Əlillik səlahiyyətinin TƏBİB-ə verilməsi NƏYİ DƏYİŞƏCƏK…
13-06-2022, 17:26

Xəbər verdiyimiz ki, əlilliklə bağlı səlahiyyət Səhiyyə Nazirliyindən alınaraq TƏBİB-ə verilib. Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanlarına dəyişiklik etməsi ilə mümkün olub.

 Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək səlahiyyəti ləğv edilib. Digər dəyişikliklə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirmək və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etmək tapşırılıb.

 Eyni zamanda TƏBİB tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etməlidir.

 Səhiyyə Nazirliyinin səlahiyyətinin TƏBİB-ə verilməsi barədə AZİNFORM.AZ-a danışan Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev iki ildən artıqdır ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiq olunduğunu xatırladıb.

 Onun fikrincə, bu müddət ərzində səhiyyə qurumları müəyyən qədər təcrübə qazanıb:

 “Qısa müddət ərzində xeyli təcrübə əldə etmişik. Həm də uğurlarımız var. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həm əlilliyin profilaktikası, həm də əlilliyin müəyyən edilməsi ilə bağlı TƏBİB-in də üzərinə məsuliyyət düşür. Cənab Prezidentin sonuncu fərmanı əsasında əlilliyin təyinatının müəyyənləşdirilməsi üçün göndəriş formasının yazılması və sənədin elektron qaydada tibbi sosial ekspertiza kommisiyasına göndərilməsi səlahiyyətinin TƏBİB-ə verilməsi bu məsuliyyətdən irəli gəlir. Yəni profilaktik işi, müalicə işini hansı qurum aparırsa, sağlamlıq durumunun və əlillik vəziyyətinin qiymətləndirilməsində cavabdehlik həmin qurumda olmalıdır”.

 Komitə sədrinin sözlərinə görə, Azərbaycanda əlilliyin müəyyənləşdirilməsində beynəlxalq meyarlar tətbiq olunacaq:

 “Bununla əlaqədar olaraq, həm TƏBİB-in, həm də Tibbi-Sosial Ekspertiza mərkəzlərinin elektron informasiya bazaları bir-birinə uyğunlaşdırılmalıdır. İnformasiyaların mübadiləsi üçün rahat şərait yaradılmalıdır.  Doğrudur, əlilliyin verilməsi ilə bağlı müəyyən narazılıqlar var. Narazılıqların kökündə dayanan səbəb əlilliyin meyarlarının düzgün qurulmamasıdır. 2016-cı ildə qanuna dəyişiklik edildi. Qanunda 5 il ərzində ekspertizadan keçirilmə məsələsi qeyd olundu. Əlilliyin kriteriyalarının sayı xeyli azaldılmışdı. İndi həmin kriteriyaların sayı genişlənir. Əlillik şəxslərin reabilitasiya potensialının araşdırılması və fərdi bərpa proqramının tətbiq olunması ilə bağlı 5 il yox, xəstəliyin gedişinə, klinik diaqnoza və əlilliyin funksional imkanlarının saxlanma dərəcəsindən asılı olaraq müxtəlif müddətdə veriləcək. Yəni bu 1-5 il arasında olacaq. Bir il də ola bilər, iki il də”. 

 Komitə sədri hesab edir ki, bundan sonra əlillik təytinatında yaranan sosial gərginlik tamamilə aradan qalxacaq:

 “Ancaq cəmiyyət olan yerdə subyektivlik və müəyyən narazılıq da var. Sovet dönəmində, ondan sonrakı illərdə də əlilliklə bağlı 100 faiz məmnunluq indeksi olmayıb. Belə razılıq heç yerdə yoxdur. Ancaq bundan sonra gərginlik səngiyəcək və neqativ hallar aradan qaldırılacaq. Hesab edirəm ki, vətəndaşlarımız yeni ekspertiza xidmətindən razı qalacaqlar. Səlahiyyətlərin TƏBİB-ə verilməsi bu dəyişikliklərlə bağlıdır və tamamilə məntiqidir”. /modern.az/

AZİNFORM.AZ






up