Onu daha çox qeyri-adi geyimləri, fərqli ifa tərzi, bəstələri ilə tanımışıq.
AZİNFORM.AZ lent.az-ın müsahibi bəstəkar-müğənni son dövrlərdə yazdığı şerləri ilə müzakirə olunan əməkdar artist Elza Seyidcahandır. Onunla müsahibəmizdə bir çox məqamlara toxunduq. Yazdığı şeirlərdən, ona cadu olunmasından və dəli adlandıranlardan tutmuş yenidən ailə qurmaq sevdasına qədər.
– Bəstəkar kimi tanındınız və bəstələrinizi Azərbaycanın bir çox tanınmış müğənniləri oxudu. Müğənni kimi də öz bəstələrinizi ifa etmisiniz. Amma yaradıcı işiniz yox, açıqlamalarınız və geyim tərziniz daha çox müzakirə olunur…
– Mənim sənətimi hər adam anlaya bilməz. Anlamaq istəyən, ən azı Elza qədər düşünməlidir. Keçmişə nəzər salsaq, görərik ki, Azərbaycanın görkəmli sənətkarları Qara Qarayev, Tofiq Quliyevi də incidiblər. Mirzə Babayev kimi sənətkar səhnədə olan zaman başına pomidor atıblar.
Elə bilirsiniz ki, Rəşid Behbudovu, Şövkət Ələkbərovanı başa düşüblər? Yox. Şəxsən mən uşaq vaxtı onları başa düşmürdüm. Heç qulaq da asmırdım. Hətta o vaxtlar ailə üzvlərim Vaqif Mustafazadəyə qulaq asırdılar, mən deyirdim ki, “Bu nədir ki, qulaq asırsınız?” İllər keçdikdən sonra mən Vaqif Mustafazadəni anlaya bildim.
İndiki gənclər də Elzanı başa düşmürlər. Zaman keçəcək, məni anlayacaqlar. İndi məni başa düşməməklərini anlayıram. Çünki onların böyük beyinləri olmalıdır ki, məni də anlasınlar.
– Şerləriniz sosial şəbəkədə məsxərə mövzusudur.
– Bilirsiniz, mənim şerimi də hər adam anlaya bilməz. Şeirlərimdə bir məna var. Amma el dilində belə bir deyim var ki, “hər kəs öz arşınına görə ölçər”. Yəni hər kəs öz başa düşdüyü kimi anlayır. Məncə bu da bir uğurdur ki, yazdığım şeirdə mən təsəvvür etdiyim anlamı yox, başqa bir mövzunu düşünürlər. Amma gün gələcək, həmin şeirlərdə mən yazdığım anlamı tapacaqlar. Bir çoxları elə bilir ki, Elza nə gəldi yazır. Amma nə gəldi yazsam, insanlar nəsə müzakirə etməzlər.
Məsələn, dünya ulduzu Ledi Qaqa səhnəyə çılpaq çıxdı, arxasını da tamaşaçılar tərəfə tutdu. Daha sonra üzünü də çevirdi, ağzında da “sosqa” var idi. Sonra onu elə səhnədə də geyindirdilər. Bax, mən onun bu addımını anladım. Hər kəs bunu anlaya bilməz.
Ledi Qaqa ağzında da “sosqa” lüt səhnəyə çıxmaqla demək istəyirdi ki, o, hələ uşaqdır. Onu geyindirirlər. Amma çoxları yazdı ki, o, səhnəyə lüt çıxdı. Fikirlər müxtəlifdir. Onun başı xarab deyil ki, səhnəyə lüt çıxsın?
– Maraqlıdır, Elza Seyidcahan da Ledi Qaqanın atdığı addımı atardımı? Səhnəyə lüt çıxardınızmı?
– Ledi Qaqa hər zaman mənim addımlarımı təkrarlayıb.
Amma rejissor mənə desə ki, səhnəyə lüt çıx, çıxaram. Niyə də yox.
