Elxan Səmədov PFL-dəki struktur dəyişiklikləri və Azərbaycan futbolunun vəziyyəti haqqında
3-09-2022, 15:52

Təxminən bir ay əvvəl Azərbaycan Peşəkar Futbol Liqasında (PFL) böyük dəyişikliklər oldu.

Ramin Musayev postunu tərk etdi, Elxan Səmədov isə PFL-in yeni prezidenti seçildi.

Son bir ayda PFL-də əsaslı struktur dəyişiklikləri baş verdi, yeni vəzifələr, yeni simalar peyda oldu. Struktur əsl arzular komandasını bir araya gətirdi.

1news.az olaraq Elxan Səmədovla görüşüb PFL-də struktur dəyişiklikləri, qarşıdakı planlar və Azərbaycan futbolunun durumu haqda danışmaq qərarına gəldik.

- PFL-də aktiv struktur dəyişiklikləri gedir. Yeni vəzifələr təsis edilib, təyinatlar baş tutub. Bu dəyişikliklər haqqında məlumat verərdiniz. Yeni vəzifələrin yaradılması qərarı niyə verildi?

- Deyə bilmərəm ki, əməkdaşlarımızın sayı çox artıb. Əsasən daxili resurslardan istifadə edirik. Bir müddət struktur üzərində işlədik, vəzifə öhdəliklərinə baxdıq. Bəzi departamentlərdə şöbələrin sayını artırmışıq. Xoşbəxtlikdən əməkdaşlarımızın hamısı peşəkardır. Məqsədlərimizə çatmaq üçün yaxşı komanda toplamışıq.

Vitse-prezident və icraçı direktor vəzifəsi yaradılıb. Bu vəzifəlr səbəbsiz yerə yaradılmayıb. Bizdə ştatda baş direktor vəzifəsi var idi, amma olması lazım olan vəzifə öhdəliklərini əhatə etmirdi. Bununla əlaqədar biz icraçı direktor vəzifəsini yaratmaq qərarına gəldik.

Bizim strukturumuzda vitse-prezident vəzifəsi var idi, sadəcə olaraq vakansiya yox idi. Bu yeni bir şey deyil. Hesab edirəm ki, ancaq prezident rəhbərlik etməməlidir. Aslan Şahgəldiyevi çoxdan tanıyırsınız. O, 13 ildir ki, Peşəkar Futbol Liqasında işləyir. Onun klub təcrübəsi də var. O, mənimlə departamentlər arasında əlaqələndirici şəxs olacaq.

Texniki idman şöbəsinə Elgiz Abbasov rəhbərlik edirdi. Onun texniki və idman direktoru təyin olunması onun səlahiyyətlərinin əhatə dairəsini genişləndirib və üzərinə məsuliyyət əlavə edib. Bununla yanaşı, həmin departamentdə Misli Premyer Liqası və I Divizion üçün ayrıca koordinatorlar olacaq. Digər əməkdaş isə beynəlxalq əlaqələrə nəzarət edəcək. O, Avropanın peşəkar liqaları ilə əlaqələr quracaq.

Bundan başqa, tanınmış hüquqşünas Fərid Haqverdiyev də əməkdaşımız olacaq. Marketinq və media ilə əlaqələr şöbələrini birləşdirərək Media və Marketinq Departamentini yaratdıq. Departamentin direktoru vəzifəsinə isə tanınmış jurnalist Sənan Abdullayev təyin edildi.

Zaur Hacı-Məhərrəmov yeni icraçı direktor vəzifəsinə təyin edilib. Zaur Hacı-Məhərrəmovu çoxdan tanıyıram. 2009-cu ildə onu AFFA-ya işə dəvət etmişdim. O, UEFA nümayəndəsi kimi Avrokubok oyunlarına təyinatlar alır. Bildiyiniz kimi, artıq yerli çempionatın oyunlarına AFFA nümayəndələrinin təyin olunması ilə PFL məşğul olur. Ümid edirik ki, Hacı-Məhərrəmov öz Avropa təcrübəsini bizimlə bölüşəcək. Bütün səylərimiz AFFA nümayəndələrinin işini yaxşılaşdırmaq üçün edilir.

Hesab edirəm ki, struktur dəyişikliklərini 90% başa çatdırmışıq. Bəlkə bəzi dəyişikliklər olacaq, amma onurğa artıq yığılıb.

- Bir aya yaxındır ki, PFL-ə rəhbərlik edirsiniz. PFL yenidən yaradılan mexanizmdir, yoxsa hazır strukturdur?

- Mən boş yerə gəlməmişəm. Görülən işlərə görə bir daha Ramin Musayevə təşəkkür etmək istəyirəm. Çox işlər görülüb. Amma yeni insan gələndə müəyyən şeyləri dəyişir. Yeni görünüş, yeni baxış. Elə şeylər var ki, onları dəyişmək və təkmilləşdirmək istəyirik.

