"Bu şəkilləri yayda qızımla Bakıya gələndə çəkdirmişdik. Sonuncu dəfə martın 22-i Novruz bayramında danışdıq, yayda görüşmüşdük. Tamaşalarını izlədim. Saatlarla danışardı, tələbəsi kimi ona qulaq asardım".
AZİNFORM.AZ olay-a istinadən yazır ki, bu sözləri instaqram paylaşımında Əməkdar incəsənət xadimi Məlahət Abbasova mərhum Xalq artisti Azər Paşa Nemətovla bağlı qeyd edib.
A. Nemətovla fotolarını səhifəsində yerləşdirən Abbasova onunla xatirələrindən söz açıb:
"Qızım Sude ilə elə gözəl söhbətlər edirdi... Mən univeristetdə onun sinifində oxumuşam. İlk dərsimizə Mehdi müəllimlə gəlmişdi. Çox mehriban, gülərüz idi. Onların sinifində oxumaq mənim üçün qürurdu. Sonra məni Gənc Tamaşaçılar Teatrına "Sabah çoxdan başladı" adlı tamaşada baş rola dəvət etdi. Onda teatrın bədii rəhbəri və baş rejissoru idi. İstəyirdi ora təyin edilim. Elə oldu ki, Azərbaycan Akademik Milli Dram Teatrına təyinatla getdim. Ona görə məndən küsdü.
Bir neçə ay sonra AzDrama-da tamaşa səhnəyə qoydu və mənə rol verdi. Mənimlə barışdı. Sonra Türkiyəyə gəldim, teatrda işlədim, Festival komitəsinin üzvü oldum. Azər müəllimin tamaşalarının başda bizim teatrda, sonra isə festivallarda səhnəyə qoyulması üçün dəvətlər göndərdik. Türkiyədə də, Bakıda da həmişə görüşürdük. Mən ondan çox şey öyrənmişəm, o da həmişə mənimlə qürur duyduğunu deyib. Birgə layihələr həyata keçirəcəkdik. "Ölülər" tamaşasının İstanbulda, bizim teatrda səhnəyə qoyulmasını istəyirdim. Bütün arzularımız ürəyimizdə qaldı. Azər müəllim əsl teatr insanı idi, teatrla nəfəs alırdı. Teatrın sütunlarından biriydi. O, teatrsız yaşaya bilməzdi. Teatr onun evi, ailəsi, yuvası, övladı, xoşbəxtliyi, rahatlığı və döyünən ürəyi idi. Kimsənin qarşısında əyilməyən məğrur duruşu və xarakteri var idi. Biliyi, savadı, dünya görüşü və təcrübəsi hamımız üçün bir kitab idi. Söhbətimiz yarımçıq qaldı, Azər müəllim. Məkanınız cənnət olsun, nurlar içində yatın".