“Qurban Qurbanova deyirəm ki, onları AĞLAMAĞA qoyma” - VİDEO
13-07-2022, 11:05

Xəbər verdiyimiz kimi dünən Azərbaycanın son çempionu “Qarabağ” Çempionlar Liqasının ilk təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə cavab oyununa çıxıb və rəqibi 5:1 hesabı ilə darmadağın edərək növbəti mərhələyə vəsiqə qazanıb.

AZİNFORM.AZ xəbər verir ki, oyundan sonrakı mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov yuxusunu jurnalistlərə danışıb. O, yuxuda millət vəkili Aqil Abbası gördüyünü dilə gətirib.

Uşaqlıqdan “Qarabağ” azarkeşi olan qarabağlı millət vəkili Aqil Abbas Qurban Qurbanovun yuxusu barədə Yenisabah.az-a münasibət bildirib. Deputat açıqlamasında öncə “Qarabağ” klubu ilə bağlı təəssüratlarını bölüşüb:

“O komanda Ağdam şəhərini tərk edəndən bəri mən onlarla bir yerdəyəm. Hər oyundan qabaq da gedib onlarla görüşməyə çalışıram. Hətta Qurban Qurbanov bəzən icazə verir soyunub-geyinmə otağına girirəm, uşaqlara ürək-dirək, xeyir dua verirəm. O komandanı da Qurban Qurbanovu da çox istəyirəm, əminəm ki, Qurban da məni çox istəyir.”

Millət vəkili klub haqqında təəssüratlarını bölüşərkən maraqlı bir məqama da toxunub:

“Qarabağ camaatının ürəyi sınmışdı, ev yox, eşik yox, ata-analarının qəbirləri düşmən tapdağı altında, onları yaşadan elə “Qarabağ” komandasıdı. Qurbanın köhlən atları onların sevgisi nəticəsində qazandı qələbəni. Sizə bir fakt deyim, “Qarabağ” bir ara ev oyunlarını Sumqayıtda oynayırdı. O vaxt Bakıdan 12-13 yaşından tutmuş 17 yaşına qədər 500-dən çox uşaq avtobusdan sallanaraq oyuna gedib dəstək olurdular. Onların mən oyunda ağladıqlarını görmüşəm, sevinclərini görmüşəm. Ona görə də hər dəfə oyun başlamamışdan qabaq Qurban Qurbanova deyirəm ki, onların sizdən başqa heç kimi yoxdu, ataları da , anaları da sizsiniz, onları ağlamağa qoyma.

Sonda Aqil Abbas həmin gecə Qurban Qurbanovu yuxuda gördüyünü dilə gətirərək oyun haqqında öz təəssüratlarını da bizimlə bölüşüb:

“Mən də həmin gecə Qurbanı yuxuda görmüşdüm. Gördüm ki, biz Ağdam, Əskəran, Xocalı istiqamətində yol gedirik. Çox qəribədir ki, təxminən eyni gecə eyni yuxunu görmüşük. Mən də yuxudan durub onlar üçün dua elədim, qələbəmizi Allahdan istədim və Allah duamızı eşitdi ki, rəqibi məğlub elədik. Düzdü, əvvəl dilxor oldum amma sonda qalib gəldik. Gözəl oynadılar, qeyrətlə oynadılar. 90 dəqiqə ərzində rəqibi tapdalayıb keçdilər. Əminəm ki, növbəti rəqib olan “Sürix”-I də tapdalayıb keçəcəklər. Buna əminəm.” /yenisabah.az/





up