RUSİYADA SƏFƏRBƏRLİK ŞOKU – Toplanış məntəqlərində ah-nalə, qarğış, təhqirlər havada uçuşur
28-09-2022, 01:47

Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi səfərbərlik əslində qismən deyil, ümumi xarakter daşıyır - çağırışlar 50 yaşına çatmış şəxslərə də, xidmət etməyənlərə də, tələbələrə də gəlir. Cəmiyyətin reaksiyası - sərhədlərdə növbələr və yaxın həftələrə bütün aviabiletlərin alınması onu deməyə əsas verir ki, ruslar əlinə silah alıb cəbhəyə getməyə həvəsli deyillər. Bununla belə, çoxları çağırış vərəqəsini götürüb hərbi toplanış məntəqələrinə gəlir.

“Sever.Realii”nin müxbirləri hərbi komissarlıqlarda, toplanış məntəqələrində baş verənləri müşahidə ediblər.

AZİNFORM.AZ onların hazırladıqları reportajı ixtisarla təqdim edir:

Kalininqraddakı hərbi komissarlıq şəhərin mərkəzindən bir qədər aralıda yerləşir. Artıq fərmandan iki gün sonra girişdə kiçik növbə var, binanın qabağına on nəfərə yaxın toplaşdı. Düzdür, onların yarısı orta yaşlı qadınlardır. Qadınlar eşitdiklərindən həyəcanlanıb vəziyyəti aydınlaşdırmağa gəliblər.

Qeyd edək ki, Kalininqrad vilayətində 4500 nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır.

"Başa düşmədik ki, çağırış vərəqəsini kim və nə vaxt almalıdır. Ərlərimiz, uşaqlarımız var, amma hələ heç nə aydın deyil". Təxminən 40 yaşlı qadın mobil telefonla danışa-danışa jurnalistlərə deyir.

"Həyat yoldaşım hələ də çağırış vərəqəsi almayıb və yaşına görə məcbur deyil, amma mən vəziyyətə aydınlıq gətirmək istəyirəm. Bilirsiniz, indi elə bir qarışıqlıq var ki, hər şey ola bilər...", - o əlavə edir.

Təxminən 30 yaşlarında olan tünd paltarlı gənc çaşqın baxışla ətrafa nəzər salaraq deyir: "Dünən bir məktub aldım. Başa düşdüyümə görə, indi tibbi müayinədən keçməliyəm. Mən tikintidə işləyirəm, məzuniyyət götürdüm və indi bilmirəm işə gedəcəyəm, yoxsa döyüşə göndəriləcəyəm. Məndən olsa getməzdim. Mən olanlara yaxşı baxmıram. Hərbi çağırış mənə əsl sürpriz oldu”.

Toplaşanların əksəriyyəti susur. Onların əhval-ruhiyyəsi bu payız gününün havasına uyğundur - tutqun. İnsanlar suallara cavab verməkdən çəkinirlər. Orta yaşlı kalininqradlı müxbirin çağırış vərəqəsinin ona, yoxsa oğluna gəlib-gəlmədiyi barədə sualını belə cavablandırdı: "Niyə bizi incidirsiniz? Əgər kömək edə bilsəm, sizə kömək edərdim, başqa cavabım yoxdur".

Oxşar mənzərə hərbi qeydiyyat və çağırış idarəsindən başqa şəhər sakinlərinin simasında da hökm sürür. Əksəriyyət səfərbərlik qərarını könülsüz, həvəssiz dəstəkləyirlər. Az adam müxbirlərə özünü təqdim etməyə hazırdır və hamı şəkil çəkdirməkdən imtina edir.

Kalininqradlı Mixail hündürboyludur, 36 yaşı var, hərbi xidmətdə olmayıb, 3 övlad atasıdır. Şirkətlərin birində yemək servis xidmətini həyata keçirir. O, tezliklə çağırış vərəqəsini almayacağına əmin deyil: "İndi söz verirlər ki, vətəndaşların ancaq müəyyən kateqoriyası xidmətə gedəcək. Amma mən heç nəyə inanmıram. Bu gün bir şey deyə bilərlər, sabah başqa şey”.

