İranda "qara siyahı"da olan azərbaycanlı modelyer SİRLƏRİ AÇDI: "Qadın kimi geyinən kişilər..."
11-12-2022, 18:52

"Rüfət İsmayıl Azərbaycanın Şanelidir" "Miri Yusif, Çingiz Mustafayev, Zamiq Hüseynov, Ayaz Babayev və Emin Ağalarov zövqlə geyinir" "Bu fürsətçilər Güney Azərbaycan məsələsini şou-biznesə çevirməyə çalışırlar"


AZİNFORM.AZ musavat.com-a istinadən Norveç kral ailəsi üçün geyim hazırlayan azərbaycanlı modelyer-dizayner Şervin Nəcəfpurla müsahibəni təqdim edir:

- Şervin xanım, modaya marağınız necə yaranıb?

- Bu, əslində gözəl sualdır. Keyfiyyətli kostyumlara və modaya böyük marağı olan bir ata, tikməyi bacaran bir ana ilə böyümək, yəqin ki, erkən yaşlarımda mənə təsir etdi deyərdim.

- İstədiyiniz zirvəyə çatmısınızmı?

- Düzünü desəm, hələ çox uzun bir yolum var, amma indiyə qədər əldə etdiyim bütün nailiyyətlərlə fəxr edirəm. Həyatda hər şeydə olduğu kimi, hamımız bir çox eniş-yoxuşlardan keçirik, lakin hər şeydən öyrəndiyimiz dərslər hər bir insan üçün ən böyük uğur sayılmalıdır. Biz təcrübəmizlə böyüyürük və arzu etdiyimiz zirvəyə çatırıq.

- Bu sahəni seçmək sizi məmnun edir?

- Əsasən dəblə məşğul olan adi modelyer deyiləm, dizayner olmaqla yanaşı, xalqlar arasında güclü mədəni körpülər quran bir lobbist və eyni zamanda marketoloqam. İşlərimin müxtəlifliyi layihələrimin uğuruna səbəb olub və bundan zövq alıram.

- Hansı xüsusiyyətlərə malik modelyer çox qazanır?

- Uğurlu brend yaratmaq üçün biznes daxilində bacarıqlar lazımdır. Dizayn, marketoloq, satış, məsləhət, layihənin idarə edilməsi, təşkilat işi və s.-dən tutmuş bir çox sahədə işləyərək əldə etdiyim təcrübələr və hətta Marketinq Liderliyi dərəcəm mənə biznesin idarə edilməsi bacarıqlarına diqqət yetirməyə, istehlakçıların ehtiyaclarını və davranışlarını başa düşməyə, təkmilləşdirməyə kömək etdi. Məncə, bir modelyerin dəb anlayışından əlavə, ünsiyyət bacarığı və yenilikçi düşünməsi zəruridir. İstehlakçılarda inam yaratmağı bacarmalısınız. Onların etimadını qazandıqdan sonra uğur da gələcək və qazanc artacaq.

- Sizcə, Rüfət İsmayıl Türkiyəni seçdiyi üçün uğurludur?

- Mən deyərdim ki, Rüfət İsmayıl böyük sənətkar olduğu üçün uğur qazanır. Lakin şübhəsizdir ki, İstanbula köçərək öz brendini moda sənayesinin mərkəzində yaratmaq onun daha çox uğur qazanmasına səbəb olub. O, Bakıda fəaliyyətə başlasaydı, inanmıram ki, bu qədər uğur qazana bilərdi. Azərbaycanda moda sənayesi İstanbul, Paris, London, Milan, Nyu-York və hətta Dubaydakı səviyyədə deyil. Mən Rüfətin uğurunu izləməkdən şadam, o, görkəmli dizaynerdir və onun beynəlxalq dizayner kimi öz platformasından Azərbaycanın milli irsini təbliğ etmək üçün necə istifadə etdiyinə həqiqətən heyranam. Rüfət İsmayıl Azərbaycanın Şanelidir. Azərbaycanda moda sənayesinin böyüməsinə gəlincə, hələ çox yolumuz var, lakin bunu da qeyd etmək istərdim ki, Azərbaycanda böyük dizaynerlərlə rəqabət apara biləcək görkəmli dizaynerlərimiz var, lakin onlar üçün imkanlar yaranmalıdır. Arzum daha çox azərbaycanlı dizaynerin beynəlxalq səviyyədə uğur qazanmasını görməkdir.

- Hansı modelyer öz ölkəsində də uğurlu ola bilər?

