Sənətçilərlə vida mərasimi keçirilməməsinin səbəbi - Polad Bülbüloğlu
24-02-2023, 11:09

Xalq artisti Ramiz Novruzla Akademik Milli Dram Teatrda vida mərasiminin keçirilməməsi ətrafında narazılıq davam edir-sərt reaksiyalar

Mərhum xalq artisti Ramiz Novruzla Akademik Milli Dram Teatrda vida mərasiminin keçirilməməsi ciddi narazılıq yaradıb. “Qaynarinfo”ya açıqlamasında xalq artisti Əli Nur bununla bağlı maraqlı açıqlama verib. Əli Nur sənət adamlarına çalışdığı teatrda vida mərasimlərinin keçirilməməsinin səbəbini belə izah edib:

“Bu ənənə rəhmətlik Mikayıl Mirzənin dəfn olunmasından başlayıb. Həmin vaxt Polad Bülbüloğlu mədəniyyət naziri idi. Polad Bülbüloğlu Mikayıl Mirzəni xoşlamırdı. Mikayıl Mirzə istəyirdi ki, teatr inkişaf eləsin, dünyaya çıxsın, yaxşı tamaşalar qoyulsun. Beləcə, onların arasında narazılıq yarandı. Mikayıl Mirzə öləndə icazə vermədilər ki, onun cənazəsi teatrdan götürülsün, ondan sonra aktyorlara vida mərasimi keçirilməməsi ənənəsi davam elədi. Yeganə xalq artisti Amaliya Pənahova dünyasını dəyişəndə (2018-ci il- red.) ona Akademik Milli Dram Teatrda vida mərasimi keçirildi. Başqa heç kimə icazə verilmədi”.

Bəziləri qeyd edir ki, bu həm də bir az sovet sisteminin mirasıdır. Yəni aktyor və yaxud aktrisa ilə uzun illər çalışdığı teatrda vida mərasimi keçirilməsi sovet ənənəsi olduğu üçün imtina edilir və yaxud da imtina olunmalıdır.

Sənət camiyəsində yayılan iddialara görə isə Ramiz Novruza 42 il səhnəsində çalışdığı Akademik Milli Dram Teatrında vida mərasiminin keçirilməməsinin əsl səbəbi teatrın rəhbəri Azərpaşa Nemətovla aralarındakı soyuqluq olub. Məhz buna görə Azərpaşa Nemətov xalq artistinə qarşı bu cür qərəz nümayiş etdirib.

Məsələ ilə bağlı Akademik Milli Dram Teatrının direktoru Azərpaşa Nemətovun mövqeyini öyrənmək üçün onunla əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz alınmadı. Adıçəkilən teatrın mətbuat xidmətindən isə sualımıza bu cür cavab verildi: “Artıq uzun illərdir dünyasını dəyişən görkəmli sənətkarlarla vida mərasimi onların öz evində keçirilir. Bu, qəbul olunmuş qaydadır. İctimaiyyətin, teatrsevərlərin narahatlığını anlayırıq və onların bu istəyinə böyük hörmətlə yanaşırıq”.

Fazil Mustafa

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Fazil Mustafa məsələ ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu kimi məsələlərdə insanlar həssaslıq göstərirlər: “Çünki hansısa bir sahədə xidməti olan, bəlli bir şəkildə ölkənin dəyərinə çevrilmiş insanlarla bağlı alınan qərarlar, yaxud onlara münasibət çox ciddi narahatlıq yaradan məqamlardır. Və təkcə vəfat edənlərlə bağlı deyil, həyatda olan şəxslərlə bağlı da... Tibb sistemindən tutmuş mədəniyyət, təhsil və başqa sahələrdə avtoriteti olan peşəsini tərk edən insanları ərizəsini yazdırıb, bir günün içində işdən çıxarırlar. Dövlət orqanlarında da belədir, keçmiş nazir, hansısa vəzifəli şəxs, dövlət və ya ictimai xadim hansısa bir vəzifədən gedəndə eyni münasibətlə üzləşir. Heç kim bəzən bunu təntənəli şəkildə qeyd etməyə, hətta yola salmağı belə özünə rəva bilmir. Əlbəttə ki, bəzi qurumlarda bu var, dünya görmüş, ağıllı rəhbər postlarında oturan şəxslər bunu nəzərə alırlar. Onlar kimsə xidmətinə görə işdən çıxarılanda, ona qarşı hər hansı bir hörmətsizlik məqamının qalmasını istəmirlər, müəyyən hədiyyə və yaxud güllə yola salırlar.

Dünyasını dəyişən sənət adamları ilə bağlı məsələ isə tamam fərqlidir. Sənət adamları kövrək, həssas insanlardır, onların ailəsi, cəmiyyətdə müəyyən dostları, çevrəsi var. Ən azı bunu nəzərə alaraq onlara vida mərasimi keçirmək yaxşı olardı.

