“Çörəyin bahalaşması kasıbların vəziyyətini daha da gərginləşdirəcək” - Vahid Əhmədov
20-08-2022, 00:32

Bu gün Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. Bildirilib ki, bu gündən etibarən un və çörək istehsalçıları məhsulların maksimum qiymətlərini belə müəyyənləşdirib:- 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi – 40 manat 70 qəpik;

- 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik;

- 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik;

- 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik.


AZİNFORM.AZ xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vahid Əhmədov qeyd etdi ki, bu gün özəl şirkətlər tərəfindən gətirildiyi üçün və dünya bazarında məhsulun qiyməti artdığına görə onlar da ölkədə həm unun, həm də çörəyin qiymətin qaldırırlar:

“Azərbaycanda bahalaşmanın səbəbi taxılla əlaqədar dünya bazarındakı ciddi problemlərin olmasıdır. Amma burada alternativ bir məsələ də var ki, biz aztəminatlı ailələri, pensiya alanları da fikirləşməliyik. Biz görürük ki, 500, 600 qramlıq olan çörəklərin hamısı elə 500 qram olur. Və unun qiymətinin 70 qəpik olması ciddi artımdır. İnsanların istehlakına çox böyük təsir göstərəcək”.

Deputat söhbətimiz zamanı çörəyin qiymətinin digər ərzaq məhsullarının bahalaşmasına səbəb olacağını da vurğuladı.

“Ümumiyyətlə, unun bahalaşması makaron, vermişel kimi digər məhsullara təsir edəcək. Mən çox istərdim ki, hökumət imkanı varsa, sosial vəziyyəti aşağı olan təbəqəyə kömək etsin. Bu sahəyə baxılmalıdır. Çünki çörək strateji məhsuldur və bütün əhalini əhatə edir. Hamımıza məlumdur ki, əhalinin sosial vəziyyəti gərgindir. Un və çörəyin bahalaşması kasıbların vəziyyətini daha da gərginləşdirəcək.”





up