İyulun 22-si saat 04 radələrində Cəlilabad rayon sakinləri 1992-ci il təvəllüdlü Könül Şahmarova və 1985-ci il təvəllüdlü Ruslan Qarayevin öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Elşən Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qardaşı arvadı Könül Şahmarovanı, daha sonra isə həmin bıçaqla sonuncunun yaşadığı evdə olan Ruslan Qarayevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elşən Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq davam edir.
***11:18
İyulun 22-də saat 4 radələrində Könül Şahmarova və Ruslan Qarayevin qətli ilə bağlı təfərrüat məlum olub.
AZİNFORM.AZ oxu.az-a istinadən xəbər verir ki, onlar intim münasibətdə olan zaman qətlə yetiriliblər.
Uzuntəpə kənd sakini Allahşükür Qarayevin oğlu Ruslan Qarayev gecə 4 radələrində Cəlilabad rayonunun Kirovka qəsəbəsində Könül Şahmarovanın yaşadığı evə gedib və onunla hamamda intim münasibətə girib.
Bu zaman evə gələn K.Şahmarovanın qaynı Elşən Məmmədov baş verənləri görüb və hər iki şəxsi qətlə yetirib.
***09:33
Cəlilabad Rayon Polis Şöbəsinə iyulun 22-də saat 4 radələrində rayon sakini Könül Şahmarovanın yaşadığı evinin həyətində onun və Uzuntəpə kənd sakini Ruslan Qarayevin bıçaqla qətlə yetirilmiş meyitləri tapılması barədə məlumat daxil olub.
AZİNFORM.AZ bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla hadisənin K.Şahmarovanın qaynı, Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.