Bəziləri qeyd edir ki, bu, sovet mirasıdır, ona görə ondan imtina etməliyik. Xalq artisti, xalq şairi, əməkdar elm xadimi və sairə adlar da sovet mirasıdır da. Müəyyən dərəcədə akademiya, eləcə də universitetin çoxu da sovet mirasıdır. Rüşvət də sovet mirasıdır. Beləliklə, sovet mirasının nə qədər pisi var onu qoruyub saxlayırlar, amma onun adı ilə nəyisə etmək istəməyəndə bunu “legitimləşdirib” cəmiyyətə təqdim etməyə çalışırlar. Bu, yanlış yoldur.

Hər halda, müxtəlif formalarda dəyər vermək imkanları var. Ən azı qurumlar bunu nəzərə almalıdır. Bu kateqoriyadan olan insanlar bütövlükdə maddi cəhətdən kasıb insanlar olur. Çünki onların təminatı böyük olmur. Bir sıra dövlət və ya hakimiyyətə yaxın və yaxud da bundan istifadə edib biznes quran adamlar özlərinin təminatını həyata keçirə bilirlər, amma digərlərinə bu nəsib olmur. Bu baxımdan, hesab edirəm ki, məsələyə bir qədər daha fərqli kontekstdə yanaşılmalıdır".

Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı da son vaxtlar sənətkarlara yetərincə dəyər verilmədiyini vurğuladı: “Tanınmış, xalqın sevimlisi olan aktyora uzun illər çalışdığı teatrda vida mərasimi keçirilməli idi, həmin aktyor alqışlar altında yola salınmalı idi. Təsəvvür edin, indi tamaşaçılar yalnız məzar başında öz sevimli aktyorunu gözləyir, onu yola salır. Tamaşaçı öz sevimli aktyoruna qarşı vəfalıdır, öz dəyərini nümayiş etdirir, amma dövlət məmurları nə edir? Ramiz Novruzovun dəfnində Teatr Xadimləri İttifaqından nə bir adam, nə bir əklil var idi. Həmçinin çalışdığı teatrın direktoru da yox idi. Mədəniyyətə bu cür yanaşan adamın mədəniyyəti ola bilməz. Mədəniyyət olmayanda xalq da olmur. Xalq yoxdursa, dövlət də yoxdur".

Çox pis, çox təəssüf edirəm... “

Tanınmış teatrşünas-jurnalist Xəyalə Rəis isə dedi ki, mədəniyyət hər bir xalqın dünyadakı vizit kartıdır: “Mədəniyyətin əsas sütunları isə onun sənətkarları, sənətçiləridir. Sənətkara hörmət sənətə diqqətin göstəricisidir. Diqqət, hörmət dedikdə fəxri adları nəzərdə tutmuram. Biz heç diri sənətkarlarımıza sahib çıxa bilmirik, nəinki dünyasını dəyişənlərə... Ramiz Novruz istedadlı, qürurlu aktyor idi. Xalq artisti adını layiqincə daşıya bilən insan idi. Onunla çalışdığı teatrda vida mərasimi keçirilməməsi böyük qınağa səbəb oldu. Amma mənə başqa bir məqam maraqlıdır. Bu nə ilkdir, nə də son. Ondan öncə dünyasını dəyişən sənətkarlardan Rafael Dadaşovla vida mərasimi evində keçirildi. Səfurə İbrahimova, Zərnigar Ağakişiyeva, Ramiz Məmmədov, Ramiz Əzizbəyli, İlham Əsgərov, Fuad Poladov... İndi də Ramiz Novruz. Bəs onda səsimiz niyə möhkəm çıxmadı? Çünki bu qədər giley-güzar boşunadır. İki gün sonra unudacağıq. Mədəniyyət Nazirliyində dəyişikliklər baş verir, kimlər gəlir, kimlər gedir... Gələn də gedənə rəhmət oxutdurur. Bu sənətkarlar xalqın sevimlisidir. Onlar sevdikləri sənətkarla vidalaşmaq istəyir. Bu qanunu kim qoyub, nə zaman qoyub? Hansı səbəbdən? Necə olur ki, Mədəniyyət Nazirliyində, Teatr Xadimləri İttifaqında, Akademik Milli Dram Teatrında bir zal tapılmır xalq, sənət dostları sənətkarla vidalaşa bilsin?! Ayıbdır axı. O səhnələri kommersiya xarakterli istifadə edə bilirsiniz, səhnədə can qoymuş sənətkara bir vida mərasimi keçirə bilmirsiniz?

Bu mövzu hər dəfə gündəmə gələndə “Gorumuz var ki, kəfənimiz də olsun?” deyirik. Bu dəfə də nazirlik belə bir bəhanə ilə gəldi ki, “Azdrama”da vida mərasimləri artıq keçirilmir. Mədəniyyət Nazirliyində isə nazir postu hələ boşdur deyə, kimsə məsuliyyəti üzərinə götürmək istəməyib. Ümumiyyətlə, Teatr Xadimlər İttifaqı nə işə yarayır? Belə gündə öz sənətkarına sahib çıxmayacaqsa, hansı gündə çıxacaq? Teatr Xadimlər İttifaqı heç olmasa illərdir aylıq üzvlük haqqı yığdığı aktyorlara öləndə sahib çıxsın. Yerdə qalan sənətkarlar da ölməyə qorxurlar". /Yeni Müsavat/





up