Bir sıra inzibati dəyişikliklər var. Çempionatı götürsək, Birinci Diviziona dəyişikliklər etməyi, dublikat komandaları və digər klubları ayırmağı planlaşdırırıq. Hesab edirəm ki, bu, o qədər də düzgün qərar deyildi.

- Birinci divizion Azərbaycan futbolunun ağrılı mövzusudur. Çempionatın səviyyəsi həvəskar səviyyədən çox da fərqlənmir. Vəziyyəti necə və hansı vasitələrlə dəyişmək olar?

- Əsas məqsədimiz I Divizionun səviyyəsini yüksəltməkdir. I divizion iştirakçıları müəyyən meyarlara cavab verməlidirlər. Mən hətta I Divizionun iştirakçıları üçün kriteriyaların Premyer Liqa iştirakçılarına aid olan kriteriyalarla eyni olmasının tərəfdarıyam.

Biz buna nail olsaq və bu tələbləri həyata keçirsək, o zaman Birinci Divizionun səviyyəsi avtomatik yüksələcək.

- Ancaq hər şey maliyyə ilə bağlıdır.

- Dubl və digər komandaları ayırsaq, düşünürəm ki, növbəti mövsümdən Birinci Divizionda klubların sayı ona yüksələ bilər. Bununla bağlı müəyyən işlərimiz var. Bir-birimizlə əlaqə saxlayırıq, məsələni öyrənirik. Biz bu qərarın müsbət və mənfi tərəflərinin nə olacağını əvvəlcədən görməyə çalışırıq. Mənfi təsirlərdən qaçınmaq lazımdır.

- Birinci Divizion klubları belə yüksək kriteriyalara cavab verə biləcəkmi?

- Söhbət futbolun peşəkarlığından gedirsə, o zaman müvafiq tələblər qoymalıyıq. Oynamaq istəyən hər kəs bu tələblərə cavab verməlidir. Yalnız orada futbolun səviyyəsini yüksəldə biləcəyik.

- Azərbaycan Premyer Liqasının yeni sponsoru var. Sponsor PFL, klublar və ümumilikdə Azərbaycan futbolu üçün hansı imkanları açır?

- “Misli”nin sponsorluğu ondan ibarətdir ki, çempionatın keçirilməsinə kömək etsin.

PFL-in büdcəsi əvvəllər AFFA-dan gələn pullar hesabına formalaşırdı. İndi faktiki olaraq bu funksiyalar sponsora verilib. Yəni sponsor gələndən sonra da əlavə pulumuz olmadı. Maliyyə baxımından nəyinsə dəyişdiyini deyə bilmərəm.

Sponsorluq pulu ilə bağlı biz hazırda mediaya necə kömək edə biləcəyimizi müzakirə edirik. Sentyabrın sonuna qədər hazır olmalı olan proqram üzərində işləyirik. Onu yekunlaşdırdıqdan sonra proqramı elan edəcəyik.

Klublara vəd edilən pullara gəlincə, burada söhbət SOCAR-ın yardımından gedir. Düşünürəm ki, bu məsələ həllini tapıb və bu pullar klubların hesabına köçürüləcək. Amma bu pullar sadəcə olaraq klublara istədikləri kimi xərcləmək üçün verilmir. Bu pul hesabına klublar infrastrukturu, eyni zamanda uşaq və qadın futbolunu inkişaf etdirməlidirlər. Müəyyən məcburi meyarlar var.

Müşahidə Komissiyası bu prosesə nəzarət edəcək. İşin özü isə PFL tərəfindən yoxlanılacaq. Klublar infrastruktura və uşaq futboluna ayrılan vəsaiti əsas komandaya xərcləyə bilməyəcək. Büdcə kateqoriyalara bölünəcək və təyinatı üzrə xərclənəcək.

- Artıq klubların nümayəndələri ilə görüşlər keçirməyə başlamısınız. Bu görüşlər haqqında bizə məlumat verərdiniz. Artıq kimlərlə görüşmüsünüz? Klubların PFL-dən gözləntiləri nələrdir?

- Hesab edirəm ki, bu görüşlər hər iki tərəf üçün faydalıdır. “Qəbələ” və “Araz Naxçıvan”ın rəhbərliyi ilə görüşə bildik. Biz klubları ayırmırıq. Premyer Liqa və Birinci Divizion klubları bizim üçün eyni dərəcədə önəmlidir. Hamı ilə görüşəcəyik. Onlara PFL-dən gözləntiləri ilə bağlı suallar veririk. Biz də onların planlarını müzakirə edirik, infrastrukturla tanış oluruq. Bu faydalı məlumat mübadiləsidir.