Amma bir şərtlə rejissorun etdiyi o təklifin altında bir məqsəd, məna, fəlsəfi fikir olmalıdır. Əgər olsa, səhnəyə lüt çıxaram. Boş-boşuna səhnəyə lüt çıxmaram.
Mən ağıllıyam. Bəzi müğənnilər kimi ağılsızcasına soyunub, səhnəyə çıxmıram. Lazım gəlsə, rejissor desə ki, bu addımın bu gün qarşılanmayacaq, amma sabah qəbul olunacaq, səhnəyə lüt çıx, düşünmədən edəcəm.
– Bəs Elza Seyidcahan cəmiyyətin tənqidlərindən qorxmur?
– Yox, qətiyyən. Dünya ulduzları, Biyons, Şakira da oxuyub. İndi baxıb, deyirlər ki, Biyonslar tərbiyəsizdir. Yox, onlar tərbiyəsiz deyillər. Anlamırlar ki, onlar səhnədə rol, obraz göstərirlər. Amma Azərbaycanda o qədər müğənni var ki, Biyons olmaq istəyir, amma ola bilmir.
– Şeiri necə yazırsınız? Yazdığınız şerləri daha çox gecələr, yoxsa gündüzlər qələmə alırsınız?
– Günün istənilən vaxtı yaza bilərəm. Ölümün vaxtını bilmədiyimiz kimi, şer yazmağın da vaxtı bilinmir. İlhamım nə vaxt gəldisə, yazıram. Heç dünyaya gəldiyim günü bilirdim ki? Şeirlər qəflətən gəlirlər, məni salırlar bəlaya. Camaatda düşür üstümə. (gülür)
– Özünüz də bilirsiniz ki, sizi tənqid edənlər çoxdur. Sosial şəbəkədə barənizdə çox şərhlər yazırlar. Heç olubmu ki, hansısa tənqiddən özünüzə qapılmısınız?
– Heç vaxt heç bir tənqiddən pis olub, özümə qapılmamışam. Çünki nə etdiyimi bilən adamam. Ağzıma gələni etsəydim, özümə qapılardım. Daim düşünüb, addımlar atmışam. Siz nə bilirsiniz ki, məni tərifləyənlər yoxdur? Sosial şəbəkədə məni tənqid edənlərin əksəriyyəti bəzi saytlarda çalışan insanlardır.
Çünki mənə neçə-neçə insanlar zəng vururlar ki, “Ay Elza xanım, mən sizin barənizdə yaxşı şərh yazdım, amma onu sayta buraxmadılar”. Hətta bir ara oğlum o neqativ şərhləri oxuyub, pis olurdu. Deyirdi ki, “ana pis oluram”.
Mən də deyirəm ki, siz o şərhləri oxumayın, açın Obamanın səhifəsini, görün ona da nə qədər tənqidi, hətta təhqiredici şərhlər yazıblar.
– Bir çoxları sizə dəli deyir…
– Bilirsiniz, kimə dəli deməyiblər ki? İndi deyəcəm, deyəcəklər ki, özünü dahilərlə eyni siyahıda müqayisə edir.
Hansı yadda qalan dahilərə dəli deməyiblər? Hər bir dahidə bir balaca dəlilik olur. Özümü dahilər arasına salmıram. Siz mənə sual verirsiniz, mən də deməyəcəm ki, “mən dəliyəm”.
– Barənizdə çox şayiələr yayılmışdı…
– Haqqımda o qədər lazımsız məlumatlar, hətta şərlər yazanlar olub. Hətta yazmışdılar ki, o vaxtı Elzanı qudası toyda döyüb. Bu, ağ yalan idi. Mənə şər yaxan insanları məhkəməyə verə bilərəm. Hətta mən “Ağ yalanlar” adlı mahnı da yazmışam. Mən ilanlardan yox, ağ yalanlardan qorxuram.
