Hər hansı bir dizayner ayaqqabı yaradarkən onun imzası adlandırıla bilən bir forma tapmağa çalışır. "Christian Louboutin" qırmızı altlığı, "Manolo Blahnik" isə kristal broşları ilə tanınır. 2019-cu ildə “Ən yaxşı dizayner” nominasiyasında "Footwear News Achievement" mükafatını qazanaraq moda dünyasında sıçrayış edən dizayner Əminə Muaddi ayaqqabı istehsalçılarının sıralarına qoşuldu.
AZİNFORM.AZ bu yazıda oxucuları Rihanna, Kendall Jenner, Dua Lipa və digər mütərəqqi modaçıların pərəstiş etdiyi dizayner Əminə Muaddinin zəfər yolu ilə tanış edir.
Əminə daş-qaşlar, stzarlar və zəncirlərlə bəzədilmiş parlaq, qeyri-adi, hətta eksantrik ayaqqabılar sayəsində populyarlıq qazandı. 2000-ci illərin estetik qayıdışı olduqca məntiqli görünür, idman ayaqqabılarının hökmranlığından və 90-cı illərin bitməz minimalizmindən sonra dünya bu stil üçün çox darıxmışdı. "Amina Muaddi" brendinin ən çox tanınan modeli qeyri-adi piramida dabanı və ya "alov" bəzəyidir. Dizaynerin fikrincə, məhz bu forma ayaqqabıya həm zəriflik verir, həm də platformanın aşağıya doğru genişlənməsi sayəsində sabitliyi təmin edir. Brendin xəttinə müasir Zoluşka ayaqqabıları da daxildir, böyük toqqalı şəffaf uclu səndəlləri isə yəqin tanımayan yoxdur.
"Mən yenilikçi və rahatlığını qurban verməyən qadına xas bir daban düzəltmək istədim. Onu dizayn etdim və Venesiyaya uçdum. Sonra texnikimlə bir gündə bir daban düzəldib yenidən Parisə qayıtdım. Sonda onu kolleksiyadakı əksər modellərə tətbiq etdim. O vaxt insanların buna necə reaksiya verəcəyini bilmirdim, amma onlar bunu çox bəyəndilər və ilk kolleksiyam əksər pərakəndə satış məntəqələrində bir gündə satıldı", - brendin gənc qurucusu açıqlamalarında bildirib.
Əminə Muaddinin ekssentrik dabanları Kendall Jenner və Rihanna kimi məşhurların, eyni zamanda influenserlərin də hiti oldu. 2020-ci ilin mart ayında marka "MyTheresa" ilə bir kapsul kolleksiyası buraxdı və dərhal satıldı. Bu fakt xüsusilə təəccüblüdür, çünki 2020-ci ili dünya qadağalarla dolu pandemiya şəraitində keçirmişdi və bizim geyinib-keçinib getməyə bir yerimiz yox idi. Bəlkə də Əminənin uğurunun əsas sirri budur, pandemiyanın nə qədər davam etməsindən asılı olmayaraq, biz həmişə bayram və əyləncə istəyirik...
Qız bir müddət jurnallarda çalışdı və uşaqlıq arzusunu həyata keçirməzdən əvvəl moda dünyasını içəridən araşdırmaq üçün "L'Uomo", "Vogue" və "GQ"da stilist karyerası qurdu. Əminə əfsanəvi dizaynerlərin izi ilə getməyə qərar verdi. Sənəti öyrənmək üçün İtaliyada ayaqqabı fabriklərinin yerləşdiyi Riviera del Brentaya getdi və özünün ilk "Oscar Tiye" markasını təsis etdi. Bundan sonra Muaddi Parisə köçdü və burada fransız kutyuresi Aleksandr Vot ilə birlikdə öz ayaqqabılarını buraxdı. Məhz ənənəvi texnikanın, ən nüfuzlu moda mütəxəssisləri ilə tanışlığın və Əminənin sonsuz təxəyyülünun sayəsində bu gün ən çox satılanlar siyahısına daxil olan qeyri-adi ayaqqabı dizaynı başa gəldi.
Brendin uğurunun sirri nədir?
Hər şeydən əvvəl ulduzların xeyir-duası. Kolleksiyasını təqdim etdikdən sonra məşhurlaşan dizayner dərhal Rihannanın diqqətini çəkdi. Moda eksperimentləri ilə hər zaman səs-küy yaradan sahibkar Əminəni "Fenty" brendi üçün ayaqqabı dizayn etməyə dəvət etdi. Bu işbirliyindən ikisi də qazandı. Daha sonra daha bir gözlənilməz əməkdaşlığa imza atdı, reper ASAP Rocky ilə birlikdə Əminə özünün kapsul kolleksiyasını təqdim etdi və onun köhnə dostu Tina Kunaki reklam kampaniyasının siması oldu.
Rouz Hantinqton-Uaytli, Hayli Bieber, Kendall və Dua Lipanın simasında bir sıra ulduz pərəstişkarlarına əlavə olaraq, İordaniya Kraliçası Raniya da qoşuldu. Dünyaca məşhur dizayner üçün kral dairələrinin təsdiqi artıq o qədər də vacib olmasa da, əlbəttə ki, ümumilikdə xoş hadisədir./publika.az/