Əsas vəzifə çempionatınun ədalətli keçməsi və hamının razı qalmasıdır. Bu həm bizim, həm də klubların əsas məqsədidir. Klublardan heç bir şikayət eşitməmişəm.

- İnfrastrukturdan, klublardan söz düşmüşkən, indi ən ağrılı məqam Gəncədə matç keçirə bilməyən “Kəpəz” məsələsidir. Komandanın doğma divarlar arasında oynaya biləcəyinə ümid varmı?

- Futbol meydançası orada matçların keçirilməsinə imkan verir. Problem tribunalardadır. Əsasnaməyə görə, stadionda ən azı 1300 yer olmalıdır. Təəssüf ki, Fövqəladə Hallar Nazirliyi tribunaları yoxladı və orada matçların keçirilməsinə qadağa qoydu. Bu təhlükəsizlik baxımından təhlükəlidir. Orada təmir aparılmasa, “Kəpəz”in öz meydanında oynamasına imkan verə bilməyəcəyik.

- PFL-in əsas funksiyası ölkə çempionatının təşkilidir. Sizin gəlişinizdən sonra yeni səlahiyyətlər və funksiyalar əlavə olunubmu?

- Nümayəndələrlə iş bizə keçdi. Hakimlər Komitəsinin PFL-ə verilməsi məsələsi də müzakirə olunur. Amma buna AFFA rəhbərliyi qərar verəcək. İstənilən halda hakimlərlə sıx əlaqə saxlayırıq, onların işini yoxlayırıq. Mən onlara rəsmi səviyyədə nəzarət etmək istərdim.

- VAR bu mövsüm Premyer Liqada əsas yenilikdir. 2021-ci ildən AFFA-da VAR departamentinin rəhbərisiniz. Amma artıq komandalardan iradlar var. Xüsusən də “Zirə” – “Sumqayıt” matçında Rəşad Sadıxovla bağlı qalmaqal. “Qəbələ” isə 4-cü turda onların fikrincə, penalti təyin etmək lazım gəldikdə Əliyar Ağayevin təkrarı özü izləməmək qərarına gəlməsindən narazı qaldı. Çempionatda VAR-ın işini necə dəyərləndirmək olar. Ciddi şikayətlər varmı?

- Mənə elə gəlir ki, VAR futbolumuz üçün müsbət bir haldır. Problemlərin 90%-i VAR vasitəsilə həll edilir. Heç bir ciddi şikayət eşitmədik. “Zirə” – “Sumqayıt” matçında baş verən insidentə gəlincə, “CBC Sport”da verilişi buna həsr etmişdik. Epizodun 6 dəqiqə təhlil olunmasına gəlincə, düzdü, futbolçular hakimə çox müdaxilə etdilər. Altı dəqiqənin iki dəqiqəsində hakim VAR otağından hakimi eşitmədi. Biz hər şeyi göstərmişik. Düşünürəm ki, belə çətin epizod üçün 4 dəqiqə vaxt sərf etmək normaldır. “Qəbələ” – “Sabah” matçındakı epizoda gəlincə, hətta PFL-də bunu müzakirə edəndə də əməkdaşlarımız arasında fikir ayrılığı yaranıb. Bəziləri deyir ki, hakim penalti verməli idi, bəziləri isə yox deyir. Şəxsən mən bu epizodu öyrənmişəm. Problem epizodun düzgün bucaqdan çəkilməməsi səbəbindən yaranıb.

- Görüntünün keyfiyyəti ilə bağlı çoxlu suallar var. Bütün mübahisəli epizodlarda nə baş verənləri ayırd etmək mümkün olmur.

- Oyunlar zamanı altı kameradan istifadə edirik. Dünən CBC Sport ilə görüşümüz oldu və daha bir kamera əlavə etmək qərarına gəldik. Uzaqdan çəkiliş nəticəsində görüntünün keyfiyyəti itir. Əlavə kamera bu problemi həll etməlidir.

Səhvlər olacaq, əlbəttə. Hər şeyin rəvan getməsi mümkün deyil, amma ictimaiyyət başa düşməlidir ki, bu səhvlər qəsdən deyil. Bu, insan faktorudur. Bu, bütün dünyada baş verir. VAR artıq dörd ildir ki, top çempionatlarda tətbiq edilir, lakin hər turda hansısa suallar olur.

- PFL-in rəhbəri kimi bu mövsüm Azərbaycanın klub futbolunda hansısa müsbət irəliləyiş görürsünüz?

- Düşünürəm ki, çempionat çox maraqlı başladı. İddialı klubların sayı artıb. Bizi maraqlı çempionat gözləyir. Bizim vəzifəmiz çempionatın ədalətli şəkildə keçməsini təmin etməkdir.

AZİNFORM.AZ





up