“Qəlpə elə yerində qalıb ki, çıxarsalar öləcək” – Xalq artistinin ağır dərdi
12-10-2022, 21:20

Onu Gəncə teatrının pərvanəsi adlandırmaq olar. Rəngarəng obrazları, xarakteri, ustalığı ilə tamaşaçı sevgisini qazanıb. Son illər onu müxtəlif seriallarda gördük, sevdik.

AZİNFORM.AZ xəbər verir ki, lent.az-ın müsahibi teatr və kino aktrisası, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycanın Xalq artisti Pərvanə Qurbanovadır.

- Pərvanə xanım, aktyorun halı tamaşaçıların olub-olmaması ilə ölçülür. Halınız necədir?

- Bir zamanlar teatrlarda bilet tapılmazdı, tamaşalar anşlaqla keçərdi, televiziyalar çıxandan sonra tamaşalara maraq azaldı. İnternetin gəlişi ilə maraq daha da söndü. Deyirlər, mədəniyyətin ən yüksək forması vəhşilikdir. İnternetin gəlişi ilə biz nə qədər qorxunc xəbərlər alırıq, stress yaşayırıq, fərqindəsinizmi? Amma onu da qeyd edim ki, pandemiyadan sonra teatrlara güclü axın hiss edirəm. Çünki insanların canlı ünsiyyətə, sosiallaşmağa ehtiyacı var və teatr bu tələbatı ödəyir. O mənada halımız yaxşıdır.

- Sizi ölkə tamaşaçılarına seriallar tanıtdı. Baxmayaraq ki, illərlə Gəncə teatrında külüng vurursunuz. Kino, yoxsa teatr? Hansı daha əzizdir?

- Birmənalı olaraq teatr. Teatr sənə bir kadrı bircə dəfə yaşamaq şansı verir, kinoya çəkilərkən bir səhnəni 20 dubla da çəkmək olar. Lap əldə heç nə olmasa belə, ordan-burdan kadrlar kəsilir, montaj edilir bir də gördün möhtəşəm bir səhnə alındı. Teatrda bu yoxdur. Canlı tamaşaçı qarşısına çıxmaq, onların reaksiyasını hiss etmək bir başqa duyğudur. Teatr zəhmət əmək deməkdir. Rejissor Rövşən İsax deyir ki, kino, serial sintetik sənətdir.

- Hələ də həyəcan var?

- Yox. Amma tamaşaçı ilə görüşün məsuliyyəti var. Mən onları inandırmalıyam. Səhnədə olanda Pərvanə olmuram.

- Hər aktyora, aktrisaya biçilmiş bir obraz var. Elə aktrisalar var ki, onlara daima çox davakar, qaba qadın obrazları verilir, eləsi var onlara ancaq komediya və ya ağılsız qadın rolları həvalə edilir və s. Sizə baxınca xanım-xatın, bir az hökmlü bir qadın görmək olur. Roldan-rola dəyişmək çətin olmur?

- Mən 41 ildir Gəncə teatrındayam, 16 yaşımdan səhnədəyəm. Demək olar ki teatrın repertuarındakı tamaşaların 70 faizində mən varam və əsasən baş rollarda. Bunların hər biri fərqli xarakterlər olub. Bunu bacarmaq aktyorun vəzifəsidir.

- Dediniz “səhnədən çıxana qədər mən deyiləm”. Bəs olubmu ki, dramatik bir obrazın ağırlığını dərd yükünü evə gətirəsiniz?