Mən Elza olaraq dərk etmişəm ki, dünya şöhrətli insanlara hər zaman şər yaxıblar, yaxacaqlar da. Hətta illər öncə iki uşağımla birgə tədbirə getmişdim, ölməz bəstəkarımız Şəfiqə Axundova da orda idi. Mənə baxıb dedi: “Sənə baxıram, kənardan özünü o qədər xoşbəxt aparırsan, amma sən bilmirsən ki, elə çətin sənətdəsən. Gözəlsən, sənə o qədər şər, ləkə atacaqlar ki… Özünü qoru.
Sənə bir məsləhətim var. Onlara heç bir zaman sözlə cavab vermə, yalnız işlərinlə, sənətinlə cavab ver”. Birdə onu deyim ki, barəmdə pis danışanları vermişəm Allahın məhkəməsinə. Allah onların cəzasını gec, tez verəcək.
– Elza Seyidcahan vergili insandır?
– Hər bir insan vergilidir. Sadəcə ağıllı bir adam, o vergini püxtələşdirməlidir. Məsələn, vergini batil eləmək olmaz. İnsanlar var ki, vergiləri var, amma şeytanı salırlar qəlblərinə. Şeytan istedadsızların qəlbinə girməz.
Elə bilirsiniz ki, şeytan mənə hücum eləmir? O qədər hücum edir ki… Mən şeytanı yaxın qoymuram. Heç onu söymürəm. Çünki o da Allahın mələyidir. Şeytan da mənə toxunmur. Bilir ki, imanı düzgün adamam. Evimin hər yerində Quran var.
– Caduya inanırsınız?
– Mənə dua eləyiblər. Adamlar var deyir ki, “Mən caduya inanmıram, heç baxdırmıram”. Mən yalan deyə bilmərəm. İnanıram. Göz, nəfs var.
– Artıq oğlunuz da ailə qurub, qızınız da nişanlıdır. Yayda toy edəcəksiniz. Bəs Elza Seyidcahan qadın kimi tək qalacaq?
– İnanırsınız, mənim boş vaxtım olmur. Daim iş başındayam. Mən qadın kimi xoşbəxtəm. Uşaqlarımın atasından ayrılsam da, bilirəm ki, yenə məni dəlicəsinə sevir. Allah onu da ailəsi ilə xoşbəxt eləsin. Sadəcə, Allah onu məndən alıb ki, sənətimlə məşğul olum.
Sevmək də gözəl hissdir. Deyirlər ki, sevən yox, sevilən xoşbəxtdir. Bu fikirlə razı deyiləm. Bədbəxt o adamdır ki, sevə bilmir. Mənim ürəyimin dərinliyində sevgi var. Məni təmənnasız sevənlər var. Hətta elələri var ki, deyirlər “Yetər ki, sən icazə ver, səni sevim”. Mən də icazə verirəm.
– Bu illər ərzində evlilik təklifləri almısınız?
– Hə, o qədər olub… İndi də var. Amma ailə qurmaq istəmirəm.
– Belə bir deyim var: “Heç vaxt, heç vaxt demə”. Birdən elə bir təklif olsa, sizi qane etsə, yenidən ailə qurmaq istəyərsiniz?
– Mən heç vaxt, heç vaxt demirəm. Ola bilər. Ola bilər ki, qarşıma elə bir insan çıxsın. Yəqin ki, qarşıma yaxşı biri çıxsa, övladlarım və yaxınlarım məni qınamaz. Övladlarım da razı olar, görərlər ki, məsləhətli bir şeydir, razı olarlar.
Amma hələ ki, yenidən ailə qurmaq barədə düşünmürəm. Hələ ağlıma da gəlmir. İndi hamı yazacaq ki, “Elza ərə gedir”. Yaponların bir deyimi var: “Allahı güldürmək istəyirsənsə, gələcək planlarından danış”. Heç bir zaman plan qurmamışam.