Aslan Kərimov: "Kadinin yoxluğu elə də ciddi itki sayılmır"
29-07-2022, 17:07

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III  təsnifat mərhələsindəki rəqibi Macarıstan təmsilçisi "Ferentsvaroş" klubudur.

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov AZİNFORM.AZ-a açıqlamasında "köhlən atlar"ın rəqibini dəyərləndirib:


"Sürix"lə cavab oyunu onu göstərdi ki, uşaqlar fiziki baxımdan artıq "çatdırmır". Bu yay keçirdiyi dörd avrokubok oyununda "Qarabağ" yüksək performans göstərdi və belədə, futbolçuların yorulması təbiidir. Bu qədər güc itkisindən sonra "Ferentsvaroş"la oyuna köklənmək asan olmayacaq. Üstəlik, itkiləri də nəzərə almalıyıq. Aparıcı oyunçuların olmaması da "köhlən atlar"ın işini çətinləşdirə bilər. Bundan əvvəl "Qarabağ"ın "Sürix"i keçəcəyini demişdim. Düzdür, bu futboldur, hər şey ola bilər. Biz isə münəccim deyilik. Amma Qurban Qurbanovun yetirmələri hər iki rəqibi keçməkdə çətinlik çəkməmişdi. Obyektivliyə qalsa, "Ferentsvaroş"la bağlı bunu deyə bilməyəcəyəm. Mənim fikrimcə, hər şey 50-nin 50-yədir. "Ferentsvaroş" güclü hücum xəttinə malikdir. "Slovan" kimi komandaya asanlıqla qol vura bilirdilər. Amma bunlara baxmayaraq, düşünürəm ki, "Qarabağ"ın hücum xətti rəqibinin müdafiəsini yarmağa imkan verir. macarıstan çempionunun heyətinə baxsaq, Çempionlar Liqasına layiq müdafiə xəttinin olmamasını müşahidə edə bilərik. "Slovan"la ilk oyunu götürsək, görərik ki, onlara qol vuran futbolçular elə də güclü ustalıq səviyyəsinə malik olan oyunçular deyildi.

Bir daha "Sürixlə" oyuna qayıdacağam... Həmin matçda onu da müşahidə etdik ki, yaranan vəziyyətlərin heç də hər birindən yararlana bilmirik. Növbəti qarşılaşmaya hazırlaşanda bu məqamı nəzərə almalıyıq. "Ferentsvaroş"la oyunda həm "Qarabağ"ın, həm də rəqibin üstün cəhətləri hücum xəttidir. 

Əlbəttə, cəzalı duruma düşən Kadinin olmaması arzuolunmazdır. Amma nəzərə alsaq ki, onu əvəz edə biləcək futbolçumuz var, deməli, Kadinin yoxluğu elə də ciddi itki sayılmır. Söhbət Filip Ozobiçdən gedir. Bəli, onlar fərqli keyfiyyətlərə sahib futbolçulardır. Məsələn, Kadinin ardıcıl uzaqdan zərbələri var. Belə bir futbolçunun ən yaxşı formada olduğu halda, oynamaması üzücü reallıqdır. Ancaq Ozobiçin də başqa özəllikləri var - daha tez əks-hücumlara çıxa bilir, hücumların təşkilində daha iti oynayır. Ən azı Kadi kimi, onun da qol duyumu var. 

İtkilərdən biri də Medinadır. Onun yoxluğunu Bədavi Hüseynov hiss etdirməməli olacaq. Bədavi uzun müddətdir ki, yaşıl meydanlardan kənardadır. Amma "Sürix"lə oyunda ikili mübarizələrdə yaxşı təsir bağışladığına şahidlik etdik. Mərkəz müdafiəçisi həm də münəccim rolunu oynayır. Hadisələri qabaqlamalı, oyunu oxumalıdır. Bədavi "Ferentsvaroş"la görüşlərdə bunları edə biləcək, ya yox, zaman göstərəcək. Hüseynov üçün bəlli bir zaman lazımdır ki, əvvəlki formasını bərpa etsin. Rəqibin hücumçuları fiziki baxımdan cüssəlidir. Odur ki, müdafiəçilərimiz bu komanda ilə matçlara xüsusi hazırlaşmalıdır". 

Xatırladaq ki, "Qarabağ" - "Ferentsvaroş" oyunu avqustun 3-ü saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. /fanat.az/





up