Əlilliyi olan şəxslər oxusun: Sabahdan yeni meyarlar tətbiq olunacaq
30-06-2022, 18:33

Sabahdan etibarən Azərbaycanda əlillik sahəsində yeni meyarların tətbiqinə başlanacaq.

Bu haqda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Yeniliklər aşağıdakılardır:

- Əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq.
- 31 faizdən sonra göstərici 5 faiz – 5 faiz aralığında artacaq.
- Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti.
- Əlillik təyinatına əsas verən meyarlar 4 dəfədən çox artırılır.
- Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslər yeni meyarlarla bağlı təkrar müayinəyə çağırılmayacaq.
- Bu vaxta qədər müddətli əlillik verilmiş şəxslərin isə yalnız həmin müddət bitəndən sonra yeni meyarlarla əlilliyinin qiymətləndirilməsi aparılacaq.
- Sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik artıq 18 yaşa qədər deyil, ömürlük təyin ediləcək.
- İndiyədək iki və daha çox diaqnoz olduqda, yalnız biri üzrə əlillik təyin olunurdu. Bundan sonra onlardan yüksək faizi olanın üzərinə 10 faiz əlavə olunmaqla təyinat aparılacaq.
- Bu zaman daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək. Məsələn, şəxsdə həm müharibə ilə əlaqədar, həm də ümumi səbəbdən əlillik mövcud olanda, o zaman ona müharibə ilə əlaqədar əlillik müəyyən olunacaq ki, sosial təminatı daha yüksək olsun.
- Meyarlarda məhdudlaşmanın ən yüksək həddi olan 100% pozulma - hər hansı bir orqanın funksiyasının 100% pozulması deməkdir. Məsələn, görmə qabiliyyətinin 100 faiz itirilməsi.





up