- Bir növ beynəlxalq təcrübə qazanmış hər hansı bir dizayner beynəlxalq moda sənayesinin bir hissəsi olan dövlətdə doğulmadığı təqdirdə öz ölkəsində uğur qazana bilənlərdir.

- Qadınlara məxsus aksesuarların kişi geyimlərində istifadəsi nə dərəcədə doğrudur?

- Buna mənim şəxsi münasibətim istidir, qeyri-adi qəbul etmirəm. Bəlkə də qloballaşan dünyada Z nəslin təsiri ilə "Gender-fluid" konsepti mənim üçün artıq qəribə gəlmədiyinə görədir. Amma başa düşürəm ki, Şərq mədəniyyətlərində bu, yaxşı qarşılanmır, ona görə mənə belə bir sual ünvanlayırsınız. Bəzi kişilərə bunu düzgün şəkildə kombinə etdiklərində yaraşdırıram. Məsələn, "Hermes Birkin" çantaları mənim gözümdə “unisex” bir çantadır.

- Kral ailəsi üçün geyim hazırlamaq çətindir?

- Hər şeyin öz çətinliyi var, lakin bu mənim üçün əvəzsiz bir təcrübədir. Kim olduğunuza və nə etdiyinizə əminsinizsə, əslində kimə dizayn yaratdığınızdan qəti narahatlıq çəkməyəcəksiniz. Əksinə, belə müştərilərlə işləmək imtiyazına sahib olduğunuz üçün özünüzə inamınız artacaq. Belə bir təcrübə hər gün qapınızı döyəcək bir fürsət deyil, möhtəşəm bir şansdır.

- Kral ailəsi ilə iş prosesində maraqlı anlarınız olub?

- Mən bu xoş anlarımı onlara olan böyük hörmətimdən dolayı özüm üçün saxlamaq istərdim. Ola bilsin ki, gələcəkdə bir gün bu haqda danışacağam, amma hələlik hamınızdan mənim məxfiliyimə hörmət etməyinizi xahiş edirəm. Bilirəm ki, Azərbaycandan olan bir çox jurnalist təfərrüatları öyrənmək istəyir, ona görə də bu mövzu haqqında danışmamaq qərarıma hörmətlə yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm.

- Əsasən hansı sahədən olan insanlarla çalışırsınız?

- Diplomatik ictimaiyyət, siyasətçilər, hökumət rəsmiləri, məşhurlar və moda həvəskarları ilə çalışıram.

- Bəs onlardan hansı ilə işləmək sizə daha çox zövq verir?

- İstənilən müştəri mənim üçün əzizdir, statusundan asılı olmayaraq hər kəsə dizayn etmək azadlığından zövq alıram.

- İş prosesində kapriz görərkən necə davranırsınız?

- Deyərdim ki, mənim çox dəyişik yumor hissim və eyni zamanda kaprizim də var. Həmişə çalışıram ki, kaprizli insanlara səbirli və peşəkar yanaşım. Məsələlərə geniş baxmağa çalışıram. Gülərüz insan olmağıma rağmən, səbrim tükənəndə çox sərt bir xasiyyətim də ortaya çıxa bilər. Skandinaviyada sözü insana birbaşa deyirlər və bu, məndə də var. Şərqdə ayıb qarşılana bilər, diplomatik yanaşmanı istifadə etməyimə rağmən, ürəyimdə nə varsa deyirəm.

- Ən bahalı və ən ucuz geyimlərinizi kimə hazırlamısınız, qiymətləri necə olub?

- Mənə müraciət edən istehlakçılar mütəmadi olaraq dizayner geyimi almağa imkanı olanlardır. Onlar bilirlər ki, dizayner xalatının istehsalı ucuz deyil və buna görə də arzularını həyata keçirmək üçün pul ödəməyə hazırdırlar. Mən deməzdim ki, qiymətlərim heç də münasib deyil. Dizayndan dizayna qədər fərqlidir, hansı növ parça və materiallardan istifadə olunub, dizaynı hazırlamaq üçün nə qədər vaxt sərf etmişik və s. Qiymətləri müəyyən edən bir çox amillər var. Mən istehlakçılarımla şəffafam və büdcə müəyyən edildikdən sonra həmişə onun daxilində qalıram. Əgər geyim müzakirə olunan qiymətdən bahalaşarsa, müştərimlə aramdakı etimadı qırmaq istəmədiyimə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Bu, müştəri başqa hansısa əlavə etmədikdə tətbiq edilir.

