Onkoloji xəstələrə bu halda pensiya təyin olunacaq
26-07-2022, 13:34

Onkoloji xəstəliklə bağlı əmək qabiliyyətinin itirilmə faizi səhiyyə müəssisələri tərəfindən göndəriş əsasında müəyyən olunur.

AZİNFORM.AZ xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

DSMF rəsmisinin sözlərinə görə, hərbi qulluqçular istisna olmaqla, digərlərinə pensiya xəstəliyin və əlilliyin səbəbindən asılı olmayaraq, yalnız əmək qabiliyyətinin itirilmə faizlərinə uyğun staj və kapital tələbi varsa, təyin edilir:

“Xəstəlik əlillik dərəcəsinə gətirib çıxararsa, o halda qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq pensiya təyin olunur. Yəni 81 %-dən 100%-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələb olunur. 31%-dən 80 %-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün isə azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələbi və əlavə pensiya kapitalı tələb olunur”.

Qeyd edək ki, “Onkoloji yardım haqqında” Qanuna edilən dəyişikliyə əsasən, artıq əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin də əmək pensiyası almaq hüququ var. 





up