Zahirən güclü və ağıllı olan başqa bir kalininqradlı, yaşına görə nəzəri olaraq birinci mərhələnin səfərbərliyinə düşür. Onun 27 yaşı var, lakin bir sıra meyarlara uyğun gəlmir: bəzi xəstəlikləri var və hərbi ixtisası yoxdur. Onun artıq çağırış vərəqəsi almış tanışları var.

"Onlar indi ölkəni tərk etmək üçün bilet almağa çalışırlar. Onlara ancaq rəğbət bəsləmək olar. Amma son günlər uçuşların qiyməti xeyli artıb və biletlər, məsələn, Gürcüstana həftələr əvvəldən satılıb", - o qeyd edir.

Kalininqrad vilayətindən olan Aleksandra isə rəfiqəsinin 21 yaşlı oğlunun çağırış vərəqəsi aldığını deyir: "Bu, onun yeganə oğludur, atasız böyüdüb. Rəfiqəmin düşdüyü vəziyyətdən dəhşətə gəlirəm. O deyir ki, oğlu sahib olduğu hər şeydir və onun sink tabutda "şərəflə" üstünə göndərəcəklərindən çox qorxur”.

Riyaziyyat müəllimi Valentina Savelyevnanın iki kürəkəni hərbi xidmətə cəlb olunublar. Onların hər ikisi yaxın keçmişdə hərbi qulluqçu olublar: "Mən sadəcə günlərdir yatmamışam. Birinci kürəkən artıq pensiyaya çıxmaq üçün sənədləri tərtib edirdi. Az qalmışdı, amma indi sənədlərini büküb dedilər ki, Vətənə lazımdır. Hələlik hərbi qulluqçular təqaüdə göndərilmir. İkinci kürəkəni isə Suriyada döyüşüb. İstəmədiyi halda çox müharibələrdə döyüşüb. Bu illərdə o qədər çox şey gördüm ki... Onların yeni hərbi münaqişələrə göndəriləcəyini düşünmürdüm. Kürəkənlərimin hər ikisi çox yaxşı insanlardır, mən onlardan dəlicəsinə narahatam və hətta yaxın gələcək haqqında düşünməyə qorxuram".

Kalininqradlı Dmitri Zolotarev uzun illərdir ki, anbardar işləyir. 10 il əvvəl müqavilə əsasında sərhəd qoşunlarında xidmət edib. Beş illik müqavilə müddəti bitdikdən sonra onu yeniləməyib, ehtiyatda olan gizirdir:

- Təbii ki, hamının ucdantutma cəbhəyə göndərilməsi və döyüşməyə məcbur edilməsi xoşuma gəlmir. Bu hərbi sistemi bəyənmədiyim üçün işdən çıxdım, həftələrlə səngərlərdə yaşamaqdan bezdim. Bütün bunları pis bir yuxu kimi unutdum.

- Ölkəni tərk etmək və ya gizlənmək barədə düşünmüsünüz?

- İndi harasa getməyə pulum yoxdur. Avtomobil servisinə gedib maşınımı satmağı təklif etdim, cəmi 30 min rubl saydılar. Gizlənməyə qalınca, bu da çıxış yolu deyil. Gizlənəcəyəm, bəs sonra nə olacaq? Ailəm var, işləməliyəm. Gizlənib meşədə köbələk toplayacam?!