- Bütün geyimlərinizi özünüz hazırlayırsınız?

- İllər əvvəl moda brendimi yaradanda bütün tikişləri özüm edirdim. İndi İstanbulda mənim üçün tikişlə məşğul olan komandam var, bütün eskizləri, materialların alınmasını və s. işləri isə özüm görürəm. Arada muncuqlarla əl işlərini mən edirəm, çünki bu mənim üçün terapevtik təcrübədir, əl tikişini çox sevirəm və bununla həm də dizaynlarıma son toxunuşu əlavə edirəm.

- Azərbaycanlı modelyer-dizaynerlərdən kimin işini bəyənirsiniz?

- Rüfət İsmayıl və Fəxriyyə Xələfovanın işini çox bəyənirəm.

Onlar Azərbaycan moda sənayesi ilə bağlı beynəlxalq miqyasda böyük miras qoyanlardır. Mən çox istərdim ki, Azərbaycan əsilli dizaynerlər uğur qazansınlar. Sənayemiz kiçikdir və mən həmkarlarımla fəxr edirəm.

- Azərbaycan şou-biznesində kim yaxşı geyinir? (Kişilər və qadınlar)

- Xanımlardan Röya Ayxan, Tünzalə Ağayeva, Aynişan Quliyeva və Günay İbrahimli. Kişilərdən isə Miri Yusif, Çingiz Mustafayev, Zamiq Hüseynov, Ayaz Babayev və Emin Ağalarov.

- Hazırda dəb dəbə qarışıb deyərdim. Kişilərin bəziləri qadın kimi, qadınların bəziləri isə kişi kimi geyinir. Sizcə, bu, nədən qaynaqlanır?

- Hesab edirəm ki, qloballaşan dünyada Z nəslin təsiri ilə "Gender-fluid" konsepti gündən-günə artır. Bu, əlbəttə ki, moda sektorunda da böyük yeniliklərə və dəyişikliklərə səbəb olur. Cinsiyyət konseptinin istehlakçılar üçün əvvəlkindən daha az əhəmiyyət kəsb etdiyini göstərən sübutlar var. Brendlər artıq gender müxtəlifliyinə dəstək verir, imicinə görə uyğunlaşdırır və diqqətlə həyata keçirir. Qərbdə bu halla artıq hər gün rastlaşırıq və qeyri-adi qəbul etmirik.

- Qadın və kişinin geyimi necə seçilməlidir?

- Geyim tərzi zəngin mənəviyyatın, mədəniyyətin və yüksək intellektin göstəricisidir. Formanızdan asılı olmayaraq, özünüzü yaxşı hiss etdiyiniz geyimi seçin. Dəbin sərhədi yoxdur və məhz brenddir deyə geyim seçməyin. Öz stilinizi formalaşdırmaqdan qorxmayın. Bir paltarı geyindiyiniz zaman necə hiss etdiyinizi özünüzdən başqa bilən yoxdur. Daxili səsinizə qulaq asın, həm də peşəkarların üslub məsləhətlərini ciddi qəbul edin. Özünəməxsus üslubunuz olduqda özünüzə inamınız artacaq və siz bunu göstərəcəksiniz. Moda sənayesinin və cəmiyyətin bizə məcbur etdiyi gözəllik kriteriyalarına uyğun gəlməyən bir çox insan tanıyıram, cəmiyyətin əksəriyyəti bizim üzərimizə atılan gözəllik standartlarına uyğun gəlmir. Biz real insanıq, maniken deyilik. Mən də bir çox insanın keçdiyi çətinlikləri bilirəm, xüsusilə Azərbaycanda olanda bununla daha çox qarşılaşıram. Yenə də arzuladığım geyimi geyinirəm və söz-söhbətlərə fikir vermirəm. Bəli, bir neçə kiloqram arıqlaya bilərdim, amma kompleksləri olan inamsız insanların söylədiyi zəhərli şərhlərin mənə təsir etməsinə icazə vermirəm.

- Son zamanlar qadınlar arasında soyunmaq yox, qapalı geyinmək dəbə minmək üzrədir. Sizin buna yanaşmanız necədir?

- Mən bu fikirlə razı deyiləm. Deməzdim ki, daha mühafizəkar geyinmək trendə çevrilib, çılpaqlıq getdikcə artır. Ən azından mənim müşahidə etdiyim budur. Amma daha rəngli kostyumların yüksələn tendensiyası var, qadınlar indi həmişəkindən daha çox şalvar geyinirlər. Deyərdim ki, bu, daha praktik geyim üsulu ilə bağlıdır. Biz rahat olmağı sevirik və həmişə toyda, yaxud qırmızı xalı tədbirində iştirak edirmiş kimi görünməyimizi vurğulamırıq.