- Səhnəyə çıxmazdan 15 dəqiqə öncə pərdənin kənarından səhnəyə baxıram ki, adaptasiya ola bilim. Tamaşa bitdi, hisslər də bitdi. Yalnız bir obrazın ağırlığını, dərdini yaşamşam. “Cavad xan” tamaşasında Mələknisə obrazı məni məndən alıb. Bu tamaşa ilə biz Bakıda Akademik Musiqili Teatrın səhnəsində də çıxış etdik. Tamaşadan sonra teatrın rəhbəri. Əliqismət Lalayev məni qucaqlayıb dedi ki, “Pərvanə sən məni ağlatdın”. Mən hələ onda da özümü Mələknisə kimi hiss edirdim. Onun faciəsi hamımızın yaralı yeridir. Əri şəhid xandır, oğlu şəhiddir, torpağı işğal olunur, əzizlərini gözü görə-görə ölümə göndərir. Bir sözlə bu gün yaşadığımız acıların 100 il öncəki halı. Gəncə Qarabağ müharibəsini çox ağrılı yaşadı, mənim bir qardaşım qazidir, qolunda elə bir yerdə qəlpə qalıb ki, deyirlər çıxarsaq öldürəcək onu. II Qarabağ müharibəsində Gəncəyə 2 dəfə raket atıldı. Yadıma gəlir uçqun altından gecə köynəyində ölmüş bir qadını çıxarırdılar, üstünü örtürdü kişilər ki, kimsə görməsin. Qadın ölüb, amma onlar ilk növbədə meyiti örtməyə çalışırdılar. Bir ay biz gəncəli xanımlar paltarlı girdik yatağa. Çoxları ailəsini apardı Gəncədən. Mən getmədim. Dostlarım zəng edib çağırdılar. Dedim mən gələ bilmərəm, bu mümkün deyil. Sanki getsəm Gəncəyə xəyanət olacaqdı Mələknisə obrazını oynadığım günün səhəri mən mütləq dərman içməli oluram.

- Bakıda qastrollarda olmusunuz. Gəncə və Bakı tamaşaçılarında fərq görmüsünüz?

- Bəli fərq var. Gəncə tamaşaçısının reaksiya verdiyi momentlərə Bakı tamaşaçısı, ya da əksinə reaksiya vermirdilər. Bakıdan Gəncəyə gələn aktyorlar da eyni fikirləri deyirlər. Tam fərqlidirlər.

- Hansı tamaşaçı ilə asandır sizə?

- Heç birini inandırmaq asan deyil. Həm də indiki zamanda. İnsanlar o qədər informasiya bolluğu içindədirlər, dünyanın istənilən teatrının tamaşalarına baxa, müqayisə edə bilirlər. İndi tamaşaçını inandırmaq öz sənətində bir pillə daha yüksəlmək deməkdir.

- Rejissorların təklif etdiyi bütün obrazlarla razılaşırsınız, yoxsa seçimlər edirsiniz?

- Əlbəttə seçimlər edirəm. Oynamdığım obrazlar olur. O roldakı mən özümü görmürəm oynasam da alınmaz, ondan uzaq dururam. Xarakterimə uyğun olmalıdır. Qəbul etmədiyim çox şeylər var. Hər nə qədər desələr ki, aktrisa hər rolda oynamalıdır, mən bunu edə bilmərəm.

- Hansı rolla sevilmisiniz?

- İlk rolum “Yad qızı”nda Nazan obrazı olub. 18 yaşım var idi onda. 82-ci ildə Bakıya bu tamaşa ilə gəldik, 1 gün oynamalı idik, 3 gün oynadıq. Yanımda necə karifey, müqtədir sənətkarlar var idi. Ələddin Abbasov, Məmməd Bürcəliyev, Rəmziyyə Veysəlova, Zülfüqar Baratzadə. Mən onların yanında uşaq idim. İndiki məsuliyyətim onda yox idi, bunu hiss etmirdim. Tamaşaya baxmağa kimlər gəlmişdi, Leyla Bədəlbəyli, Mehdi Məmmədov, Barat Şəkinskaya. Allah hamısına rəhmət eləsin. Rəmziyyə xanım mənim qaynanam rolunu oynayırdı. O tamaşaçı zalında nəhəng aktyorları görüb həyəcanlanmış, hətta boğazını yaşlamaq üçün su da istəmişdi. Amma mən nəinki qorxmuş, həyəcanlanmışdım, əksinə fəxr etmişdim. Sevinmişdim ki, gör kimlər baxacaq. Rəmziyyə xanım bizim gördüyümüz ən böyük sənətkar idi, onu ömrü boyu həyəcanlanan görməmişdim. İndi olsa əlim-ayağım əsər, bəlkə də addım ata bilmərəm.

- Necə oldu ki, 16 yaşında dövlət teatrında işə başladınız?