Baqrationovsk sakini Janna qardaşına çağırış vərəqəsi gəldiyini deyir: "26 yaşı var, hərbi xidmət keçib. Amma əsgərlikdə olanda sağlam idi. İndi belində problem var, heç nə qaldıra bilmir, onurğa sütunu əzilib. Amma bu, onların heç vecinə də deyil! Hərbi Komissarlığa zəng etdik, onlar bizə cavab verdilər ki, yararsızlıq barədə rəy daha əvvəl verilməli idi. İndi heç nə soruşmurlar. Oğlanları ora aparıb sadəcə öldürürlər. Onlar insanları sağlamlılıq, yararlılıq keyfiyyətinə görə seçib aparmalıdırlar. Bunların heç biri sadəcə geri qayıtmayacaq”. Göz yaşlarına boğulan xanım əlavə edir ki, qardaşı yük maşını sürücüsüdür: "Belindən əlavə dizinin altında maye var, ayağını yerə basanda bərk ağrıyır. İndi MRT çəkəcəklər, amma nəticələr nəzərə alınmaya bilər, çünki hamını ard-arda çəkirlər. Amma axıra qədər gedəcəm, onu xilas etmək üçün hər şeyi edəcəyəm. Qardaşım çağırış vərəqəsinə imza atmayıb, ya cərimə, ya da həbs ola ola bilər. Başa düşürəm ki, gec-tez hamı gedəcək..."

Sergey Tsurko Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin regional bölməsinin rəhbəridir. Həm də təcili yardım sürücüsü işləyir, 46 yaşı var. Bazar ertəsi hərbi komissarlıqdan ona zəng vurublar deyiblər ki, sabah əşyalar ilə birgə hərbi toplanış məntəqəsinə gəlsin: "Deyəsən onlar tamamilə dəli olublar. Mən hətta ikinci kateqoriyaya da uyğun gəlmirəm, yaşım 45-i keçib. Mən təcili yardım maşınında işləyirəm, yeniyetmələr arasında intiharların qarşısını almaqla məşğulam. Mənim dörd övladım var, biri xəstədir. Mən komissarlıqdan zəng edənə bunları dedim, eləcə də rəsmi çağırış vərəqəsini almadığımı bildirdim. Cavab verdilər ki, hər halda səhər saat 9-da gəlməlisən, bəlkə səni başa düşərlər". Mən getməyəcəyəm, dəliyəm, xəstəyəm?! Ümumiyyətlə, bizə heç kim müharibə elan etməyib, niyə o zaman hamını tutub aparırlar?"

Sankt-Peterburqda Rijski prospektində yerləşən Admiralteiski və Kirovski rayonlarının hərbi komissarlığı səfərbərlik elan edildikdən dərhal sonra bağlansa da, sentyabrın 26-da yenidən qapılarını açıb. Hərbi Komissarlığın binasında çarter avtobusu fəaliyyət göstərir. Çantalı adamlar onun yanında siqaret çəkirlər. Növbədə əsasən hər yaşda və bədən quruluşunda gərgin kişilər var. Cavanlar azdır, əsas hissəsi saçları ağarmış qocalardır. Hər kəsin əlində sənədləri olan qovluqlar var.

Bir müddət sonra növbə canlanır: məlumat pəncərəsində sənədlərini almağa çalışan gənc qadının isterik qışqırtısına hamı maraqla qulaq asır: “Rəisi çağırmasanız, Müdafiə Nazirliyinə gedib orada hay-küy salacağam. Buraya başqa şəhərdən gəldim, 20 minə bilet aldım! Niyə? Sizin səfərbərliyinizlə mənim də işim var, niyə burada məni incidirsiz?" 15 dəqiqəlik qarşılıqlı təhdid və təhqirlərdən sonra xanım məlumat pəncərəsindən istədiyi kabinetə istiqamət alır. Orada ona deyirlər ki, sənədlər üçün saat 17.00-da qayıtsın, halbuki həmin vaxt hərbi komissarlıq artıq vətəndaşlar üçün bağlanmalı idi.

Bütün izdihamda yalnız bir nəfər könüllü sayıldı. Təxminən 30-a yaxın yaşı olan hündür bir kişi içəri girir, qışqırır: “Mən könüllüyəm, hara getməliyəm?” Dərhal hərbi komissarlığın əməkdaşı ilə qol-qola dəhlizdə hardasa yoxa çıxdılar. Növbədəkilər onu ifadəli baxışlarla və mənalı sükutla müşayiət etdilər.

