Gəncədə DƏHŞƏTLİ CİNAYƏT: "kişi həyat yoldaşının gözlərini övladının önündə çıxarıb" - YENİLƏNİB
11-11-2022, 10:00

Noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


02:20

Gəncə şəhərində kişi həyat yoldaşının gözlərini çıxarıb, sonra isə intihar edib. Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.

Axşam saatlarında Üzeyir Hacıbəyli küçəsində yerləşən evlərin birində 1965-ci il təvəllüdlü Səttar Cəlilov həyat yoldaşı - 1982-ci il təvəllüdlü H.Quliyevanın qollarını bağlayıb, daha sonra hər iki gözünü bıçaqla çıxarıb. Bu əməlin ardınca onun özünün ürək nahiyəsinə bir bıçaq zərbəsi vuraraq intihar etdiyi deyilir.

Bütün bunlar isə onların qız övladının gözü qarşısında baş verib.

Ailənin 9-cu sinifdə oxuyan oğlu isə hadisədən bir neçə dəqiqə öncə atası tərəfindən dükana göndərildiyi bildirilir.

Qeyd edək ki, cütlük bir müddət küsülü olub. S.Cəlilov bir müddət öncə cərrahi əməliyyat olunduğundan qadın ona baxmaq üçün yenidən evinə qayıdıbmış.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və olayla bağlı araşdırma aparılır.


00:50

Gəncə şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs isə sonra özünü bıçaqlayaraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində 1982-ci il təvəllüdlü H.Quliyeva gözlərindən bıçaq xəsarəti alıb və ağır halda xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən əri isə sonradan özünü bıçaqlayaraq intihar edib.

Hadisə Gəncə şəhər Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.






up