"Divardakı o yazını öpdüm, nə qədər ağladım" - Aybəniz Haşımova
11-10-2022, 21:09

Son günlər bir çox insan şəhidlər üçün ehsan süfrəsi açır, şəhid yaslarında iştirak edir.

Bu süfrələrdə şəhid ailələrinin üzvləri, qazilər olsalar da, məclisə qatılanların böyük qisminin incəsənət və dövlət nümayəndəsi olması da diqqətdən yayınmır. Bəzi sosial şəbəkə istifadəçiləri şəhid yasına “reklam” üçün gələnləri sərt şəkildə qınayır, onları yası şoulaşdırmaqda ittiham edir. 

AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Əməkdar artist Aybəniz Haşımova bildirib ki, insanlar şəhid ailələrinə qarşı həssas yanaşmalıdır:

“Mən bir onu bilirəm ki, şəhid ailələri çox yaralı insanlardır. Onların qəlbinə toxunmaq lazım deyil. Onların nəinki bu gün, ya sabah, ömürlərinin sonlarına qədər sağalmayacaq yarası var. Bilirsiniz, ölümlər müxtəlifdir, amma bu ölümə heç nə bənzəmir. Bunu yalnız yaşayanlar bilər. Ola bilər ki, o ailələr kənarda insanları incitməmək üçün çox da bildirməsin. Onlar içlərində zülm çəkirlər, dərdlərini sadəcə dinləyib, hörmətlə yanaşmaq lazımdır. Onlar hörmətə layiq ailələrdir və qorumaq lazımdır. Bu gün həmin ailələrə nə versəniz də bu azdır. Yaxud versəniz də yarası sağalacaqmı? Heç vaxt sağalmayacaq, nə versəniz də dərdini ovutmayacaq. Verdikləriniz heç bir balaya atasını, anaya oğlunu, gənc yaşda puç olan taleyi geri qaytarmayacaq. Ona görə də onları hörmətli tutmaq lazımdır”.

Sənətçinin sözlərinə görə, şəhid ailələri dərdlərini qəlbində çəkir, bunu ətrafa yanşatmır:

“Onların dərdi heç zaman keçməyəcək. Bu illər ərzində mən bunu öz evimdə gördümsə, deməli, heç bir ailə o ağrıya dözməyəcək. Bu asan şey deyil, çox ağır bir yükdür. Mən hamıdan xahiş edirəm ki, o ailələri incitməsinlər. Onları çox yaxşı başa düşürəm, bu dərd nədir yaxşı bilirəm. Mənim evimdə o atadan, anadan, övladdan yoxdurmu? Bilirsiniz, ürək süfrə deyil hər dəqiqə açıb bükəsən. Adam digərlərini incitməmək üçün çox şeyi içində çəkir. İstəmirsən, insanları yaralayasan, amma bu qaçılmaz bir ağrıdır. Mən özüm belə o ailələrin qarşısında istəyirəm bir parça kül olum. Mən onların nə çəkdiyini bilirəm və onların hissləri ilə oynamaq lazım deyil. Mən belə zülm görməmişdim. Birinci Qarabağ Savaşında yaşı 30, yaxud 30-dan yuxarı olanlar şəhid olurdu, amma bu savaşda hamı sinəsini güllə qabağına verdi. Hansının dərdinə ağlayasan? Hansına yanasan? Mən neçə vaxtdır nələr çəkmişəm, bunu bir Allah, bir də mən bilirəm”.

Əməkdar artist bildirib ki, bundan sonra daha güclü olmaq, dik dayanmaq lazımdır:

“Mən 2 ildə birdən-birə necə qocaldım, təsəvvür belə edə bilməzsiniz. Bu uşaqların dərdi qədər heç nə məni üzmədi, elə hala qaldım ki, sözlə belə ifadə edə bilmirəm. Tələbələrim, körpələrim olmasaydı, bəlkə də özümə qapılıb, batıb gedərəm. Onlar məni yuxarı dartır, “Müəllimə, belə etməyin” deyirlər. Onlara da yazığım gəlir, bu onların günahı deyil axı, onlar da yaşamalıdır. Məcbursan ki, uşaqların xətrinə, əhalinin xətrinə yalandan da olsa, dodağını qımışdırasan. Çünki insanlar ayağa durmalıdır. Onlar dərdlə basılıb gedə bilməz, çünki düşmən oyaqdır. Düşməni sevindirmək lazım deyil ki, ölənlərimizlə biz də öldük. Əksinə, güclü olmalıyıq, düşmən görməlidir ki, canını fəda edən oğlanlardan da 50 dəfə artıq insan sinəsini güllə qabağına verməyə hazırdır. Onlar bunu görüb qorxub yerlərində oturmalıdırlar, bir də bizə hücum etməyə cəsarət etməməlidirlər! Düşmənin qabağında aciz görünmək olmaz! Sinən nə qədər yara ilə dolu olsa da, onun qabağına güclü çıxmalısan. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən millətim üçün hər gün dua edirəm. Eyni zamanda da onlara kömək etməliyik. Tək dua ilə də olmur. Bacardığımızı etməliyik, qoy onlar özlərini tək hiss etməsinlər.

Mən Şuşaya gedəndə divarda şəhid olanların adları vurulan lövhəni gördüm. Mən divardakı o yazını öpdüm, nə qədər ağladım. Biz onlara ömür boyu borcluyuq. Ailələrini başımız üstündə tutmalıyıq. Bacardığımızı etməliyik, ən azından bir “can” sözünü əsirgəməməliyik”.







up