyib:
"Mən qısa verilişlərin tərəfdarıyam, 2-3 saatlıq verilişlərin ümumiyyətlə, əleyhinəyəm. Amma təbii ki, burada hər şey bizdən asılı deyil. Televiziyalar bu gün öz reklam işlərini verilişlər üzərində qururlar. Televiziya özü bir biznesdir, verilişlər həm də pul gətirməlidir. Amma bütün hallarda peşəkar televiziya aparıcısı kimi dinamik verilişlərin tərəfdarıyam. İnsan nə qədər bekar ola bilər ki, 3-4 saat bir verilişi sona qədər izləsin. Bu mümkün deyil, bunun üçün ya işsiz-gücsüz olmalısan, ya da bütün işini atıb televiziya qarşısında oturmalısan ki, görəsən axırda kim-kimi boşadı, kim-kimin arvadını aldı. Mənə elə gəlir ki, bu bekarlıqdan irəli gəlir. 1 saat səni maraqlandıran mövzuda verilişə baxırsan, vəssalam. Sənin nəyinə laızmdır ki, 3 saat vaxtını sərf edəsən ki, axırda kim-kimi boşadı öyrənəsən? Kimlərsə bu cür veriliş hazırlayırsa, yəqin ki, bunun biznes, sponsor tərəfini düşünüb edir. Bütün hallarda bunun əleyhinəyəm, veriliş 45-50 dəqiqə olmalıdır".
AZİNFORM.AZ