- O vaxtlar mədəniyyət evlərində musiqi məktəbini bitirənlər musiqi müəllimi kimi işləyə bilirdilər. Aktyorluğu sevirdim, amma aktrisa olacağım ağlıma gəlmirdi. 13 yaşımda Cabbarlının külliyyatını oxumuşdum. Gəncədir də, qardaşlar, dayılar, qoyardılarmı heç? Hilal Həsənov adlı sənətkar var idi, sonralar İstanbula köçdü. Onun dərnəyi var idi, sülh göyərçini rolunu oynamağa uşaq axtarırdı, məni seçib bəyəndi. Məni və qardaşlarımı nənə-baba saxlayıb. Ana-atamızı tez itirmişdik. Dayılarımın sözü qanun idi. Onlar “olmaz” dedilər. Sonra müdiriyyət onları dilə tutdu, beləcə məni ilk dəfə 13 yaşında səhnəyə çıxdım. Səhnənin tozunu uddun xəstələnirsən də. Sonra xalq teatrlarının müsabiqəsi keçirildi və məni ən yaxşı qadın obrazı ifaçısı seçildim. Gəncə teatrının rejissoru məni teatra dəvət etdi, əvvəl evdən buraxmırdılar. Amma şərait elə gətirdi ki, işləmək lazım oldu və mən teatrda işə başladım.

- Peşman deyilsiniz?

- Mən teatrı çox sevirəm. Gəncə teatrını daha çox sevirəm. Məndən çox teatrın gələcəyi üçün stress keçirən, danışan yoxdur. Əlimizdən tutub gətiriblər bu teatrı bizə əmanət ediblər. Bəs biz kimə əmanət edəcəyik? Mənim rəhmətlik yoldaşım da aktyor idi. Biz evlənəndən sonra o məni teatrdan uzaqlaşdırdı, bir il. Vaqif Şərifova Allah rəhmət eləsin, o mənim müəllimim olub, baş tacımdır. Ali təhsilim yoxdur, Vaqif müəllim məni elə yetişdirdi ki, ölkənin Xalq artisti adını ən gənc yaşda alan aktrisa oldum. 34 yaşım var idi, bu adı alanda. 1992-ci ildə Əməkdar, 2000-ci ildə Xalq artisti adını almışam. Vaqif müəllim yoldaşıma dedi ki, Cabbar, gətir Pərvanəni teatra. Bütün tamaşalarda var idim, məni teatrdan işdən çıxarmadı. Gözlədi. Bir gün yoldaşımla tamaşaya baxmağa gəlmişdik, Rəmziyyə xanımın əlini öpmək istədi, incimişdi, qoymadı. Yoldaşım “niyə belə elədin, ay Rəmziyyə xanım?” soruşanda qayıtdı ki, sən Pərvanəni apardın, ona görə. “Hərə öz xanımını götürüb getsə, biz teatrı kimə verib gedəcəyik?” dedi. Bu söz qulağımda sırğa oldu.

- Bəs siz kiminsə əlindən tutub gətirmisiniz?

- Əlbəttə. Teatrda praktika təhsildən önəmlidir. Əsas sənətdir. Təhsil çox önəmlidir, amma təyinatla gələnləri görmüşəm də. Çoxuna mən danışmaq öyrədirəm. Teatr üçün mütaliə, dünya görüşünün genişliyi vacibdir. Universitet bitirib bu sənətə gələnlərin çoxu necəsə olub gəlib. Diplom xətrinə. Bizdə başqa sahələrdən gəlmiş, amma ürəyi, istedadı olan böyük aktyorlar var ki.

- Qızlarınız sənətinizi davam etdirmir. Eləmək istəsələr “yox” deyərdiniz?

- Elə edərdim aktyor olmasınlar.

- Axı niyə? Bütün aktyorlar eyni sözü deyirlər.

- Aktyorun nə yaşadığını yalnız aktyor olan bilir. Bəli sevilirlər, tanınırlar, amma çətin tərəfləri çoxdur. Mən fəxri ad alanda bunu öz zəhmətimin bəhrəsi kimi gördüm. Teatrda əziyyət çəkməyəndə elə bilirəm havayı maaş alıram. Bunu anlatmaq çox çətindir.

- Gözəl xanımsınız. 57 yaşlı bir xanım olaraq yaşınızdan qat-qat gənc görünürsünüz, gözəllik sirlərinizi xanımlarımızla bölüşərsinizmi?

- Plastik əməliyyatlar etdirməmişəm, amma özümə baxıram, hər qadın baxmalıdır. Mezo, plazma və s. Kök hüceyrə proseduru etdirdim və məncə gənc görünməyimdə onun da rolu var.

- Mənim belə gözəl, gənc nənəm olsaydı ona nənə deməyə dilim gəlməzdi .

- Yoldaşım mənə “Gülüm” deyirdi, ona görə öz nəvələrim də, qardaş-bacılarımın nəvələri də mənə onun diliylə “Gülüm” deyirlər.

AZİNFORM.AZ





up