"Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində teatr forumunun keçirilməsi hər birimizə böyük sevinc bəxş etdi. Mənim üçün xüsusi sevinc oldu. Mən nəhayət ki, teatr sözünü gördüm, oxudum. Bildim ki, bu incəsənət aləmində professional əli var. İncəsənəti tanıyanlar, musiqini, teatrı, kinonu bilənlər var. Teatr forumu çox yüksək şəraitdə keçdi. Hər dəfə forumda yaxud teatra hərs olunmuş tədbirlərdə problemlər ortaya qoyulsa, hər kəs öz üzərinə düşəni yerinə yetirsə, aktyorların inkişafı, rifahı naminə böyük iş görmüş olarıq".
AZİNFORM.AZ xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən aktrisa Afaq Bəşirqızı deyib.
"Mənim üçün əsas odur ki, dediyim söz yerdə qalmasın. Allaha çox şükülər olsun ki, biz cənab prezidentlə görüşəndə ona teatrın bəzi problemlərini çatdıra bildim. Hər dəfə danışanda qorxurdum ki, çıxışımı dayandıra bilərlər, çünki protokolsuz danışırdım. Lakin buna baxmayaraq cənab prezident mənə o qədər diqqətlə qulaq asdı ki, 10 gündən sonra iki teatra akademik status verdi, aktyorların maaşı bir neçə dəfə artdı. Cənab prezident bütün bu problemlərə qulaq asan insandır. Çünki onun aktyorlara, incəsənətə çox böyük hörməti var. Amma bütün teatrlar akademik status almadı. Elə əyalət teatrlarının aktyorları var ki, 150-170 manat maaş alır. 50 faiz artanda onun üstünə cəmi bir neçə manat gəlir. Yenə də aktyorun ehtiyacı var. Bu dəfə həmin əyalət teatrlarının aktyorlarını nəzərə alıb danışdım. Mən çoxdandır deyirəm ki, aktyorlar üçün torpaq sahəsi ayrılmalıdır. Həmin o torpaq sahəsini qəsəbə şəkilində düzəldib, aktyorlara çox da baha olmayan evlər tikmək lazımdır. Mən bilirəm ki, onların özləri də gedib kömək edərlər. Mən Gənc Tamaşaçılar Teatrının aktyoru Anar Seyfullayevi misal çəkdim. Ailəsi Biləsuvarda olur, özü burada teatrda çalışır, o qədər də yüksək olmayan maaşla həm qoca ana-atasını, həm də 3 övlad və yoldaşını saxlayır. Özü də gəlib Bakıda gecəqonduda yaşayır. Nə qədər imkanım varsa çalışacam ki, səsimi onlara çatdırım. Neçə vaxtdır deyirəm ki, aktyorlara qəbirstanlıq ayrılsın. Teatr forumunda bu problemlərə də toxundum" deyə sənətkar bildirib.
Afaq Bəşirqızı bildirib ki, səhhəti ilə bağlı olaraq hələ ki, teatra qayıda bilmir.
"Çox istəyirəm səhnəyə, teatra qayıdım. Amma mən səhnədə çıxış etmək istəyirəm, yıxılmaq yox. Həkimlərimə çox inanıram, onların hamısına çox təşəkkürümü bildirirəm. Bu gün həkimim, Kəpəz klinikasında çalışan fizioterapevt Gülnar Əhmədlinin yanına getdim. Mənə çox diqqət və qayğı göstərir. Əgər mənim 70 faiz sağalmağa ümidim var idisə, indi 150 faiz olub. Çünki doktorum çox mülayimdir, peşəkardır. Çox ümidim var ki, bu xəstəlikdən birdəfəlik qurtulacam" deyə sənətkar bildirib.