“Qazaxıstan, Qırğızıstan imkan verməz ki, KTMT qoşunları Azərbaycanda...” - AKTUAL
14-09-2022, 23:01

13 Sentyabrda KTMT-nin iclasında Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib. Videokonfrans formatında olan qapalı tədbir Ermənistanın təklifi ilə keçirilib. 14 sentyabrda isə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirmək və dövlət başçılarına hesabat hazırlamaq üçün baş katib Stanialav Zasın başçılığı ilə təşkilatın missiyasını Ermənistana göndərmək barədə razılığa gəlib. Bu barədə KTMT katibliyi məlumat yayıb.

Bu barədə AZİNFORM.AZ-a danışan analitik Turab Rzayev bildirib ki, hazırda Ermənistan ciddi cəhdlə  KTMT-ni münaqişəyə qatmağa çalışır: 

“Birinci dəfə deyil ki, bu hal baş verir. Bundan öncə də biz oxşar əməllərin şahidi olmuşuq . Ermənistan əksər hallarda Rusiyanı və KTMT-ni münaqişəyə qatmaq niyyətində olsa da, alınmayıb. İndi o yenidən buna cəhd edir. Aydın məsələdir ki, bu, bizim üçün qəbuledilməzdir. Çünki Azərbaycan -Ermənistan münaqişəsi lokal xarakterli bir konfliktdir. Bizim ərazi bütövlüyümüz uğrunda gedən mübarizədir. Burda Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir müddəa olmadığına görə KTMT-nin  hər hansı şəkildə məsələyə müdaxilə etməsi yolverilməzdir. 

Əlbəttə ki, KTMT daxilində Azərbaycana simpatiyası olan Qazaxıstan, Qırğızıstan kimi qardaş türk ölkələri var. Onlar KTMT-nin hansısa qoşun birləşməsinin ərazimizdə yerləşdirilməsinə icazə verməyəcəklər. Belarusdan analoji mövqeni gözləmək olar. Rusiyanın özünün də belə bir hədəfi olmadığı bəlli olur. Burda Ermənistanın bir hədəfi KTMT-dən hərbi yardım almaqdırsa, digər hədəfi Rusiya üzərində təzyiq qurmaqdır. Ermənistan hakimiyyəti öz cəmiyyətinə göstərməyə çalışır ki, rus ordusu Qarabağ müharibəsində də, indi də bizi yanlız buraxdı. Biz KTMT-yə dəfələrlə müraciət etsək də , yardım etmədilər. O zaman rus əsgərləri Ermənistandan çıxmalıdır. 

Sirr deyil ki, Paşinyanın ilk hədəflərindən biri də Qərbə inteqrasiya üçün Ermənistanı rus ordusundan qurtarmaqdır. İndi KTMT-yə müraciət edən Nikol həm də özünün bu hədəfinə doğru addımlayır”.




up