Hərbi komissarlığın binasının yaxınlığında, spirtli içki dükanının yanında bir qrup adam dairəvi şəkildə toplaşıb. Yerdə bir şüşə konyak, bir şüşə kola, kolbasa dilimləri və bulka var. Onlar sakitcə süzüb içir, müxbirlərlə danışmaqdan imtina edərək, reklama ehtiyac duymadıqlarını ifadə edirlər.

Bir kişi isə parkdakı skamyada oturub, bir qadın onun skamyasının ətrafında irəli-geri gəzir, bir saniyə oturur, yenidən ayağa qalxır və əsəbi şəkildə yeriməyə davam edir. Hər ikisi 40 yaşlarında görünür.

"Oğlumuzu bura çağırmışdılar. Gizlənmək, qaçmaq mənasızdır”, - ana deyir.

Bir qadının əlində isə sənədləri olan əzilmiş dosye titrəyir. Tezliklə oğulları binandan çıxır, adı Fəriddir, 24 yaşındadır, 20 yaşında hərbi xidməti başa vurub. Qərar gəlib ki, səfərbərliyə çağırılmazdan əvvəl müqavilə ilə özü orduya getsin. Fəridin hamilə həyat yoldaşı da yanındadır, uşağının bir aya doğulacağını deyir. Xanım etiraf edir ki, Fəridi dəfələrlə xidmətə getməkdən çəkindirib, amma xeyri olmayıb. Bütün ailə Fəriddən qorxur, amma ordudan yayınmanın məsuliyyətini anlamırlar. Gələcək əsgərin özü də narahatdır, amma çıxış yolu görmür: “Qorxuludur, əlbəttə qorxuludur, amma başqa seçim yoxdur. Getmək lazımdır. Başqa variant yoxdur, məncə".

Bazar ertəsi səhər onlarla insan Moskva prospektində Sankt-Peterburq hərbi komissarlığının yaxınlığında toplaşıb.

Hərbi komissarlığın yaxınlığında jammerlər yerləşdirilib və binanı təkcə Milli Qvardiya deyil, həm də polis və hərbçilər qoruyur.

Subaylar qrup halında toplaşıb hissə-hissə necə sərxoş olacaqlarını müzakirə edərkən, cütlüklər divara söykənərək qucaqlaşırlar.

"Mən yaxşıyam, çağırış kateqoriyam birinci deyil, ərazi müdafiəsində olacam, amma bizi Stalinqrada göndərirlər. Ümumiyyətlə, istirahətə gedirik ki, işdən dincələk", - saçları keçəl qırxılmış çağırışçı deyir.

Yan tərəfdə hərbi geyimli bir oğlan ağlayan qızı sakitləşdirir. Onun birinci çağırış kateqoriyası var. Dediyinə görə, o müharibəni dəstəkləmir, lakin çağırış vərəqəsini birbaşa onun əlinə veriblər. Onun qaçmaq imkanı olmayıb, səmimi şəkildə ümid edir ki, insanları öldürmək və sonradan peşman olacağı şeylər etmək məcburiyyətində qalmayacaq.

Vasileostrovski rayonunun hərbi komissarlığının yaxınlığındakı həyətlərdə çağırışçıları nahardan sonra yola salırlar. Yas tutanlar Sankt-Peterburq meydanına toplaşıblar, səhər saat 7-dən içirlər.

İzdiham arasında bir nəfər müxbirə deyr ki, on nəfərə yaxın adam 32 yaşlı “keçəl yoldaşını” yola salmağa gəliblər. O, ötən həftə çağırış vərəqəsi alıb, qaçmamaq qərarına gəlib və hərbi komissarlığa gəlib. "Bəs necə? Sonra tapıb 10 il verəcəklər..."  /AzPolitika.info/

AZİNFORM.AZ





up