- Hansı qadın qapalı, hansı açıq geyinməlidir, yaxud geyinə bilər?

- Mən gözəllik standartlarına inanmıram, bunun canlı nümunəsiyəm. Böyük ölçülü bir qadın olaraq özümü rahat hiss etdiyim, zövqlü şəkildə istədiyim hər şeyi geyinirəm. Dünyaca məşhur böyük ölçülü model Eşli Qraham mənim rol modelimdir. Ona baxıb Tanrı qadını yaratdı deyirəm! Özünüzü məhdudlaşdırmayın!

- 2007-ci ildən İranın "qara siyahısı"ndasınız. Buna səbəb nədir?

- Mən Güney Azərbaycan türküyəm. Lakin Norveçdə doğulub, boya-başa çatmışam. İranda insan haqlarının pozulması ilə bağlı maarifləndirmə işində fəaliyyət göstərirəm və Güney Azərbaycanın müstəqil olmasının tərəfdarıyam. İstiqlalçıyam və bütövçüyəm. Mən Güney Azərbaycanla bağlı hazırkı vəziyyəti yaxından izləyirəm. Şadam ki, Cənab Prezident İlham Əliyev ürəkaçan bəyanatlar verir və bu məni gələcəyimizlə bağlı ümidləndirir. Cənab Prezident nəyi nə vaxt edəcəyini çox yaxşı bilir. Mən etnik mənşəyimi həmişə xatırlayıram və xatırlayacağam. Güney Azərbaycanla bağlı bir çox insanın bu vəziyyətdən istifadə etdiyini görürəm, bu, oradakı milli hərəkata zərər verir. Fürsətçilərə bildirmək istəyirəm ki, ehtiyatlı yanaşmasanız, İranda yaşayan 40 milyon türkə çox böyük ziyan vuracaqsınız. Bu fürsətçilər Güney Azərbaycan məsələsini şou-biznesə çevirməyə çalışırlar və çox aydın görünür ki, onlar sıfır məlumata malikdirlər. Bizim illərin zəhmətini toyxanaya çevirməyə imkan verməyəcəyik.

- Necə düşünürsünüz, Azərbaycanda biznes qurmaq sizə uğur gətirər?

- Mən cəhd etmədən bu suala cavab verə bilmərəm. Lakin uğursuz da olsam, mənim üçün uğurdur. Həyatda bilik və təcrübə ən böyük uğurdur.

- Özünüzə rəqib görmədiyinizi bildirmisiniz. Rəqibsiz irəliləmək çətin olmayacaq ki?

- Zirvə soyuqdur sözümü bir çoxları bəyənib. Özümə kimsəni rəqib görmədiyimi bir daha buradan bildirmək istəyirəm. Hamımızın etdiyimiz şey özümüzə xasdır və unikaldır. Sənayemiz o qədər kiçikdir ki, bir-birimizi aşağı salmağa çalışmaq əvəzinə, bir-birimizi dəstəkləməli, gücləndirməli və təşviq etməliyik. Özümə və etdiyim hər şeyə güvənirəm, vaxtaşırı uğursuz olsam da, məni böyüdən də budur. Başqalarının uğurları məni sevindirir. Ona görə də həmişə yüksək səslə deyirəm ki, mənim rəqibim yoxdur.

- Bir neçə gün əvvəl boyu 155 sm olan xanımın gözəllik yarışmasının qalibi seçilməsi səs-küyə səbəb oldu. Sizcə, düzgün seçim idi?

- Bu tip yarışların öz qaydaları və tələbləri var. Baş verənlərlə tanış deyiləm, amma qalib gələn şəxs bu şərtlər əsasında seçilibsə, bu, tələbləri yerinə yetirən digərlərinə qarşı ədalətsizlikdir. Mənim bildiyimə görə, ya "Miss Universe", ya da "Top Model"ə namizəd olmaq üçün boyunuz 155 sm-dən yuxarı olmalıdır. Səhv etmirəmsə, qadınlar üçün minimum tələb 174-dür.

- Hansı xanım gözəl və baxımlı sayılır?

- Özünə güvənən qadın. Gözəl olmaq üçün makiyaj və ya podiumdan ən son geyim tərzi sizə lazım deyil. Gözəllik hər cür formada olur.





up