Qrenlandiya buzlaqlarındakı SİRLİ HALQA - VİDEO
13-10-2023, 00:20

3 avqust 2023-cü ildə Landsat 9 peyki tərəfindən çəkilmiş bu fotoşəkili araşdıran elm adamları Qrenlandiyadakı fyordlardan birində bir-birinə qarışmış iki qövs formalı struktur gördülər. Bu strukturların niyə əmələ gəldiyi dəqiq məlum deyil.

Arktika regionunda buzlaqların əhatə etdiyi ərazi mart-sentyabr ayları arasında tədricən kiçilir. Alimlər qütb buzlaqlarında mövsümi dəyişiklikləri izləyirlər, çünki onlar qlobal iqlimə əhəmiyyətli təsir göstərir. Bu məqsədlə peyklərin çəkdiyi şəkillərdən istifadə olunur.

AZİNFORM.AZ bildirir ki, Landsat 9 peyki tərəfindən 2023-cü il avqustun 3-də çəkilən fotoda Qrenlandiyanın qərbində yerləşən fyordlardan birində halqavari quruluş diqqət çəkib. Halqavari struktur Kəngiləq buzlaqının sonundan dənizə doğru 2,6 kilometr uzanıb. Fotodakı digər maraqlı detal isə buzlaqın dənizlə qovuşduğu yerdə yerləşən ikinci, daha kiçik halqavari struktur olub.

Bu strukturların necə əmələ gəldiyi dəqiq məlum deyil. Mümkün izahat belədir: Kəngilək buzlaqından qopan aysberqin yaratdığı dalğalar bu halqavari quruluşun yaranmasına səbəb ola bilər.

Yay aylarında buzlaqların əriməsi nəticəsində yaranan şirin su buzlaqın altından okeana doğru axır. Buraxılan şirin suyun sıxlığı duzlu okean sularından daha azdır. Buna görə də ərimə nəticəsində əmələ gələn şirin su buzlaqın okeanla qovuşduğu səthə doğru hərəkət edir. Bu vaxt şirin su daha sıx və isti okean suyu ilə əvəz olunur və buzlaqları dibdən əritməyə başlayır. Nəhayət, buzlaq parçalanır və aysberq əmələ gəlir.Kanadanın Kalqari Universitetində geomorfologiya sahəsində çalışan Dr. Dan Şuqar bildirir ki, peyk fotoşəkillərində görünən halqa forması aysberqin ayrılmasından qaynaqlanırsa, buzlaqın ucunda əhəmiyyətli dərəcədə forma dəyişikliyi baş verməlidir. Lakin 2 və 3 avqust tarixlərində çəkilmiş şəkilləri müqayisə etdikdə, formada nəzərəçarpacaq dəyişiklik müşahidə olunmur.

AZİNFORM.AZ





up